Dünənki gündə də sabahı unutmayan Qurban Qurbanov

20 May 2022 22:20 Qarabağ 718
Dünənki gündə də sabahı unutmayan Qurban Qurbanov

"Qarabağ" ailəsində toy-bayram idi.

"Köhlən atlar" azad Qarabağdan sonra yaşanan 9-cu çempionluğu böyük təmtəraqla qeyd etdi.

Bu məqsədlə tədbirə başda klubun fəxri prezidenti Abdolbar Gözəl olmaqla məşqçilər korpusu, futbolçu heyəti və çox sayda mətbuat nümayəndələri dəvət almışdı.

Ziyafət bir çox açıqlamalar və görüntülərlə gündəm oldu. Mənim diqqətimi daha çox çəkən isə baş məşqçi Qurban Qurbanovun söylədiyi nitq oldu.

Hər kəsin şənləndiyi gündə də təcrübəli mütəxəssis sanki sabahı düşünürmüş kimi futbolçularına yönəlik açıqlama verdi.

O, "Mənim döyüşçülərim" deyə müraciət etdiyi futbolçularına söylədiyi aşağıdakı fikirləri Çempionlar Liqasında gedən yolda önəmli motivasiya xarakterli çağrış kimi də qəbul edə bilərik.

Sitat: “Məni təqdimat zamanı Azərbaycanın ən yaxşı məşqçisi adlandırdılar. Həm klub rəhbərliyinin, həm məşqçilərin yaxşı olmasında ən böyük güc onun futbolçularıdır. Onlar olmasa, bizim dediklərimizi icra edə bilməsə, biz yaxşı oynaya bilmərik. Futbolçularıma bir ad vermişəm: mənim döyüşçülərim. Bunu onlara inanaraq demişəm. Mən istərdim ki, siz günü-gündən daha güclü döyüşçü, daha yaxşı vətənpərvər olasınız və bizim Qarabağımızın dəyərini daha yaxşı anlayasınız. Mən heç bir bölgəni ayırmaq istəməzdim. Amma üzürlü hesab etsinlər, mən Qarabağı həmişə ayırıram. Burada uğurlarım olub-olmayıb, bundan sonra olacaq-olmayacaq bu ayrı məsələdir, amma “Qarabağ” digərlərindən fərqlənir. Mən bir azərbaycanlı olaraq o fikirdəyəm ki, bu komandada döyüşçü hissi olmayan futbolçu olmalı deyil. Ona görə də bir dostunuz, məşqçiniz olaraq mənim sizdən daim tələb etdiyim bu olacaq. Dostlar, biz uduza bilərik, kuboku almaya bilərik, amma biz döyüşçü olmaya bilmərik. Bu klub, ümumiyyətlə, Qarabağ özü Azərbaycan üçün böyük dəyərdir. Ölkə başçısının da bizə diqqəti tam fərqli olub. Ona görə də bizim məsuliyyətsiz və istəksiz olmağa haqqımız yoxdur. Mən sizə güvənirəm və sizdən daha çoxunu tələb edəcəm. Bizi qarşıdakı daha böyük döyüşlər, uğurlar gözləyir. İnşallah, biz hamımız - sıravi işçilərimizdən başlayaraq bu uğurları əldə edəcəyik”.

Əminəm ki, bu çıxış futbolçuların arxayınlığını aradan aparmaqla bərabər, həm də Çempionlar Liqasının qrupuna yüksəlmək yolunda önəmli rol oynaya bilər.

Bir sözlə, bəndəniz dünənki fikirlərdən bir Çempionlar Liqası ətrini "hiss etdim". Ümid edək ki, bugünkü mənəvi hissiyat, zamanı çatanda cismani həqiqətə çevriləcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti