Qurban Qurbanov nəyi gözləyir?

20 Sentyabr 2022 19:40 Qarabağ 3 240
Qurban Qurbanov nəyi gözləyir?

Qurban Qurbanov yeni tənqid dalğası ilə üz-üzədir. Ki, Musa Qurbanlını niyə avrokuboklarda oynatmır?

Bir müddət əvvəl müzakirə daxili yarışlar ilə bağlı aparılırdı.

Ötən mövsüm "Zirə"yə icarəyə verilən hücumçu bu il Premyer Liqanın arxada qalan 7 turunda vurduğu 7 qolla bombardirdir.

Nəzərə alaq ki, onun komandası hələ bir oyun az keçirib. Deməli, Musanın ölkə daxilindəki oyunlarda şans qazanması ilə bağlı problem həllini tapıb. Tənqidlər, təzyiqlər sayəsində yox, ata-məşqçinin proqramı üzrə.

Düşünürəm ki, təcrübəli mütəxəssisin övladı ilə bağlı avrokubok oyunlarında da müəyyən planları var. Gedişat oxşar tendensiyanın orada da həyata keçəcəyi ehtimalını gücləndirir.

Amma biz tələsirik. Niyə? Nədi-nədi Musa "Zirə" ilə matçda poker edib. Nədi-nədi Musa daha əvvəl "Sumqayıt", "Sabah" və "Şamaxı" komandalarına qol vurub. Tabloya bax da...

Azərbaycan Premyer Liqası, "Zirə", "Sumqayıt", "Şamaxı" və.s

Axı bu rəqiblər avrokubok matçları üçün göstərici sayılmamalıdır. Haqqlı olaraq soruşacaqsınız ki, Musa nə vaxt avrokubok oyunlarına çıxdı ki, göstəricinin də yanlış olduğunu görək?

Bəli, Musa ilə bağlı belə nümunə yoxdur. Heç kim də zəmanət verə bilməz ki, o, "Frayburq", "Nant", lap elə "Lex"lə matçda 90 dəqiqə meydanda olsa xarüqələr yaradacaqdı.

Amma uğursuz olub, tənqid dalğasına tuş gəlmək ehtimalı daha yüksəkdir. Bu əsası bizə onun həmyaşıdları və komanda yoldaşları olan Toral Bayramov və Elvin Cəfərquliyev nümunələri verir.

Belə ki, hər iki oyunçu da daxili yarışlarda, Musanın qolları sıraladığı rəqiblərə qarşı meydanda özlərini "suda balıq kimi" hiss e(t)dir(r)lər. Səhvsiz, ideal oynadıqlarını çəkinmədən demək olar. Bəs avrokuboklar necə?

Orada isə Toral olanda Elvin axtarırıq, Elvin olanda Toral. Bəzən də əksəriyyətimiz əks cinahda çıxış edən Marko Veşoviçlə aralarındakı dağ boyda fərqi görüb "əşşi avrokuboklar bunlarlıq deyil, al bir əcnəbi oynasın da" deyirik.

Çünki Avropadakı oyunların ağırlığı tam başqadır. Güman ki, Qurbanov da Musanı asta-asta, aram-aram həmin ağırlığa hazırlayır. Yetər ki, bizlər də onun kimi, səbrli olaq, inanaq və o anları gözləyək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi