“Qarabağ” bu legionerin transferindən imtina etdi

11 May 2021 15:00 Qarabağ 1 810
“Qarabağ” bu legionerin transferindən imtina etdi

Premyer Liqada çempionluq mübarizəsini davam etdirən “Qarabağ”la bağlı bir neçə gündür yeni transfer xəbəri yayılııb.

Cari mövsümdə heyət baxımından problemlə üzləşən Ağdam təmsilçisi növbəti il bu çətinliklə üzləşmək niyyətində deyil.

Bu səbəbdən də “köhlən atlar” indidən futbolçu axtarışına start verib.

Bu, Felipe Ryan Alves Silvadır. 24 yaşlı braziliyalı pleymeyker hazırda Portuqaliyada - “Real Alverka”da çıxış edir.

Yarımmüdafiənin həm sağ, həm sol cinahında, həm də mərkəzində çıxış etməyi bacaran oyunçu bu mövsüm komandasının heyətində yalnız 1 oyuna çıxıb.

O, ölkə kubokunun 3-cü mərhələsində “Torrinze”yə 0:2 uduzduqlarını qarşılaşmada 57 dəqiqə meydanda olub.

180 sm boya malik futbolçu peşəkar karyerasına Portuqaliyada başlayıb. “Jil Visente”nin 19 yaşlılarında, “Sernake”də, “Kaldas”da, “Akademika Viseu”da çıxış edib.

O, iyunda azad agent olacaq. Məhz bu amil onun “Qarabağ”a keçidini asanlaşdırır. Ağdamlıların baş məşqçisi Qurban Qurbanov Felipe Rayanla maraqlanmaları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Deyib ki, bu futbolçu ilə maraqlansalar da, rəsmi təklif göndərilməyib: "Hazırda 15-20 oyunçu ilə danışıq gedir. Rəsmi təklif yoxdur. Sadəcə, maraqlandığımız oyunçulardan biri ola bilər".

Redaksiyamıza daxil olan son məlumata görə, Azərbaycan çempionu cənubi amerikalı legionerin transferini gündəmindən çıxarıb. Buna səbəb onun son vaxtlar az oyun keçirməsi və nizam-intizamla bağlı problemlərinin olmasıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti