Çox böyüksən, "Qarabağ"! Çox böyüksən, Qurbanov!

10 Avqust 2022 10:40 Qarabağ 2 097
Çox böyüksən, "Qarabağ"! Çox böyüksən, Qurbanov!

Dünən gecə Azərbaycan futbol ictimaiyyəti üçün möhtəşəm tarix kimi yaddaşlara həkk olundu.

Ki, son ölkə çempionu "Qarabağ" 5 il aradan sonra tarixində ikinci dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı.

Əzəmətli himn bir neçə gün sonra yenə paytaxtımızda səslənəcək.

Təmsilçimiz bu uğuru Macarıstandakı möhtəşəm oyunu və fantastik qələbəsi ilə qazandı.

"Ferentsvaroş" üzərindəki qələbədən (3-1) sonra hər kəsin dediyi ortaq fikir var - Bu komanda Avropa futbolu oynayır.

Nə qədər də qəribə səslənir, elə deyilmi?

Azərbaycan Premyer Liqası və Avropa futbolu?

Elə "Qarabağ"ın zəfərininin miqyasını böyüdən də bu sualdı.

Ki, məşqçisi bilinməyən "Şamaxı"nın, avtobusu olmayan "Turan Tovuz"un, Mərdəkanda oynayan "Kəpəz"in, 5 gün içində məşqçi ilə müqaviləni uzadıb-pozan "Səbail"in olduğu bir liqadan bu səviyyəyə çatmaq/qorumaq sadəcə fantastikadır.

Ən bab saydığımız rəqib "Neftçi"dirsə, "Qarabağ" ötən il bu komandaya 4 matçın hamısında rahat qalib gəlib.

Bir sözlə, yarısı rəqabətə yaramır, yarısı da peşəkarlıqdan uzaqdır. Gəl indi bu ortamda balansı qoru və Avropa futbolu oyna da.

Çox çətindir, çox!

Ona görə də çox böyüksən, "Qarabağ"! Çox böyüksən, Qurbanov!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!