Qurban Qurbanov 5-6 transfer etməsə, "Qarabağ" olmayacaq

30 Aprel 2021 11:40 Qarabağ 1 787
Qurban Qurbanov 5-6 transfer etməsə, "Qarabağ" olmayacaq

«Qarabağ» dəyişməlidir.

Qurban Qurbanov bu prosesi sürətləndirməlidir. Gecikmədən, 1 dəqiqə artıq düşüncəyə qapılmadan, tərəddüdə dalmadan.

Bu, olmalıdır. Görməsi gərəkən birinci işi budur onun. Geriyə boylanmağa dəyməz: «Qarabağ» o deyil, dünənki deyil. sabahkı «Qarabağ» da bu cür olacaqsa, avrokuboklarda uğursuzluq şübhə doğurmayacaq.

Qurbanov komandasının yorğun olduğunu söyləyib. Eləyə qalsa, hamı yorulub. Kimisi az, kimisi çox.

Bəli, ağır pandemiya şərtləri altında Avropa Liqasında qruplara qalmağı bacarmış, bununla paralel, Premyer Liqada və kubokda mübarizəsini davam etdirən komandanın problemlər yaşaması gözlənilən idi.

Burada təəccüblü heç nə yox idi. Yəqin ki, Qurbanovu zədəli futbolçuların çoxluğu, bir də hakimlərin onların əleyhinə çönməsi çaşbaş salıb.

Flip Ozobiç meydandadırsa, «Qarabağ» futbol oynayır və qazanmağa daha yaxın olur.

Mən burada bir hikmət axtarmıram. Xorvatiyalı yarımmüdafiəçi «Qarabağ»ın oyununa sürət və rəng qatan yeganə parlaq simadır.

Abdullah Zubir? Fransalı yalnız özü üçün oynayır: əgər hal-əhvalı yerindədirsə. Fikri hardasa qalıbsa, həmin gün meydanda ruh kimi dolaşır, bir küncə sıxılıb qalır, məsuliyyəti üzərinə götürməkdən yayınır.

Ünvansız ötürmədər, kortəbii ötürmələr adi hala dönüb. Əvvəl Dani Kintana, Miçel və Donald Gerye var idi, hər dəfə biri vacib anlarda səhnəyə atılır, tablodakı rəqəmləri dəyişdirirdi.

Görün, «Qarabağ» necə zəifləyib ki, şoumen Mahir Emreli hücum xəttində yer almayanda, komanda dişləri tökülmüş qocaya bənzəyir.

«Qarabağ» sürətini və kəsərini itirib. Futbolçuları meydanın hər bölümündə gəzişən görəcəksiz. Yeriyə-yeriyə yan paslardan o qədər istifadə edirlər ki…

Baxırsan və fikirləşirsən ki, bunlar yanlarını yerdən tərpədincə, səhər axşam olar. Bu «Qarabağ»ı büdrətməyə nə var – yolu asan və sadədir.

Kvabena Ovusu, Emin Cəfərqultyev, Kevin Medina ilə qurtarmaq lazımdır. Toral Bayramv da bir müddət ehtiyat skaamyada növbə çəksə, komandanın xeyrinə olar.

Qurban Qurbanov köklü islahatlar aparmağa gec qalsa, avrokuboklarda sinəsinə döyəcək.

Avropanın göbəyindən minimum 5-6 yeni legioner aldırmalıdır ki, bəlkə köhnə «Qarabağ»ın kölgəsini meydanda görək. Bu komanda son 10 ilin ən zəif «Qarabağ»ıdır.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!