Tahir Gözəl: "Qurban Qurbanov “Qarabağ"da möcüzələr yaradır" - VİDEO

11 Avqust 2022 19:00 Qarabağ 659
Tahir Gözəl: "Qurban Qurbanov “Qarabağ"da möcüzələr yaradır" - VİDEO

"Ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində çıxış edəcəyik. Bu, bizim üçün böyük uğurdur".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Türkiyənin "beIN Sports" kanalında yayımlanan "Muhabir Masası" verilişində qonaq olarkən deyib.

Funksioner bildirib ki, "köhlən-atlar" dünyada tayı-bərabəri olmayan çox gözəl hekayəyə sahibdir:

"Qarabağ" doğma şəhərinə həsrət qalan və bunu dilə gətirən klub olaraq yola çıxdı. Bu komandanın Avropada tanınması ümummilli lider Heydər Əliyevin arzusu və istəyi idi.

Sevindiricidir ki, bu müqəddəs vəzifəni öz üzərimizə götürdük və 14 il öncə baş məşqçimiz Qurban Qurbanovla möhtəşəm səyahətə başladıq".

T.Gözəl "Qarabağ" adının Azərbaycan xalqı, türk dünyası üçün önəmini yaxşı dərk etdiklərini söyləyib:

"Qurban Qurbanov da sağ olsun, mənəviyyatı, dürüstlüyü, şəxsiyyəti, bacarığı, peşəkarlığı və liderliyi ilə, ən əsası isə əlindəki imkanlarla möcüzələr yaradır.

Şükürlər olsun ki, birlikdə klubu bu yerlərə gətirdik. Bu komanda xalqın sevgisini qazandı.

Cənab Prezident İlham Əliyevin təkcə yaxşı günlərdə deyil, ən çətin anlarda belə, bizi qəbul edərək, dəstək verməsi komanda üçün inanılmaz mənəvi hekayə oldu".

İş adamı Vətən müharibəsi zamanı UEFA Avropa Liqasının qrup oyunlarını Türkiyədə keçirdiklərini xatırladıb:

"UEFA-dan tələb gəldi ki, başqa ölkədə oynamalısınız. Təbii ki, bizim üçün başqa seçim ola bilməzdi.

Oyun Türkiyədə, öz vətənimizdə olmalı idi. "Başakşehir"in stadionunda oynadıq. Həmin vaxt "Sivasspor"la da qarşılaşdıq.

Hər iki matçda özümüzü ev sahibi kimi hiss etdik. Pandemiya ilə bağlı tribunalar boş olsa da, komandamız stadiona gedərkən çox gözəl qarşılandıq və yola salındıq.

İstanbulda Bakıdakından çox bayraq gördük. Bizi isti qarşıladılar, özümüzü evimizdəki kimi hiss etdik. Bu qardaşlığımız və birliyimizin daim davam etməsini istəyirik.

Əslində hazırda bunu bütün dünyaya çatdırmaq üçün çox gözəl fürsətimiz var. 44 günlük müharibədə hamı iki ölkənin qardaşlığını gördü. Bunu Çempionlar Liqasında da yaşamaq istəyirik.

Bilirəm ki, "Trabzonspor" qrupa düşsə, bunu Bakıda səhərədək qeyd edəcəyik. Əminəm ki, eyni şey "Qarabağ"ın qruplardakı matçları zamanı Türkiyədə baş verəcək".

O, Türkiyənin iddialı klublarından birinin iştirakı ilə Bakıda yoldaşlıq oyunu keçirilməsi ideyasına da münasibət bildirib:

"Bu fikri daha əvvəl Türkiyə klublarından səsləndirənlər oldu. Hər iki tərəf belə bir matçın keçirilməsini arzuladı.

Sadəcə, sıx oyun qrafiki ilə bağlı bunu gerçəkləşdirə bilmədik. Amma bizim üçün şərəf, ən böyük bayram olar.

Bunu mütləq həyata keçirmək laızmdır. Hətta mən 1 oyun deyil, turnir keçirilməsini istərdim.

Qrafiklə bağlı imkanlarımız daxilində buna ürəkdən hazırıq. Möhtəşəm ideyadır".

Digər Xəbərlər
Xəbər Lenti