Qurban Qurbanov niyə oğluna göz verib, işıq vermir?

9 Dekabr 2022 14:40 Qarabağ 6 533
Qurban Qurbanov niyə oğluna göz verib, işıq vermir?

Musa Qurbanlı durmaq, dayanmaq bilmir. Maşallah olsun!

Azərbaycan futbolu bu gənc oğlanın simasında əsl hücumçunu kəşf etməyə çox yaxındır.

Nəvaxtdır gözümüz hər yerdə belə birini axtarırdı. Günün günorta çağı onu çıraqla soraqlayırdıq.

Dağı, daşı ələk-vələk edirdik, yaxın-uzaq ölkələrə baş vururduq, damarında azərbaycanlı qanı axan, lap axmayan, pasportumuzu almağa razılaşan əcnəbini süni yolla milliləşdirib, özümüzdən olanların «gözünə qatırdıq».

Musa talantdır. Yaradan ondan futbol adına heç nəyi əsirgəməyib. Ona doğru münasibət göstərməyən bir nəfər varsa, o da Qurban Qurbanovdur.

Sözün həqiqi mənasında çox əcaib-qəraib durum yaranıb Musanın ətrafında. Ata ayağının tozuyla, bədəninin diliylə qol vurmağı bacaran oğluna göz verir, işıq vermir.

Zarafat yeri deyil, Musa Premyer Liqanın geridə qalan 16 turunda 11 dəfə fərqlənib, üstəgəl, dünən də ölkə kubokunda dubla imza atdı.

Bu cavan oğlanın daim əsas heyətdə yer alması, avrokuboklarda təcrübə toplaması üçün daha nə etməli olmasını ağlıma gətirə bilmirəm.

Siması tünd qəhvəyi, saçı sarı olsaydı, bütün məmləkət ondan danışırdı indi. Deyirdik ki, halal olsun Qurban Qurbanova, gör, dünyanın o başından neçə bir istedadı tapıb gətirib.

Adı Musa, soyadı Qurbanlı olduğu üçün baş məşqçi yaşı hələ 22 olmayan bu hücumçunu birinci siyahıda görmür.

Ata-oğlu bağı Qurban Qurbanovu sıxır. İctimai qınağa tuş gəlməkdən çəkinir. Musa hər həftə el-aləmə sübut edir ki, o, «Qarabağ»ın yeni ulduzu adına ən potensial namizəddir.

Atası isə məlum kompleksdən qurtulmağa can atmır. Yenə orada qalıb. Öz-özünü buxovlayıb.

Özgələrinin atası uşaqlarını güclə qabağa çəkir, vitrində yerləşdirmək istəyir. Cəmiyyət onlara etiraz edir. Heç veclərinə də deyil, işlərini davam etdirirlər. Qurbanovlarda isə vəziyyət tam fərqlidir, amma di gəl ki…

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti