"Qarabağ"ın psixoloji qış qidası və ya bir favorit offsaydda

29 Dekabr 2019 11:08 Qarabağ 1 040
"Qarabağ"ın psixoloji qış qidası və ya bir favorit offsaydda

Futbol klublarının ölkə kuboku uğrunda mübarizəsində də qışın rəsmi qədəmlərini qoymağa hazırlaşdığı vaxt yarpaq tökümü başladı.

Artıq favoritlərdən, başqa sözlə, gələn ilin Avropa miqyaslı yarışlarında iştirakı şübhə doğurmayan iki klubdan biri olan "Neftçi" kubok yarışından kənarlaşdırılıb.

Bu dəfə də qəhrəman rolunda, heç bir vəchlə, özünü standart güclülər sırasına daxil edə bilməyən "Sumqayıt" ilin son sensasiyasına imza atdı.

Əslində, "Neftçi"nin hazırkı qeyri-sabitliyi şəraitində bunu elə bir sensasiya da adlandırmaq olmaz. Üstəlik, son dövrlər "Sumqayıt" bir qədər sanballı futbol oynamağa başlayıb.

Bəlkə də mövsümü böyük qış yuxusuna aparan bu yarış elə "Neftçi"nin özünə də bir siqnal oldu. Elə "Sumqayıt" da kubok iştahı ilə özünə əl gəzdirməyə, nəhayət, ciddi nəticələr üçün lazım olan kadr potensialına doğru addım atmağa başladı. Hər halda, kubok uğrunda mübarizənin ilk düyünü vurulub.

Bu düyün öz yerində. Elitada yer alan klublardan birinin taleyi isə indidən məlumdur. "Səbail", böyük ehtimalla, gələn il Avropa səhnəsində yer ala bilməyəcək. Preymer liqada sonuncu pillədə qərar tutmuş kollektiv kubok uğrunda yarışı da tərk etdi.

Doğrudur, komanda son ana qədər döyüşdü. Lakin əlavə vaxtda daha sabit və son bir ay ərzində böhrandan çıxmağa başlamış "Zirə" istəyinə çatdı.

Zənnimcə, ən böyük sensasiya "Sabah"ın "Qəbələ"yə məğlubiyyətidir. Mövsümün aşkar autsayderi olmağa "iddia" edən "Qəbələ"nin rəqibinə böyük hesabla dərs keçərək hələ bir səfərdə də şans verməməsi paytaxt klubu üçün əsl təşviş, həyəcan siqnalı da ola bilər.

Bunu bəlkə yeni baş məşqçinin kluba dəyişikliklər ismarıcı kimi yozmaq olar. Lakin bu acı məğlubiyyətin qış fasiləsindən sonrakı izləri daha maraqlı görünür.

Elə AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra ümidlənmiş "Qəbələ"nin yenidən iştahı açılsa, bundan, Premyer liqa olmasa belə, futbolumuz, komandanın min bir əziyyətlə ərsəyə gətirilmiş akademiyası daha çox qazana bilər.

Mövsümün son döyüşü yüksəlişdə olan "Keşlə"nin dişlərinin itiliyindən asılı idi. Lakin komandanın "Qarabağ"la kubok dueli əyani nümayiş etdirdi ki, hələ bərabərləşən rəqabətdən söz açmağa dəyməz.

Fasiləyə qədər həm çempionatda, həm də Avropa liqasında zərbələri ard-arda yeyən kollektiv üçün bu matç çox vacib idi.

Qələbə, zənnimcə, "Qarabağ"ın qış fasiləsindən mənəvi, psixoloji qida ilə çıxmasına şərait yaradacaq. "Keşlə" isə böyük yolu keçmək üçün güclənməlidir. Həm də komandanın daha başqa yolu qalmayıb – Premyer liqa. Avropa isə bu kluba hava-su qədər lazımdır.

BATI YAR

Digər Xəbərlər
Xəbər Lenti