"Qarabağ"ın direktoru: "Kifayət qədər bahalıdır, gəlişi real deyil"

9 Yanvar 2020 11:15 Qarabağ 909
"Qarabağ"ın direktoru: "Kifayət qədər bahalıdır, gəlişi real deyil"

"Bornmut"un qapıçısı Asmir Beqoviçin yenidən "Qarabağ"da çıxış etmək şansı gündən-günə artır.

Britaniya mətbuatının yaydığı yeni məlumata görə, Premyer Liqa təmsilçisi qolkiperini İngiltərənin heç bir klubuna satmayacaq. Rəhbərlik bu addımı əsas rəqiblərinin güclənməsinin qarşısını almaq üçün atır.

Bosniya və Herseqovina millisinin üzvü üçün bir neçə klubdan, xüsusən də "Vest Hem"dən rəsmi təklif olmasına baxmayaraq, "Bornmut" onların hamısına "yox" cavabını verib.

Həmkarlarımızın iddiasına görə, Beqoviç mövsümün ilk yarısında müntəzəm çıxış etdiyi "Qarabağ"a yenidən icarəyə veriləcək. Məlumatda "Bornmut" rəhbərliyinin bu barədə artıq qərar verdiyi və yalnız Azərbaycan çempionu ilə keçidin detallarının həllini gözlədiyi vurğulanıb.

Beqoviçin "Bornmut"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdir. 32 yaşlı qolkiper sentyabr ayında 4 aylıq icarə əsasında "Qarabağ"a keçmişdi. O, Ağdam klubunda 2019-cu ilin sonuna qədər oynayıb.

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl ada mediasının yaydığı informasiya ilə bağlı Sportinfo.az-a bunları deyib: "Beqoviçə görə klublar arasında rəsmi danışıqlar dayandırılıb. Onun qiyməti bizim transfer üçün ayırdığımız büdcəni aşır. Bosniyalı legionerin bura qayıdışı hələlik real görünmür. Kifayət qədər bahalı futbolçudur. Son günlər "Bornmut"la rəhbərlik səviyyəsində heç bir görüşümüz olmayıb və qarşı tərəfə yeni təklif irəli sürməmişik".

Digər Xəbərlər
Xəbər Lenti