"Oyunçular hesaba baxmayaraq dayanmırdılar" - Qurban Qurbanov

18 Sentyabr 2022 23:30 Qarabağ 629
"Oyunçular hesaba baxmayaraq dayanmırdılar" - Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm. Çox yaxşı performans göstərdilər. Vacib qalibiyyət idi. Hesabda irəli olsaq da, oyunçular dayanmırdılar".

Sportinfo az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Zirə"yə 7:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis oyunçuların sıx qrafikdə çox əziyyət çəkdiklərini bildirib.

Qurbanov görüşdə 4 qol vuran Musa Qurbanlı haqqında danışıb: "O, ilk olaraq "Qarabağ", daha sonra milli üçün hazır olmalıdır. Yığmanın öz idarəediciləri var. Bu barədə fikir bildirə bilmərəm. Qol vuran futoblçuya maraq çox olur. 4 qol vurması tam hazır olması demək deyil. Mənim üçün vacib olan stabil göstəricilərdir. Hazırlıq mərhələləri var, bunların hamısını keçməlidir. Psixoloji amil də vacibdir. Öz üzərində çox çalışmalıdır. Məşqçilər olaraq bütün oyunçuların idman formasını yaxşılaşdırmaq istəyirik".

Təcrübəli baş məşqçi yerli çempionatda bəyəndilkləri oyunçuların olduğunu diqqətə çatdırıb: "Hər futbolçunun öz müqaviləsi var. O vaxt şans düşdü, istifadə etdik və Filip Ozobiçlə müqavilə imzaladıq. Premyer Liqadakı futbolçuları da izləyirik. Bəyəndiklərimiz də var. Kimləsə bağlı fikir bildirsək, düzgün olmaz. Ancaq bəziləri nəzarətimizdədir".

Mütəxəssis hələlik "Neftçi" ilə görüşü düşünmədiklərini söyləyib: "Futbolçularımızı oyundan-oyuna daha yaxşı hazırlaşdırmaq barədə fikirləşirik. “Neftçi” ilə matça vaxtımız var. Təəssüf ki, bütün futbolçularla hazırlaşa bilməyəcəyik".

Qurbanov heyətdə bəzi dəyişikliklər etdiklərini xatırladıb: "Çox da uğurlu alındı. Bu, mənə inam verir. Avrokubokda istənilən səviyyədə oynamaq üçün çempionatda yaxşı çıxış etməliyik. Bütün oyunçular yaxşı motivasiya olunmuşdular. Avropada az oynayan futbolçular çempionat matçlarını gözləyir. Buna sevinirəm. Hər baş məşqçinin öz düşüncələri var. Yorğunluq barədə çox düşünmək istəmirik. Bəzən bu, qaçılmazdır. İnsan robot deyil. Müəyyən həddə qədər getmək olur".

Baş məşqçi son olaraq yığma komandaların görüşlərinin oyunçulara təsiri barədə danışıb: "Neqativ yanaşmayaq. Bəzi oyunçulara istirahət çox vacibdir. Əlimizdə 3-4 futbolçu qalacaq. Digərləri 3-4 gündən bir oyunlara çıxacaq. Legionerlərimiz arasında da gedənlər var. Futbolçular çox yükləmədə olacaqlar. İstərdim ki, 10 gün bir yerdə olsunlar. Amma edə biləcəyimiz bir şey yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!