"Qarabağ"dan ağır sınaq, möhtəşəm qələbə, lazımlı mesaj!

18 Sentyabr 2022 23:40 Qarabağ 1 567
"Qarabağ"dan ağır sınaq, möhtəşəm qələbə, lazımlı mesaj!

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini dünən qazandı.

Həm də "böyük beşlik" ölkə təmsilçisi olan "Nant" üzərində darmadağınla - 3:0.

Bu qələbənin dəyərini artıran ən önəmli məsələ onun məhz belə həssas dönəmdə qazanılmasıdır.

Bildiyimiz kimi, artıq bir neçə gündür Azərbaycan - Ermənistan sərhəddində döyüşlər gedir. Ordumuz Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını ləyaqətlə alarkən 71 şəhid verib.

Sonuncu 21 şəhidimizin siyahısı isə elə oyun günü, səhər saatlarında rəsmi olaraq elan olunmuşdu.

Meydandakı rəqibin Ermənistanın havadarlarından biri olan Fransa təmsilçisi olması görüşə daha böyük önəm verilməsini labüd edirdi.

Məsuliyyət birə beş artmışdısa, həyəcan da yox deyildi. Komanda üzərində "bu rəqibə belə gündə məğlub olmaq olmaz" psixoloji basqısı hakim kəsilmişdi. Hətta "mütləq qələbə qazanmalyıq" tələbi də az deyildi.

Belə psixoloji gərginlik fonunda 30 min tərəfdar önünə çıxıb layiqli mübarizə aparmaq, ləyaqətli qələbə qazanmaq çox çətin idi.

Əbəs deyil ki, ilk dəqiqələrdə o təzyiqin, son günlər yaşananların üzüntüsü futbolçuların hərəkətlərində də aydın sezilirdi.

Nə yaxşı ki, illərin təcrübəsi burda da "Qarabağ"ımızın dadına çatdı. Toparlana, əhəmiyyətli qələbə yolunda lazımlı addımları ata bildilər.

İlk hissədə özünə gələn Qurbanovun yetirmələri, fasilədən sonra güclü rəqibin daşını daş üstə qoymadı. 60 və 72-ci dəqiqələr aralığındakı 12 dəqiq Fransa nəhəngini devirməyə yetdi - 3:0!

Bu, həm də "Qarabağ"ımızın növbəti çətin sınaqdan alnıaçıq, üzüağ çıxmasının təsdiqi oldu. Bu, həm də Fransa kimi ölkəmizə qarşı qərəzli mövqedə olan dövləti həm də futbol meydanında verilən lazımlı mesaj idi - Qarabağ Azərbaycandır!

Buna görə çox sağ ol, "Qarabağ"! Əhsən, "Qarabağ"!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti