Miçel Messiyə qarşı - FOTOLAR

29 Oktyabr 2019 17:21 Qarabağ 1 198
Miçel Messiyə qarşı - FOTOLAR

"Qarabağ"ın yarımmüdafiəçisi Miçel Maderanın vaxtilə İspaniya La Liqası və İngiltərə Premyer Liqasında oynamasından məlumatlısız. 33 yaşlı futbolçu vətənində 2005-2010-cu illərdə Xixon "Sportinq"inin, 2011-2014-də isə "Xetafe"nin formasını geyinib. O, "Dumanlı Albion"da 2010-2011-ci illər mövsümündə icarə əsasında "Birmingem"də 9 oyun keçirib.

Sportinfo.az Miçelin məşhur ulduzlarla mübarizə apardığı epizodlardan tarixin yaddaşına köçmüş fotoları təqdim edir.

FOTO-1. 2012-ci il. "Xetafe"də çıxış edən Miçel "Real"ın yarımmüdafiəçisi Anxel Di Mariyanın qarşısını almağa çalışır. İndi İspaniyada nə Miçel var, nə Di Mariya. Argentinalı futbolçu PSJ-nin formasını geyinir.

FOTO-2. 2012-ci il. Yenə də "Xetafe" "Real"a qarşı. Miçel bu dəfə madridlilərin mərkəz müdafiəçisi Serxio Ramosu qabaqlaya bilib.

FOTO-3. 2008-ci il. Miçelin komandası "Sportinq" "Barselona" ilə görüşür. Məşhur braziliyalı Dani Alveşdən topu almaq asan məsələ deyil. Braziliya yığmasının sabiq müdafiəçisi indi karyerasının son illərində vətənində - "San Paolo"da oynayır.

FOTO-4. 2008-ci il. Bu fotonun geniş təqdimata ehtiyacı yoxdur. "Qarabağ"ın futbolçusu Messiyə qarşı. Bilmirəm, bu fotodan Miçelin evində divarda var, ya yox? Amma gələcək nəsillərə göstərmək üçün əla şəkildir.

FOTO-5. 2009-cu il. "Sportinq" "Barsa" ilə qarşılaşır. Gözünü yuman Miçel Busketsi görməsə də, yəqin, hiss edir ki, Kataloniya klubunun dayaq yarımmüdafiəçisi də topa qalxıb.

FOTO-6. 2014-cü il. "Xetafe"nin İspaniya Kubokunda rəqibi "Barselona"dır. "Qarabağ"ın yarımmüdafiəçisi sürüşmə fəndi ilə Fabreqası dayandırmağa çalışır. Yeri gəlmişkən, Fabreqas da indi İspaniyada deyil. Millinin sabiq üzvü "Monako"nun uğurları üçün çalışır.

FOTO-7. Sən demə, Miçel "Maestro"ya qarşı da oynayıb. "Sportinq" - "Milan" oyununda tarixə düşən kadr.

CAVİD

Digər Xəbərlər
Xəbər Lenti