Qurban Qurbanovun transfer problemi - "Qarabağ"ın "axil dabanı"

7 Avqust 2022 19:00 Qarabağ 2 526
Qurban Qurbanovun transfer problemi - "Qarabağ"ın "axil dabanı"

«Qarabağ» Çempionlar Liqası kimi, Premyer Liqaya da qələbə ilə başladı.

Qol vurmaq sarıdan korluq çəkmirlər - qitənin ən mötəbər turnirində 5 oyuna 11 dəfə fərqlənən «Qarabağ»ın ölkədaxili yarışmaya 3 qolla start verməsindən təbii bir şey yoxdur.

Qəribə görünən hal müdafiə xəttinin mübarizə apardığı turnirin səviyyəsindən asılı olmayaraq, hər dəfə səhvlərə açıq qapı buraxması, qol buraxmasıdır.

Qurban Qurbanov, heç şübhəsiz, bunları görür, analiz edir, xətaları minimuma endirməyin yollarını axtarır.

Hər oyunu hücumçular, yarımmüdafiəçilər çıxara bilməz, gərək arxa xətt də etibarlı olsun. Yalnız ön və orta sahə adamlarına ümid bağlayıb, qələbələri sıralamaq da qeyri-mümkündür.

Müdafiədə ciddi boşluqlar mövcuddur və hazırkı kontingentlə onların aradan qaldırılması çətin görünür.

Kevin Medina oldu, ya olmadı, Maksim Medvedev oldu, ya olmadı, Bədavi Hüseynov oldu, ya olmadı - çatışmazlıqlar, əyər-əskiklər adam boyundadır.

Qurbanovun rotasiyaları belə, birinci zonanı etibarlı göstərmir. Deməli, müdafiəyə yenilənməlidir: yeni transferlərlə, daha qiymətli və səviyyəli legionerlərlə.

Nə qədər gec deyil, problem həll olunmalıdır.

Çempionlar Liqasında iki mərhələ adlayan «Qarabağ» Konfrans Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.

«Ferentsvaroş»la Macarıstandakı cavab qarşılaşması göstərəcək ki, komanda yoluna ÇL-in, yoxsa Avropa Liqasının pley-offunda davam etdirəcək.

İstənilən halda «Qarabağ» ən azı bu ilin sonunadək avrokuboklar səhnəsində yer alacaq.

Qarşıdakı ayları, qrupdan çıxmaq perspektivini göz önünə gətirsək, kisənin ağzını indi bir az da daha geniş açmaq günün tələbidir.

Bunlarla uzağa getmək olar ey, amma çox uzağa getmək olmaz!

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti