"Qarabağ” həmişə çox tanınmayan futbolçular alır"

21 May 2023 02:50 Qarabağ 1 269
"Qarabağ” həmişə çox tanınmayan futbolçular alır"

"Qarabağ” növbəti dəfə Azərbaycan çempionu oldu.

34-cü turda "Səbail”lə qarşılaşan və 3:0 hesablı qələbə qazanıb 10-cu dəfə çempionluğunu qeyd edən ağdamlılar bununla da sinələrinə ikinci ulduzu taxmağı haqq etdilər.

Komandanın sabiq futbolçusu İlqar Qurbanov bu çempionluğa münasibətini bildirib və mövsüm haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, qayanrinfo-ya açıqlamasında bunları deyib:

"Qarabağ”ı təbrik edirəm. Neçə illərdir stabil çıxış edirlər. Transferlər, klub idarəetməsi, hər şey düzgün olduğu üçün belə uğurlar var. "Sabah” yaxşı işlər gördü. Görünür ki, o klubda da düzgün işlər aparılır. Bu, sevindirici haldır. Amma "Sabah”ın "Qarabağ”la sona qədər dirəşməsi çətin olardı. Çünki təcrübəli futbolçulara sahib deyillər. "Qarabağ” təcrübə baxımından üstələdi. "Xəzər Lənkəran” iki il quruldu, üçüncüdə çempion oldu. O zaman hər şey fərqli idi. İndi "Qarabağ” kimi dominant var, ona görə də belə klubların çempion olması çətindir. "Sabah”ın ikinci yeri əldən verməməsi alqışalayiqdir”.

Qurbanov "Qarabağ”da son mövsümlərdə elə də ciddi dəyişikliklər olmadığını bildirdi:

"Deyərdim ki, dəyişikliklər azdır. Aparıcı oyunçulardan gedənlər çox oldu. Yerinə gələn futbolçular tam istədikləri perfomansı göstərmədilər. Göstərsəydilər, yəqin ki, 5-6 tur əvvəl çempionluğu qeyd edə bilərdilər”.

Komandanın bir neçə çempionluğunda məhz veteran futbolçunun da payı var. O ötən illəri xatırlayıb, "Qarabağ”ın indiki heyətini və durumunu müqayisə etdi:

"Komandanın heyətində 4 dəfə çempion olmuşam. Klub olaraq bir qədər də böyüyüblər. 7-8 il o qədər də uzaq sayılmır. Bu mövsüm "Qarabağ”la bir qədər dirəşən "Sabah” idi. Amma bizim vaxtımızda "Neftçi”, "Xəzər Lənkəran”, "Bakı” kimi iddialı namizədlər vardı. Ona görə də çempion olmaq çətin idi. Həmin vaxt çempionluğun dadı başqa olurdu. İndi elə deyil. Amma 10-cu çempionluq və ikinci ulduzu taxmağın zövqü başqadır. Hansı ki, "Neftçi” neçə illərdir iki ulduz arzusunda idi, amma alınmadı. Bizim dönəmdə də yaxşı oyunçular vardı. İndid də belədir. O vaxt "Qarabağ” topa daha yaxşı sahib olurdu. İndi sürət artırılıb. Əks-hücumalara daha sürətli çıxırlar. Bunu avrokuboklarda da gördük”.

"Düşünmək olar ki, bu davamiyyətlə "Qarabağ”ın əlindən çempionluğu uzun müddət almaq olmayacaq?” sualını Qurbanov belə cavablandırdı:

"Belə deməzdim. "Neftçi”ni bilmirəm, amma "Sabah” ümid verir. Ola bilsin, gələn mövsüm başqa klubumuz çempionluğa oynayacaq. "Neftçi” stabil klub deyil. Biz, şəxsən mən bu komandanı başqa cür görmüşəm. Uşaq vaxt vaxtı "Neftçi”ni tanıyırdıq, bu komandaya azarkeşlik edirdik. Çünki gözümüzü açandan onu görmüşük. Həmişə çempionluğa oynayan görmüşük. Əfsuslar olsun, indi autsayderlərə daha çox lazım olan kuboku uğur sayırlar. Bu, "Neftçi”nin nə halda olmasını göstərir. Kubok ona görə keçirilir ki, autsayderlərin, aşağı liqa komandalarının da UEFA-nın bayrağı altında keçirilən yarışlara getməsi üçün şansı olsun. Son illərdə bizdə kubokun finalında kimlər oynayırdı? - "Sumqayıt”, "Qəbələ”, "Keşlə” kimi komandalar… İndi "Neftçi”... Sadəcə, gülməlidir. Çünki təəssüflər olsun, çox aşağı səviyyəyə düşüb”.

Sabiq yarımmüdafiəçi "Qarabağ”ın avrokuboklardakı şanslarını da dəyərləndirdi:

"Çempionlar Liqasının qrupuna düşməsini istəyirik. Lakin bu, o qədər də asan deyil. Avroliqa artıq stabil olub, hər il qruplarda oynayırlar. Bu, böyük uğurdur. Daha çoxunu etmək bir qədər çətindir. Çempionat güclü, legionerlər daha çox hazırlıqlı olmalıdır. Bahalı legionerlərin Azərbaycan çempionatına gətirilməsi çətindir. "Qarabağ” həmişə çox tanınmayan futbolçular alır. Onlar isə sonradan perfomanslarını artırır və məşhurlaşır. 1-2 milyonluq futbolçunun Azərbaycan çempionatına hansı müddətdə öyrəşməsi də sual altında olur. Məncə, "Qarabağ” transferlər edəcək, çünki zədəlilər çoxdur. Bildiyimə görə, Benzia, Diakabi zədəlidir. Amma daha "Neftçi” kimi 10 futbolçu göndərib, 10-nu gətirməzlər. "Qarabağ” lazım olan mövqelərə futbolçu alır. Struktur var. "Sabah” da qışda heyətini gücləndirə bilərdi, amma bunu etmədi. Çünki riskli addımdır. "Neftçi” haqda isə eyni sözləri demək olmur”.

Digər Xəbərlər
Xəbər Lenti