“Qarabağ”da “bazarlıq” - Qurban Qurbanovun başını ağrıdacaq transfer dönəmi

27 May 2023 00:30 Qarabağ 2 135
“Qarabağ”da “bazarlıq” - Qurban Qurbanovun başını ağrıdacaq transfer dönəmi

Mövsüm sona yaxınlaşdıqca transfer dedi-qoduları durmadan artır. Azərbaycan Premyer Liqasında çıxış edən klubların çoxu növbəti mövsümün heyətini formalaşdırmaq üçün indidən hərəkətə gəlib.

Yay transfer dönəminin “Qarabağ” üçün daha hərəkətli keçəcəyini proqnozlaşdırmaq olar.

Buna səbəb Ağdam təmsilçisinin bir çox əsas heyət üzvünün xarici klubların maraq dairəsində olmasıdır.

“Köhlən atlar”ın çempion olduğu, avrokuboklarda uğurlu çıxış etdiyi əvvəlki illərdə futbolçular o dərəcədə də gündəmə gəlmirdilər Bu, rəhbərliyin aparıcı oyunçuları asanlıqla heyətdə saxlamalarına kömək olurdu.

Ancaq ötən ilin yayında İbrahima Vadjinin Fransa “Sent-Etyen”inə, bu ilin əvvəlində isə Kadi Borgesin Rusiya “Krasnodar”ına transferi avropalıların Azərbaycan çempionuna baxışını dəyişib.

Vadjinin “Sent-Etyen”də uğurlu çıxışı, Kadinin də zədələnənə qədər “Krasnodar”da əla təsir bağışlaması sayəsində istər menecerlər, istərsə də skautlar “Qarabağ”a daha ciddi yanaşırlar. Üstəlik, ağdamlılar həmin transferdən heç də az qazanc əldə etməyiblər.

Hələ mövsümün gedişində Marko Veşoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev, Musa Qurbanlı, Ramil Şeydayev kimi futbolçuların adları bir neçə xarici klubla hallanırdı.

Baş məşqçi Qurban Qurbanov da mətbuata açıqlamalarında bunu təsdiqləyir, hər şeyə mövsümün sonunda baxılacağını deyirdi.

Gözlənilən an gəlib çatmamış qatarı tərk edəcək ilk sərnişinin Şeydayev olacağı üzə çıxdı.

Avropada formasını geyindiyi müxtəlif klublarda “tutdurmayan” Premyer Liqanın bombardiri bu dəfə fərqli seçim etməyə hazırlaşır. Milli üzvünün karyerasını Tailandda davam etdirmək şansı yüksək qiymətləndirilir.

Bu mövsüm məhsuldarlıq nümayiş etdirən digər hücumçu Musa Qurbanlı fərqli ölkə klublarının diqqət mərkəzindədirsə, Toral Bayramovun Türkiyəyə köçməsi, Elvin Cəfərquliyevin isə Belçikaya, konkret olaraq “Anderlext”ə transferi gündəm mövzusudur.

Bu azmış kimi, “Qalatasaray”la xeyriyyə görüşündə oyunu ilə türkiyəliləri heyran edən fransalı Abdullah Zubirə də Super Liqada ciddi təkliflər var.

“Qarabağ”ı illərdir Premyer Liqanın digər klublarından fərqləndirən əsas cəhət ən güclü yerlilərə sahib olması, stabil heyəti qoruyub saxlaması və yeni əcnəbilərlə güclənməsidir.

Ancaq görünən odur ki, bu yay Qurban Qurbanovun başı çox ağrıyacaq. Yerli “qaymaqlar”a sahib olan baş məşqçi indi onlardan ən azı 3-4-nü itirmək təhlükəsi ilə üzləşib.

Səviyyəli yerli futbolçu qıtlığı yaşandığı bir vaxtda bu boşluğu doldurmaq isə heç asan olmaz.

“Qarabağ”dakı yerlilərin ölkə xaricinə axını Azərbaycan futbolu adına irəliləyiş olar. Amma digər tərəfdən Ağdam təmsilçisinin istər Premyer Liqada, istərsə də avrokuboklardakı nəticələrinə ciddi təsir göstərə bilər.

İndi rəhbərlik və baş məşqçi elə iş qurmalıdır ki, nə azərbaycanlı futbolçular Premyer Liqaya “həbs olmalıdırlar”, nə də komanda zəifləməlidir. Yəni “nə şiş yansın, nə kabab” (report).

Digər Xəbərlər
Xəbər Lenti