Ruslan Abışov: "Onun adına görə “Neftçi”yə yaxşı futbolçular gələ bilər" - VİDEO

17 Avqust 2023 08:50 Neftçi 2 018
Ruslan Abışov: "Onun adına görə “Neftçi”yə yaxşı futbolçular gələ bilər" - VİDEO

“Adrian Mutu Avropada tanınmış simadır.

Baxmayaraq ki, keyfiyyətli oyunçular Azərbaycana gəlməyə tərəddüd edirlər, onun adına görə “Neftçi”yə yaxşı futbolçular gələ bilər”.

Sportinfo.az xəbər verir ki, bu sözləri oxu.zz-a müsahibəsində “Neftçi”nin sabiq futbolçusu, 2005-2012 və 2017-2019-cu illərdə “ağ-qaralar”ın formasını geyinmiş, komandanın heyətində 2010-cu ildə Türkiyənin “Beşiktaş” klubunun qapısına yol tapmış Ruslan Abışov deyib.

Son olaraq “Zirə”də çıxış edən və hazırda klubsuz olan 35 yaşlı müdafiəçinin müsahibəsini təqdim edirik.

- Sabiq komandanız, yetirməsi olduğunuz “Neftçi” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda evdə “Beşiktaş”a məğlub oldu (1:3). Qarşılaşmanı tribunadan izləyirdiniz. Komanda necə göründü?

- “Beşiktaş” Türkiyənin ən yaxşı klublarından biridir. Birinci hissədə “Neftçi ilk 30 dəqiqə ərzində özünə bənzəmirdi. Bunu da normal qarşılamaq olar. Rəqib ilk dəqiqələrdən qol vurmaq istəyirdi ki, sonradan işi rahat olsun. Bunu da bacardılar. Ancaq ikinci yarıda düzgün əvəzetmələrdən sonra “Neftçi” tamam fərqli futbol oynamağa başladı. Əsasən də, Filip Ozobiçin meydana çıxmasından sonra oyun tamamilə “Neftçi”nin lehinə dəyişdi.

- Bu yay klubda çoxlu dəyişikliklər baş verib. Bunlar komandaya necə təsir edəcək?

- Yeni qurulmuş komandadır. Qeyd etdiyiniz kimi, böyük dəyişikliklər olub. Klub prezidenti də, baş məşqçi də yenidir. İnanıram ki, uğurlu olacaq. Azarkeşlər çoxdandır, bu qərarı gözləyirdilər. Yeni oyunçular var. Onların uyğunlaşması üçün vaxt lazımdır. İndi önəmli olan “Neftçi”ni əvvəlki uğurlu vaxtlarına qaytarmaqdır. Azarkeşlərə səslənirəm ki, bacardıqları qədər komandaya, yeni prezident Fərrux Mahmudova dəstək olsunlar ki, “Neftçi” yenidən ayağa qalxsın.

- “Neftçi”də çıxış edərkən “Beşiktaş”la yoxlama matçında qol vurmusunuz. Həmin oyunu necə xatırlayırsınız?

- O vaxt “Beşiktaş”a yaxşı futbolçular gəlmişdi. Məsələn, Rikardo Kuarejma komandanın formasını geyinirdi. “Real Madrid”də işləmiş Bernd Şuster komandanın baş məşqçisi idi. Onlara qarşı oynamaq bizim üçün yaxşı təcrübə olmuşdu. Mənim də gənc vaxtlarım idi. Özümü göstərmək üçün şans yaranmışdı. Karyeramda ən yaddaqalan oyunlardandır. Qolumu da çox adam xatırlayır. Xoş haldır ki, “Beşiktaş” kimi komandaya qarşı forma geyinmişəm, qol vurmuşam. Yoldaşlıq matçı olmasına baxmayaraq, hər bir futbolçu istəyər ki, belə rəqibə qarşı oynasın, qol vursun.

- Qolunuzu mən də xatırlayıram. “Azərbaycansayağı künc zərbəsi”ndən sonra fərqlənmişdiniz. Ancaq son illərdə bu taktika sıradan çıxıb. Sizcə, klublarımız, milli komandalarımız niyə bu uğurlu üsuldan imtina ediblər?

- Düşünürəm ki, çox uğurlu künc zərbəsidir. Həm klublarımız, həm milli komanda bundan yararlanmaqla qollar vurub. Düz deyirsiniz, son zamanlar nədənsə bu künc zərbəsi istifadə olunmur. Bəlkə də, bu, əcnəbi məşqçilərin olması ilə bağlıdır. Həm bəzi klublarda, həm millidə ardıcıl olaraq xarici mütəxəssislər çalışırlar. Bəlkə də, onların yadına salmırlar ki, bizim belə bir künc zərbəmiz var. Ona görə onlar bilmirlər. Məncə, əcnəbi məşqçilərə “Azərbaycansayağı künc zərbəsi”ni xatırlatmalıyıq. Oyunlarda ilk korneri belə yerinə yetirmək uğurlu ola bilər.

- “Beşiktaş”a gözlənilməz vəziyyətdən qol vurmuşdunuz. “Neftçi”nin ilk oyununda da göründü ki, bir az təzyiqlə rəqibdə boşluqlar tapmaq mümkündür. Sizcə, “Neftçi” cavab matçında sürpriz edə bilər?

- Futbolda bütün komandaların zəif yeri var. “Beşiktaş” da ideal müdafiə olunmur. İkinci hissə göstərdi ki, qol epizodları yarada bilirik. Onlardan yararlanmaq lazım idi. İndi “Neftçi” rəqibi daha yaxşı tanıyır. Məncə, ilk oyunla müqayisədə cavab matçı daha rahat olmalıdır. Düzdür, komanda səfərdə oynayır, “Beşiktaş”a böyük azarkeş dəstəyi olacaq. Lakin istənilən halda, əks-hücumlarda boşluqlar tapmaq olur. Yəqin ki, rəqibi düzgün analiz edib daha hazırlıqlı gedəcəklər.

- Komandanın baş məşqçisi postuna ötənlərin məşhur futbolçusu Adrian Mutu gətirilib. Onun “Neftçi”yə çalışdırıcı təyin olunması ölkə futboluna nə qazandıra bilər?

- Ad olaraq böyükdür. Mutu Avropada tanınmış simadır. Baxmayaraq ki, keyfiyyətli oyunçular Azərbaycana gəlməyə tərəddüd edirlər, onun adına görə “Neftçi”yə yaxşı futbolçular gələ bilər. Hələ Mutudan böyük nəticə gözləmirəm. Amma inanıram ki, qarşıdakı vaxtlarda istədiyi futbolu oynadaraq ümidləri doğruldacaq.

- “Neftçi”dən başqa, “Qarabağ” və “Sabah” da avrokuboklarda çıxış edirlər. “Qəbələ” isə mübarizəni erkən dayandırdı. Ümumi avrokubok kampaniyasını necə dəyərləndirmək olar?

- “Sabah” keçən mövsümdə yaxşı çıxışı ilə göstərirdi ki, bu il avrokuboklarda uğurlu olacaq. Yaxşı baş məşqçiləri var. Maliyyə dəstəyi yaxşıdır. Buna görə də güclü oyunçular transfer edə bilirlər. Onlardan uğur gözləməyə dəyər. “Qəbələ” gözləntilərdən aşağı səviyyədə çıxış etdi. İki oyuna buraxdığı qollar da bunu göstərir. “Qarabağ”a daha çox ümidimiz var. “Neftçi” üçün çətindir. Səfərdə güclü rəqibə qarşı oynayacaqlar. Amma istənilən halda, bütün klublarımızın qrupa düşməsini istərdik. Çünki bu, futbolumuza xeyirdir.

- Çoxları deyir ki, “Qarabağ” bu il əvvəlki mövsümlərə nisbətən zəifdir...

- Mövsümün əvvəlidir. Sadəcə, futbolçular hələ istənilən formada deyillər. Gələn aydan oyunçuların hansı səviyyədə olduğunu hamı görəcək. Önəmli olan bu periodu keçməkdir ki, qrupa düşsünlər.

- Sabiq komandanız “Zirə” mövsümə iki qələbə ilə başlayıb və hələlik maksimum nəticə göstərən yeganə kollektivdir. Sizcə, bu il hədəflərinə çata biləcəklər?

- “Zirə” barədə çox danışmaq istəmirəm. Onlara yalnız uğurlar arzulayıram.

- Bəs çempionluq yarışında “Sabah” və “Neftçi”nin “Qarabağ”a rəqabət təklif edəcəyini gözləmək olar?

- Məncə, ötən mövsümdəki ardıcıllıq olacaq. Zirə dördüncü pilləyə əsas iddiaçıdır. “Qəbələ” əvvəlki deyil. Düşünürəm ki, ilk üçlük belə olacaq: “Qarabağ”, “Sabah”, “Neftçi”. “Neftçi” və “Sabah”ın yeri dəyişə bilər. Proqnozum belədir. Amma futbolda hər şey olur. Bütün suallara gələn ilin mayında aydınlıq gələcək.

- “Zirə”dən ayrıldıqdan sonra karyeranızı bitirdiyinizlə bağlı məlumatlar yayıldı. Bununla bağlı konkret qərarınız var?

- Xeyr, karyeramı başa vurmamışam. Bu barədə rəsmi açıqlama yoxdur. Yaxın zamanlarda, bir həftə, 10 günə ya davam, ya tamam olduğunu açıqlayacağam.

- Danışıq apardığınız klublar var?

- İndi bu barədə danışmayım. Vaxt göstərəcək. Hamı da görəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"