"Özüm burada olsam da, ürəyim "Qarabağ"ladır"

13 Avqust 2022 00:30 Qarabağ 2 874
"Özüm burada olsam da, ürəyim "Qarabağ"ladır"

"Görüş çox ağır keçdi, hava isti idi. Günorta saatlarında oyuna çıxdıq".

Sportinfo.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət millinin yarımmüdafiəçisi İsmayıl İbrahimli Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Mərakeşlə 2:2 hesablı heç-heçə etdikləri B qrupunun sonuncu - III tur matçından sonra jdeyib.

24 yaşlı oyunçu rəqibin güclü komanda olduğunu bildirib:

"Rəqib futbolçuların yaşı da bizdən çox idi. Bizdə isə yalnız Murad Xaçayevlə mən nisbətən təcrübəliyik. Özümüzə inanırdıq. Böyükhesablı qələbə də qazana bilərdik. Amma oyun heç-heçə bitdi".

"Qarabağ"ın futbolçusu ilk turda Səudiyyə Ərəbistanına 0:1 hesablı məğlubiyyətin səbəbini də açıqlayıb:

"Bilirsiniz ki, bu komanda U-23 Asiya çempionu olub. 6 matçda qapısından top buraxmayıb. Düzdür, həmin heyətdən çox futbolçular yox idi.

Amma bizim oynadığımız da U-23 yığmasıdır. Həmin kollektivlə görüşdə də xal qazana bilərdik. Təəssüf ki, alınmadı".

İbrahimli əsas hədəflərinin finala çıxmaq olduğunu vurğulayıb: "Yarımfinaldakı mümkün rəqiblərimizin oyunlarını izləməmişik.

Məşqçilərimiz analiz edib, bizə lazımi tapşırıqları verəcəklər. Məqsəd finala yüksəlməkdir".

Futbolçu "Qarabağ"ın Macarıstanda "Ferentsvaroş"a 3:1 hesabı ilə qalib gəldiyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu izləyə bilməyib:

"Sonradan icmala baxdım və çox sevindim. Komandanın matçlarını kənardan izləmək çox çətindir. Ürəyim "Qarabağ"ladır. Amma milli komanda ilə bura gəlmişəmsə, əlimdən gələni etməliyəm".

Digər Xəbərlər
Xəbər Lenti