"Qarabağ"dan bir az tez ayrıldığımı düşünürəm"

7 May 16:00 Qarabağ 659
"Qarabağ"dan bir az tez ayrıldığımı düşünürəm"

Koronavirus pandemiyasına görə yaranmış fasilə ən çox ziyanı idman mediasına vurub. Bu da əbəs deyil. Çünki bütün növ idman yarışları tam dondurulub və məşqlər belə keçirilmir.

Sportinfo.az belə vəziyyətdə oxucuların vaxtını daha səmərəli keçirməsi üçün "Keçmiş, bu gün, gələcək" adlı başlatdığı yeni rubrikanı davam etdirir. Burda yalnız yerli futbolçular iştirak edir. Hazırlanmış suallar iştirakçıların keçmişi, bu günü və gələcəyi ilə bağlıdır.

Rubrikamızın bu dəfəki qonağı sonuncu klubu "Zirə" olan, ordan ayrılandan sonra hələ də klubsuz qalan millimizin keçmiş yarımmüdafiəçisi Elvin Məmmədovdur.

- Azərbaycanda uşaqlar futbola müxtəlif səbəblərdən gəlir. Kimisi istedadına görə, kimisi valideyn məcburiyyətindən, kimisi də gələcəkdə yaxşı pul qazanmaq həvəsi ilə bu yola üz tutur. Səndə bunlardan hansısa olub, yoxsa tamam fərqli versiyadır?

- Məndə futbola çox həvəs olub. Amma valideynlərim icazə vermirdi. Söz var, deyirlər ki, pəncərədən düşüb, evdən qaçıb futbola getmək. Bax, mən bunları etmişəm.

- Zaman-zaman uşaq futbolunda olan rüşvətdən danışılır. Belə halla nə vaxtsa üz-üzə qalmısanmı?

- Bizim vaxtımızda yalnız başqa rayonlara oyuna getmək üçün yol pulu yığılıb. Ancaq bu halda valideynlər pul verib. Başqa halda görməmişəm.

- Bəzən futbol sevgisi oxumaq həvəsini arxa plana atır. Səndə necə olub? Ümumiyyətlə, oxumaq həvəsin olubmu?

- Orta məktəbdə yaxşı oxumuşam. Mən 3-cü qrupa hazırlaşmaq istəyirdim. 9-ci sinfə kimi şərəf lövhəsində adım olub. Hətta qız sinif yoldaşlarım deyirdilər ki, necə olur həm futbol oynayırsan, həm də yaxşı oxuyursan. 4 qardaş olmuşuq. Ən yaxşı oxuyanı mən olmuşam. O zamanlar futbolda da elə yaxşı pul yox idi. Valideynlərim davamlı olaraq oxu deyirdilər. Amma mən sevərək futbola qaçırdım.

- İstənilən futbol həvəskarının mütləq ki, bir idealı olub. Səndə bu kim idi?

- Ən çox oyununa baxdığım futbolçular Mahmud Qurbanov və Vidadi Rzayev olub. Xüsusi olaraq da Mahmudun oyunun daha çox bəyənirdim.

- Azərbaycan insanı gələcəyini çox düşünəndir. Məsələn, əlinə bir az pul keçən kimi ev almağı, obyekt açmağı düşünür. Səndə bu baxımdan vəziyyət necədir?

- Şükür olsun Allaha. Bu işlərlə valideynlərim məşğul olub. Mən yalnız bir dəfə "Qarabağ"da olanda özümə ev almışdım. Ondan sonra bu baxımdan bütün işləri valideynlərim edib.

- Hər futbolçunun öz potensialına görə, xəyal etdiyi karyerası olur. Səncə, potensialın imkan verən ən yüksək nöqtəyə çata bilmisən yoxsa daha çoxuna nail ola bilərdin?

- Daha çoxuna nail ola bilərdim. Vaxtında düzgün addımlar atsaydım.

- Qonşu Gürcüstandan, düşmən Ermənistandan belə xaricdə tanınmış futbolçular var. Yerli futbolçularımız isə ya xaricə getmir, ya da gedib uğursuzluq yaşayır. Bu sirli düyünü niyə aça bilmirik?

- Məncə, burda futbolçulardan yox, menecerlərdən yapışmaq lazımdır.

- Təsəvvür edək ki, hazırda baş məşqçisən. Komandanda yerli futbolçulardan ibarət hansı 5-liyi görmək istərdin?

- Vurğun Hüseynov, Rəşad Sadıqov, Rauf Əliyev, Cavid Hüseynov və Təmkin Xəlilzadə. Bir də özümü (gülür).

- Karyerasını bitirən futbolçulardan baş məşqçi, biznesmen olanı da var, çayxanada gün keçirəni də. Sənin gələcəklə bağlı planların necədir?

- Gələcəyi Allah bilər necə olacaq. Amma çox istərdim ki, sevdiyim peşə ilə məşğul olum. Amma çayxanalarda olmaq istəməzdim. Bunu hər halda heç kim istəməz.

- Hazırkı baş məşqçin xaric, bu günə qədər işlədiyin baş məşqçilərdən hansını xüsusi fərqləndirərdin?

- Hərəsinin öz yeri var. Hərəsindən bir şeylər öyrənmişəm. Xüsusi olaraq 3 məşqçini qeyd edə bilərəm. Qurban Qurbanov, Kaxaber Tsxadadze və Ayxan Abbasov. Həm də bu məşqçilərlə daha çox işləmişəm.

- Bəs mənfi mənada kiminsə adını çəkə bilərsən?

- Var, amma bu məndə qalsın (gülür).

- Dostluq etdiyin əcnəbi futbolçu varmı?

- Yoxdu.

- Gələcəkdə yaxşı imkanın olsa, hansı bölgənin futboluna yatırım qoyardın?

- Əlbəttə, Tovuza.

- Sənə görə azərbaycan futbolunun tarixində ən yadda qalan qələbə hansı oyunda olub?

- Millimizin Portuqaliya ilə bərabərə qaldığı oyunu deyərdim. Məncə, o oyun qələbəyə bərabər idi.

- Müstəqillik tarximizin ən güclü futbolçusu kimi hesab edirsən?

- Yaxşı futbolçularımız çox olub. Vidadi, Mahmud, Qurban və.s. Saysam siyahı uzun olar. Amma bir nəfəri fərqləndirmək baxımından Mahmud Qurbanovu deyərdim.

- Karyeranda saysız-hesabsız oyuna çıxmısan. Ən yadda qalan oyun hansı olub və niyə?

- Vurduğum qollar və qazandığım bütün qələbələr mənim yadımda qalıb. Hansısa qolumu və ya qələbəni fərqləndirmək istəməzdim.

- Zamanı geri qaytarsaydılar karyerandakı hansı qərarı dəyişərdin?

- Ən vacibi avropa klublarından gələn təklifləri dəyərləndirərdim. Bir də o vaxt "Qarabağ"dan bir az tez ayrıldığımı düşünürəm.

- Elvin, konkret olaraq xaricdən aldığın rəsmi təklif olub?

- "İnter"in vaxtında Macarıstanın "Debrecen" klubu daim qruplarda oynayırdı. Bir o klubdan bir də Çexiyanın "Slaviya" klubu təklif göndərmişdi. "Turan"dan "İnter"ə gəldiyim birici il idi. Çempion olmuşduq. "Debrecen"dən təklif olanda dedilər ki, hələ tezdi. "Debrecen" birbaşa müqaviləyə çağırmışdı. "Slaviya"dan təklif gələndə isə razılaşmışdıq. Həmin vaxt milli komanda ilə Dubaydaydıq. Menecerlə razılıq olmuşdu ki, Azərbaycana qayıdım və burdan Çexiyaya gedək. Biz bakıya çatanda dedilər ki, son oyundakı məğlubiyyətdən sonra "Slaviya"dan baş məşqçi göndərilib. Sonra təklif etdilər ki, baxışa gedim. Amma biz buna razılaşmadıq.

- Seçdiyin forma nömrəsin xüsusi səbəbi varmı?

- Nömrə seçimi mənim üçün o qədər də önəmli olmayıb. Vacib o idi ki, əsas heyətdə olum və komandama fayda verə bilim. Bir neçə nömrə təklif olanda özüm seçmişəm. Milli komandada 10 nömrəni Bert Foqts özü mənə vermişdi. Demişdi ki, yaxşı oynuyursan istəyirəm 10 nömrə səndə olsun. Pantiç "Bakı"da 21 nömrəni vermişdi mənə. Son dövrlər Tovuzun seria nömrəsinə görə 60-ı seçmişdim. İstədim dəyişiklik olsun.

- Keçmişini qaytarsalar bu gününü qurban verərsən, yoxsa düşünürsən ki, keçmişlə bu günün vəhdəti yaxşı gələcək vəd edir?

- Keçmiş keçmişdə qaldı. Bu günümüzə şükürlər olsun.

- Futbol karyeranda baş verən ən maraqlı və gülməli hadisə hansı olub?

- Bizdə belə şeylər çox olur. Amma bunu telefonla çatdırmaq üçün məndə o yumor hissi yoxdur. Bunu ən çox Ruslan Əmircanov edir. O, yaxşı bəzəyib danışır. Amma məndə bu yoxdur. Danışsam mənasız bir şey çıxacaq (gülür). Futbolçularla oturub danışanda desəm nəsə alınar, amma belə telefonla desəm duzsuz çıxacaq. Ona görə də danışmasam yaxşıdır.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
30 May 13:26 Holanda göz dəydi?