Qurban Qurbanovu uşaqlıqdan tanıyan şəxs elə faktlar açıqladı ki…

26 Yanvar 14:00 Qarabağ 862
Qurban Qurbanovu uşaqlıqdan tanıyan şəxs elə faktlar açıqladı ki…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin dekabrın 13-də UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" klubunun üzvlərini qəbul elədi.

Dövlət başçısı görüşdə "Qarabağ"ı təbrik etdi və komanda haqda fikirlərini bildirdi.

Prezidentdən böyük diqqət və qayğı

Prezident klub üzvləri ilə artıq 3-cü dəfə görüşdüyünü xatırlatdı və bildirdi ki, bu komanda ölkəmizə qələbələr gətirir:

"Əziz “Qarabağ” futbol klubunun nümayəndələri.

Sizi əldə edilmiş yeni nailiyyət münasibətilə ürəkdən təbrik edirəm. “Qarabağ” futbol klubu Azərbaycan azarkeşlərini, deyə bilərəm ki, bütün Azərbaycan xalqını bir daha sevindirib.

Bu qələbə bir daha onu göstərir ki, “Qarabağ” futbol klubu Azərbaycan futbolunun flaqman komandasıdır. Bu, birinci dəfə deyil ki, “Qarabağ” beynəlxalq yarışlarda böyük uğurlar qazanır, xalqımızı, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. Bu uğurlar təsadüfi deyil. Çünki bilirəm ki, klub rəhbərliyi, məşqçi heyəti, futbolçular həm yüksək məsuliyyət, peşəkarlıq göstərirlər, eyni zamanda, müntəzəm olaraq peşəkarlığı artırmaq, daha da yaxşı nailiyyətlər əldə etmək üçün yorulmadan çalışırlar. Hər qələbə, “Qarabağ” futbol klubunun hər tarixi addımı hər bir Azərbaycan vətəndaşını sevindirirdi. Əminəm ki, növbəti mərhələdə də siz komandaya xas olan əzmkarlıq və vətənpərvərlik göstərərək, xalqımızı sevindirəcəksiniz. Avropa Konfrans Liqası turnirinin pley-off mərhələsinə çıxmaq doğrudan da böyük nailiyyətdir. Mən bilirəm ki, “Qarabağ” klubu, rəhbərlik, məşqçilər, həmişə özlərini çox ləyaqətlə aparırlar, bəzi başqa məşqçilər və klub rəhbərləri kimi hay-haray salmırlar, qalmaqal yaratmırlar, əl-qol açmırlar. Mən bunu təqdir edirəm. Güclü insan həmişə özünü nizamlı aparır, həmişə gücünü lazım olan halda işə salır və bunu mən alqışlayıram. Mən sizinlə üçüncü dəfə görüşürəm - 2014-cü ildə, 2017-ci ildə və bu dəfə. Nə üçün? Çünki siz ölkəmizə, xalqımıza qələbələr gətirirsiniz və çox istərdim ki, bizim digər futbol klublarımız sizin yolunuzla getsin və mən onlarla da görüşüm, onları da nailiyyətlər, uğurlar münasibətilə təbrik edim. Əminəm ki, bu da olacaq. Amma “Qarabağ” yenə də deyirəm, hələlik Azərbaycan futbolunun aparıcı komandası olaraq qalır".

14 ildir davam edən era

Cənab prezidentin qeyd etdiyi kimi, "Qarabağ"ın uğurlarının kökündə sabitlik, planlı çalışma, məqsədə doğru inam və mübarizə ruhu dayanır.

Ağdam klubu artıq 14 ildir ki, Qurban Qurbanovla bu yolu gəlir. Bir bütünləşmə əmələ gəlib aralarında. "Qarabağ"ı Qurbanovsuz, Qurbanovu da "Qarabağ"sız təsəvvür eləmək belə, çətindir indi.

Çempionlar Liqası və Avropa Liqasından sonra Konfrans Liqasında daAzərbaycan futbolu adına bir ilki reallaşdıran klubun "neçə belə illərə" dedizdirən iddiası var ortada.

"Deyirdi ki, məni heç kim fikrimdən döndərə bilməz"

İstənilən komanda onu çalışdıran məşqçinin aynasıdır. Qurban Qurbanovu şəxsən yaxından tanıyan Mahmud Məmmədov Zaqatalanın II Tala kəndindədir.

Sportinfo.az-ın redaksiyasına qonaq olan müsahibin dediyinə görə, "Qarabağ"ın keçdiyi inkişaf yolu ona Qurbanovun uşaqlıq illərini xatırladır:

"Mən ondan 10 yaş böyükəm. Kənddəki evimiz onlara yaxın idi. Xatırlayıram, o, hər gün topu qoltuğuna vurub, məşqə gedirdi. Başqa uşaqlar küçədə başqa-başqa oyunlar oynayanda, Qurbanın günü meydançada keçirdi. Zaqatalada Şaban Şirdanovu hamı tanıyır, «Daşqın»ın baş məşqçisi olub. Qurbanın ilk müəllimi də o olub. Məhəllədə yaşlı adamlar, ağsaqqallar ondan soruşurdu ki, ay bala, hər gün hara gedirsən belə? Cavab verirdi ki, futbola. Deyirdilər ki, bəsdir həvəsini futbola saldın, özünə başqa sənət seç, nə görmüsən bunda… O da həmişə eyni sözü təkrarlayırdı: mən futbolçu olacam! Özü də bu sözü elə inamla deyirdi ki… Deyirdi ki, məni heç kim fikrimdən döndərə bilməz, məqsədimə çatmaq üçün bütün çətinliklərə dözəcəm. Elə də oldu. Tezliklə «Daşqın»da parladı, oradan da böyük futbola yolu açıldı».

"Gözləri üzündən tez gülür"

M.Məmmədovun bildirdiyinə görə, Qurbanovlar böyük ailədir və 4 qardaş xasiyyətcə bir-birlərinə bənzəyir: «Qurban qardaşların ən balacasadır. Toppuş uşaq idi, hərdən yanaqlarından tutub dartardıq. Başqa işlərə elə həvəs eləməzdi, fikri elə o vaxtdan futbolda idi. Gözləri üzündən tez gülərdi. İndi də elədir. Düzdür, onu illərdir görmürəm, ancaq televizorda danışanda fikir vermişəm – heç dəyişməyib. Bəzən deyirlər ki, qaraqabaq adamdır. Qətiyyən elə deyil. Sadəcə, artıq sözlər danışmaz, yersiz gülməz. Kənddə yaşlılar Qurbanı həmyaşıdlarına nümunə göstərirdilər, deyirdilər ki, siz də çalışın, onun kimi olub. Rəhmətlik anam Qurbana, qardaşlarına orta məktəbdə dərs deyib. Söz düşəndə, deyirdi ki, qardaşların hamısı tərbiyəsi ilə seçilir, dərslərində məsuliyyətlidirlər».

"Onlar imkanlı ailə olmayıb, əzab-əziyyətlə böyüyüblər"

Həmsöhbətimizin dediyinə görə, o, Q.Qurbanovun futbolçu və məşqçi həyatında uğur əldə edəcəyinə ilk gündən inanıb: «Qarabağ» bir günün içində bu səviyyəyə çatmayıb. Görün, üstündən neçə il keçib! «Qarabağ» hər il bir az da inkişaf edir. Qurban özünü bütünlüklə işə verib, odur ki, nəticələri həmişə yaxşıdır. Onun futbola yeni başladığı illərdə respublikada vəziyyət indiki kimi deyildi, qeyri-sabit idi, problemlər çox idi. Zaqatalanın özündə də kriminogen vəziyyət gərgin idi. Qurban o vaxt düzgün qərar verdi, rayonda qalmadı, başqa yerlərə getdi, sonra da Rusiyaya. Xoşlayırdı ki, bu gün dünənkindən daha yaxşı olsun. Yəni biz onu qazandığı uğurlarla kifayətlənən, arxayınlaşan biri kimi tanımamışıq. İnanmıram ki, kimlərsə, nələrsə Qurbanı yolundan döndərə, ruhdan sala bilsin. Qarşısına bir məqsəd qoydusa, mütləq ona çatacaq. Yəqin ki, bu da ailədən irəli gəlir. Onlar imkanlı ailə olmayıb, əzab-əziyyətlə böyüyüblər, halal zəhmətlə dolanıblar».

Xanoğlan İmanov
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb. Əyalətdə futbolumuz və sağlam cəmiyyət naminə fəaliyyət göstərən akademiya

Digər Xəbərlər
Xəbər Lenti