Gün gəldi, “Qarabağ” bunu da gördü – 12 oyundan sonra...

30 Noyabr 2021 20:40 Qarabağ 1 136
Gün gəldi, “Qarabağ” bunu da gördü – 12 oyundan sonra...

Mövsümün əvvəlində cızdığı uğurlu qrafiklə diqqətləri üzərinə çəkən “Qarabağ”ın uzun müddətli seriyalarına bir-bir son qoyulmaqdadır.

Təmsilçimiz “Kayrat”la Respublika stadionundakı matça qədər Avropa Konfrans Liqasının Bakıdakı oyunlarında qapısında top görməmişdi.

Təsnifat mərhələsində “Aşdod”, AEL və “Aberdin”lə qarşılaşmalarda qapısını toxunulmaz saxlayan Şahruddin Məhəmmədəliyev “Bazel”in futbolçularına da qola sevinmək imkanı verməmişdi.

Nəhayət, Jose Kante ağdamlıları ilk dəfə təşkil olunan turnir çərçivəsində Bakıda məyus etməyi bacarmışdı.

“Köhlən atlar”ın uğurlu sindromu həm də məğlubiyyətsiz oyunlar seriyası ilə bağlı idi.

İyulun 22-də “Aşdod”la görüşdə başlayan məğlubiyyətsizlik düz 16 oyun – oktyabrın 25-nə qədər davam etmişdi. 9-u Avropa Konfrans Liqasında, 7-si çempionatda olmaqla. Uzun müddətli qələbə seriyası 16 oyundan sonra qırılmışdı.

“Qəbələ” ilə qolsuz bərabərliklə başa çatan oyunda isə növbəti maraqlı fakt üzə çıxdı. “Qarabağ” xeyli vaxt idi meydanı qolsuz tərk etmişdi. Bu, sonuncu dəfə sentyabrın 16-da “Bazel”lə Bakı Olimpiya Stadionunda baş vermişdi.

O gündən bu yana 4-ü Avropa Konfrans Liqasında, 8-i Azərbaycan Premyer Liqasında olmaqla 12 oyuna çıxan “köhlən atlar” bir dəfə də olsun meydanı qolsuz tərk etməmişdi. Hətta “Səbail”ə 1:3 hesablı yenilgi zamanı da rəqib qapısına yol tapmaq mümkün olmuşdu.

Beləliklə, “Qarabağ” iki ayyarımdan, yəni 12 oyundan sonra ilk dəfə 90 dəqiqə ərzində qol vura bilmədi.

Ümumiyyətlə, Qurban Qurbanovun yetirmələri cari mövsümdə keçirdiyi 23 oyunun yalnız 3-də rəqib qapıçını məyus edə bilməyib.

Bunlar Bakıda “Aşdod” və “Bazel”lə oyunlar, eləcə də “Qəbələ” ilə dünənki səfər qarşılaşmasıdır. Bütün hallarda qolsuz bərabərlik qeydə alınıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti