Qara Qarayev "Əsgərə Salam" aksiyasında - VİDEO

26 İyun 2020 23:20 Qarabağ 1 381
Qara Qarayev "Əsgərə Salam" aksiyasında - VİDEO

Sportinfo.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bu ilin əvvəlində başlanmış “Əsgərə salam” hərbi vətənpərvərlik sosial layihəsi 26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində davam etdirilib.

Müxtəlif peşə və yaş kateqoriyasına mənsub bir qrup şəxsin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi mövcud preventiv qaydalara əməl etməklə tədbir keçirilib.

Xalq artisti Mənsum İbrahimov və Nurəddin Mehdixanlı, “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev, ASAN radionun direktoru Emin Musəvi, Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev həkim, yanğınsöndürən, müharibə veteranı, məcburi köçkün qadın və uşaq hərbçilərimizə əlamətdar gün münasibətilə təbriklərini hərbi salamla çatdırıblar.

İndiyədək on minlərlə insanın iştirak etdiyi aksiyanın keçirilməsində məqsəd cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin Ali Baş Komandana etimadını, ordumuzun şəxsi heyətinə dəstəyini nümayiş etdirməkdir.

Aksiyaya qoşulanlar hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşıblar. Silahlı Qüvvələr Günü münasibəti ilə şanlı hərbçilərimizi təbrik etmək istəyənlər hərbi salamlama vəziyyətində çəkdirdikləri şəkillərini həmin həştəqlər ilə sosial şəbəkələrdə paylaşaraq aksiyaya qoşula bilərlər.

Paytaxtdan və bölgələrdən müxtəlif sosial qrupların, o cümlədən müharibə əlilləri və veteranlarının, ayrı-ayrı iş kollektivlərinin böyük həvəslə qoşulduqları aksiya Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradır, cəmiyyətimizi vətənpərvərlik ideyası ətrafında daha sıx birləşdirir.

İnamla deyə bilərik ki, bu ruh yüksəkliyi və birliyimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin qələbəsini təmin edəcək əsas amillərdəndir.

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündən etibarən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə “Əsgərə salam” aksiyasının ikinci mərhələsi keçiriləcək və ayrı-ayrı hərbi hissələrdə xidmətdə olan hərbçilərimiz “Əsgərdən salam” şüarı altında aksiya iştirakçılarının vətənpərvərlik təşəbbüsünü cavablandıracaqdır. Yekunda Dövlət Komitəsi tərəfindən aksiya ilə bağlı hazırlanacaq videoçarx ictimaiyyətə təqdim ediləcəkdir.

Dövlət Komitəsi tərəfindən “Əsgərə salam” sosial layihəsi çərçivəsində qanvermə aksiyası, flaşmob, futbol turniri və inşa müsabiqəsi keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti