Aldığı təklif “Qarabağ”ın xoşuna gəlmədi – Az pul verirsiz, satmırıq

30 İyun 2022 11:40 Qarabağ 2 054
Aldığı təklif “Qarabağ”ın xoşuna gəlmədi – Az pul verirsiz, satmırıq

“Qarabağ” Kadi Borgesə görə Beer-Şeva “Hapoel”dən aldığı təklifi geri çevirib.

Sportinfo.az bu barədə məlumatı Ağdam klubundan alıb.

Redaksiyamıza verilən informasiyaya görə, braziliyalı yarımmüdafiəçiyə İsrail təmsilçisindən rəsmi dəvət gəlib

“Hapoel” hücum xəttini gücləndirmək üçün bir neçə futbolçu ilə danışıq aparır ki, onların transfer siyahısında yer alanlardan biri də Borgesdir.

Kadi Borges ötən mövsüm 12 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub. Onun “Qarabağ”la müqavilə müddəti 2023-cü ilin yayında bitir.

İsrail mətbuatının yazdığına görə, “Hapoel” rəhbərliyi 26 yaşlı hücumameylli vinger üçün 400 min avroluq təklif göndərib. Amma bu, həqiqəti əks etdirmir.

Beer-Şeva təmsilçisi “Qarabağ”a 350 min avro ödəməyə hazır olduğunu bildirib. “Köhlən atlar”ın aldığı rəsmi təklifdə bu rəqəm göstərilib.

Cənubi amerikalının özünə isə ilk ildə 250 min avro verməyə razıdırlar. Braziliyalının sonrakı iki mövsümdə ala biləcəyi məbləğ isə 400 min avroya kimi yüksələcəkdi.

Fəqət, “Qarabağ” bu rəqəmləri gerçək saymayıb. Qarşı tərəfin diqqətinə çatdırılıb ki, “sambaçı”nın real qiyməti bundan qat-qat yüksəkdir və satışı müzakirə mövzusu deyil.

Digər Xəbərlər
Xəbər Lenti