“Qarabağ” həyatımı tamamilə dəyişdi, burada qalmaq istəyirəm”

2 Dekabr 2022 00:40 Qarabağ 992
“Qarabağ” həyatımı tamamilə dəyişdi, burada qalmaq istəyirəm”

“Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Riçard Almeyda peşəkar karyerasına 2009-cu ildə Braziliya təmsilçisi “Santo Andre”də başlayıb.

“Palestina” və Portuqaliya təmsilçisi “Jil Visente”də çıxış edən yarımmüdafiəçi 2012-ci ilin yayında “Qarabağ”a transfer olunub.

2018-ci ilə qədər Ağdam klubunun formasını geyindikdən sonra qısa müddət Qazaxıstanda oynayan, ardından 2019-cu ili yenidən “Qarabağ”da keçirən Almeyda həmçinin Birləşmiş Ərəb Əmirliklərində çıxış edib.

2020-ci ilin oktyabrında Azərbaycana “Zirə” üçün qayıdan 33 yaşlı orta sahə oyunçusu ötən ilin yayından yenidən “Qarabağ”ın uğurları üçün çalışır.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”la yeddiqat Azərbaycan çemionu olan və üç dəfə ölkə kubokunu qazanan Braziliya əsilli futbolçu “report”un suallarını cavablandırıb.

- Ardıcıl 13 qalibiyyətin ardından əksəriyyət “Qarabağ”dan bu seriyanın davamını gözlədiyi üçün son iki oyundakı (“Sabah”, “Zirə”) qolsuz heç-heçəyə görə komandada eniş yaşandığı deyilir. Sizin buna münasibətiniz necədir?

- Doğrudur, son iki oyunu heç-heçə ilə bitirmişik. Xüsusən də, “Zirə” ilə oyunu vurğulamaq istərdim. Rəqib yaxşı müdafiə olundu, layiqli mübarizə apardı. Düzü, matçı başqa cür də keçirə bilərdik. Təəssüf ki, oyuna tam köklənə bilməməyimiz, bir çox hallarda ciddi yanaşmamağımız yekunda xal itirməyimizlə nəticələndi.

- Birinci dövrədə “Zirə” üzərində 7:1 hesablı qələbə komandada arxayınlığa yol açmamışdı?

- Əslində həmin qarşılaşmada 7 qol vurmağımız müəyyən mənada bizi bu düşüncəyə vadar etmişdi. Fikirləşirdik ki, bu dəfə də asan olacaq. Təbii ki, bu, yanlış yanaşma idi. Bilmək lazımdır ki, istənilən rəqibə qalib gəlmək üçün meydançada tər tökməli, ciddi yanaşmalı, mübarizə əzmi nümayiş etdirməlisən. Məncə, son iki qarşılaşmada bu amillər yetəri qədər olmadığı üçün qələbə qazana bilmədik. Növbəti turda “Neftçi” ilə derbi oyunumuz olacaq. Əvvəlki ruh yüksəkliyini və əzmkarlığı sabahkı görüşdə nümayiş etdirməyə çalışacağıq.

- “Zirə” ilə oyunda sanki futbolçularda yorğunluq da hiss olunurdu. Yaranmış fasilə zamanı bir çox futbolçunun milli komandalarda olmasının bunda rolu oldumu?

- Söhbət təkcə millinin oyunçularından getmir. Ümumiyyətlə, bütün futbolçular görüşə tam köklənməmişdi. Topun sürətli sirkulyasiyası, daha az toxunuşlu topla oynamalar, üçbucaqların qurulması, daha tez qərar vermək kimi bizə xas oyunlar var. “Zirə” ilə görüşdə bunlar çatışmırdı. Digər tərəfdən “Zirə” müdafiədə çox inamlı təsir bağışladı. Bizim ləngliyimiz, düzgün köklənə bilməməyimiz rəqibin müdafiə xəttini yarmaqda çətinliklə yaratdı. “Neftçi” ilə sabahkı qarşılaşma əvvəlki oyunumuzu nümayiş etdirmək üçün fürsətdir. Bu imkandan da yararlanmağa çalışacağıq.

- Qeyd etdiyiniz kimi, Premyer Liqanın 16-cı turu çərçivəsində sabah “Neftçi” ilə qarşılaşacaqsınız. Heyətdəki itkilər fonunda azarkeşləri necə derbi gözləyir?

- “Neftçi” ilə oyunlar həmişə həm mətbuatda, həm də azarkeşlər arasında böyük marağa səbəb olub. Bu dəfə də belə olması istisna deyil. Məsələn, “Sabah”la son matçımızda azarkeşlərin marağını hər kəs gördü. Stadiona 10 000 azarkeşin gəlməsi bu marağın göstəricisi idi. “Neftçi” ilə matçda da bunun təkrarlanmasını gözləyirəm. “Neftçi” güclü komandadır, yaxşı baş məşqçiləri var. Onlara hörmətlə yanaşırıq. Amma bütün bunların fonunda məqsədimiz dəyişməz olaraq qalır. Səfərdə oynamağımıza baxmayaraq, hədəfimiz qələbə qazanmaqdır. Ən əsası özümüzə xas oyunu sərgilməyə və 3 xal qazanmağa çalışacağıq.

- Ötən ilin yayında “Zirə”dən “Qarabağ”a döndüyünüz zaman əksəriyyət uğursuz olacağınızı proqnozlaşdırmışdı. Ancaq tezliklə həm “Qarabağ”da, həm də Azərbaycan millisində parlaq çıxışla diqqət çəkdiniz. “İkinci bahar”ı yaşamağınıza nə təkan verdi?

- Birincisi, özümə inam və əzmkarlığım. Heç vaxt təslim olmadım. Bundan əlavə, həmişə Allaha sığındım, hər şeyi ona buraxdım. Qarşıma Qurban Qurbanov kimi möhtəşəm insanın, məşqçinin çıxması da mənim üçün bir şansdır. Hər zaman ona minnətdar olacağam. 2012-ci ildə “Qarabağ”a ilk gəldiyimdən bəri həmişə mənə dəstək olub. Ümumiyyətlə, “Qarabağ” mənim həyatımı dəyişib. Həm Qurban müəllimə, həm də “Qarabağ” ailəsinə öz oyunumla bunun qarşılığını vermək üçün əlimdən gələni edirəm. 33 yaşım olmasına baxmayaraq, yaşa əsla fikir vermirəm. Dünya futbolunda Luka Modriç nümunəsi var. Əgər özünə qulluq edirsənsə, düzgün qidalanıb, vaxtında istirahətini edirsənsə, yaş o qədər də önəmli rol oynamaz. Şəxsən mən bu gün də öyrənməkdən yorulmuram. İnkişaf üçün hədəfi hər zaman yüksəklərə qaldırmaq olar.

- Ötən il oyunlarda az göründüyünüz zaman hansı hissləri keçirirdiniz?

- Həqiqətən də, ötən il az oynadım. Daim oynayan futbolçu idim, birdən-birə daha çox ehtiyat oyunçular skamyasında vaxt keçirməyə başladım. Buna görə mənəvi əzablar çəkirdim, gecələr ağladığım vaxtlar da olub. Həmin əziyyətlərin, əzmkarlığın bəhrəsini bu gün görürəm. Hər dəfə də Qurban müəllim mənə şans verəndə son oyunuma çıxırammış kimi meydanda hər şeyimi ortaya qoymağa çalışıram.

- Bundan sonra neçə il karyeranızı davam etdirməyi planlaşdırırsınız?

- Əslində bu günlə yaşayan insanam. Hələ 33 yaşım var, yerimdə saymaq istəmirəm. Öz orqanizmimi yaxşı tanıyıram, fiziki durumuma bələdəm. Öyrənmək, inkişaf eləmək və komandamın qələbələr qazanmasına kömək eləmək istəyirəm.

- Son komandanızın “Qarabağ”, yoxsa yetirməsi olduğunuz “Santo Andre” olmasını arzulayırsınız?

- “Santo Andre” mənim üçün doğma klubdur. Bu komandaya xüsusi rəğbət bəsləyirəm. Klub rəhbərliyi ilə yaxşı münasibətim var, tez-tez əlaqə saxlayırıq. Ancaq həyatımı tamamilə dəyişən komanda “Qarabağ” olub. Əsas istəyim karyeramı “Qarabağ”da bitirməkdir. Ancaq gələcək Allaha məxsusdur. Nələr yaşanacağını birlikdə görəcəyik.

- Fasilələrlə də olsa, artıq 10 ildir Azərbaycandasınız. Futboldan getdikdən sonra burada qalıb yaşamaq variantını heç düşünmüsünüz?

- Artıq 10 ili keçmişəm, iyulda buradakı 11 ilim tamam olacaq. Bu qədər müddətdə bir ölkədə qalmaq hər bir futbolçuya nəsib olmur. Bu illərin çoxunu da “Qarabağ”da keçirmişəm. Bu müddətdə Qazaxıstanda “Astana” və Birləşmiş Ərəb Əmirliklərində “Baniyas”da qısa müddət oynadım. Həmin illəri uğursuz dönəm hesab edirəm, heç də məmnun deyiləm. Azərbaycan bu müddət ərzində təkcə mənim yox, bütün ailəm üçün doğmalaşıb. Yoldaşımla, ailə üzvlərimizlə daim bu mövzuda söhbətlərimiz olur. Belə bir istəyimiz var. Həm özümüzün, həm də uşaqlarımızın gələcəkdə təhlükəsizliyi ilə bağlı niyə də olmasın? Burada da, Braziliyada da yaşaya bilərik. Görək, necə olacaq?!

- Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsi artıq başa çatmaq üzrədir. Doğma komandanız Braziliyanın çıxışı ürəyinizcədir?

- Futbolu çox sevirəm, heç bir oyunu qaçırmaq istəmirəm. Məşqin saatları ilə üst-üstə düşməyəndə bütün matçlara baxmağa çalışıram. Öz komandamız Braziliyanın da yaxşı heyəti var. Təəssüf ki, Neymarın zədələnməsi bir az kefimizə “soğan doğradı”. Millimiz Neymarsız da yaxşı səviyyədədir. Düzdür, İsveçrə ilə oyun bizim gözlədiyimiz səviyyədə alınmasa da, yekunda qələbə qazanaraq 1/8 final mərhələsinə vəsiqəni təmin elədilər.

- Hansı komandaların oyunu daha çox xoşunuza gəlir?

- Fransa və İspaniya yığmasının oyunu xoşuma gəlir. Argentina startda Səudiyyə Ərəbistanına məğlub olsa da, ardından Meksika və Polşa üzərində qazandığı qələbələrlə özünəinamı qaytardı. Onları da hesabdan silmək olmaz. Həm individual baxımdan, həm də ümumilikdə pis komanda deyillər. Portuqaliyanın Uruqvayla oyununu izlədim, Portuqaliya da ancaq xoş sözlərə layiqdir. Adlarını sadaladığım komandaların oyunlarını izləmək mənə zövq verir.

- Sizi təəccübləndirən yığma hansıdır?

- ABŞ yığmasının göstərdiyi oyun diqqətimi çəkib. Bundan başqa, qrupun son turunda Seneqala məğlub olaraq turnirlə vidalaşsa da, Ekvador millisi məni təəccübləndirdi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"