"Qarabağ" üçün narahatlıq və ümid

5 İyul 2022 18:00 Qarabağ 1 037
"Qarabağ" üçün narahatlıq və ümid

Bir illik fasilədən sonra “Qarabağ” yenidən Çempionlar Liqasında mübarizəyə start verir. Bir illik fasilə ona görə deyirəm ki, ötən il “Neftçi” çempion olmuş, “Qarabağ” isə 7 ildən sonra bu turnirdən avrokuboklara start verə bilməmişdi.

Hamımızda bir narahatçılıq, təlaş hiss olunurdu ki, 7 il sonra komanda Avropa səhnəsində uğursuzluq yaşaya bilər. Hər halda çempion olaraq avrokuboklara getməyin bir neçə üstünlüyü əldən çıxmışdı. Avropa yolu Çempionlar Liqasından deyil, yeni yaradılmış Konfrans Liqasından götürülürdü.

Amma Qurban Qurbanovun yetirmələri bütün pessimist hissləri kənara ataraq, nəinki öncəki illərdə olan uğuru təkrarlamaq, hətta ilk dəfə qrup səddini aşaraq pley-off mərhələsinə belə yüksəlməyi bacarmışdı.

Bu gün də oyun öncəsi pessimist fikirlər az deyil. Başlıca səbəb isə təmsilçimizin ilk mərhələdəcə Polşa kimi ölkənin çempionu ilə qarşılaşmasıdır. “Qarabağ” isə adətən öz istədiyi formasına növbəti mərhələlərdə yüksələ bilir. Əslində reallığı özündə əks etdirən, məntiqli bir narahatlıqdır.

Bəs ümid? Ümid kimədir? Təbii ki, o narahatlığın fonunda böyük bir ümid də var. İllərdi bütün sterotipləri qıran “ağdamlılar”ın bu gün növbəti maneəni də aşacağına inanırıq. Arxada qalan 8 ildə bu xüsusda o qədər narahatlıqlar olub ki...

Gah deyilib ki, “Mahir Emreli ilə ÇL olar?”, gah deyilib ki, “Şahruddin Məhəmmədəliyevlə qrup mərhələsinə getmək olar?”, gah da deyilib ki, “Çempion olmasa, avrokuboklarda uğur qazanmaq çətin olar” və.s, sə.i.

Ümid edək ki, bu gün komanda üzvləri “İlk mərhələdə zəif çıxış edirlər” damğasını da üzərindən atacaq. Atmalıdır!

Ki, Avropadakı uğur zəncirini davam etdirmək yolunda bugünkü “Lex” qələbəsi çox önəmli açar rolunu oynamalıdır. Düzdü, Bakıda cavab qarşılaşması var, amma axşamkı 90 dəqiqə də az suala aydınlıq gətirməyəcək. Gözləyək...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!