“Kayrat” tarixində ilk dəfə... “Qarabağ” hara, bu komanda hara?

21 Oktyabr 2021 19:40 Qarabağ 1 011
“Kayrat” tarixində ilk dəfə... “Qarabağ” hara, bu komanda hara?

Bu gün Respublika stadionunda “Qarabağ”a rəqib qismində meydana çıxacaq “Kayrat” Qazaxıstanda “xalq komandası” kimi tanınır.

Eynilə bizim “Neftçi” kimi.

1954-cü ildə Almatıda yaradılan ilk peşəkar klub kimi tarixə düşən “sarı-qaralar” yaşca yalnız “Ordabası”dan kiçikdir (1949).

Qazaxıstan müstəqillik qazanandan sonra “Kayrat” cəmi 3 dəfə ölkə çempionluğunu bayram edib. Əvəzində, ölkə kubokunu 9 dəfə qazanmaqla bu göstəricidə rekorda imza atıb. Daha 2 dəfə Superkubok sevinci yaşayıblar.

Ölkədaxili yarışlarda tarixə imzasını atmağı bacaran almatılılar indiyə qədər avrokuboklarda iz qoymağı bacarmayıb. Halbuki, 11 mövsüm beynəlxalq arenalarda iştirak imkanı qazanıblar.

Və heç bir halda Çempionlar Liqası ilə Avroliqanın qrupuna vəsiqə qazanmaq mümkün olmayıb. Baxmayaraq ki, 2015-16 mövsümündə Avroliqanın pley-offuna qədər irəliləmişdilər.

Qısası, Qazaxıstan təmsilçisi Avropa Konfrans Liqasının qrupunda iştirak imkanı qazanmaqla tarixi ilkə imza atmış olub. Bu, onların qrup mərhələsində ilk sevincidir.

Onların bacarmadığını 12 yaşlı “Astana” bacarıb. 6 qat ölkə çempionu 2013-14 mövsümündən bu yana 1 dəfə Çempionlar Liqasının, 3 dəfə Avroliqanın qrupunda mübarizə aparıb.

Qazaxıstanda başqa heç bir komandaya bu sevinci yaşamaq qismət olmayıb.

“Qarabağ” isə, ardıcıl səkkizinci mövsümdür avrokubokların qrup mərhələsinə yükəlməyi bacardı.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti