"Hamıya başağrı olacağıq, xal ehtiyatımızı artıracağıq” - “Araz-Naxçıvan”lı

14 Dekabr 2023 14:20 Araz-Naxçıvan 892
"Hamıya başağrı olacağıq, xal ehtiyatımızı artıracağıq” - “Araz-Naxçıvan”lı

“Mövsümün ilk yarısını üst pillələrdə bitirmək istəyirik”.

Sportinfo.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu Tural Bayramlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

25 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XVI turunda qolsuz bərabərə qaldıqları “Zirə” ilə qarşılaşmanı dəyərləndirib. O, onlar üçün ağır oyun alındığını söyləyib:

“Son turlarda çətin matçlar keçiririk. “Zirə” də əbəs yerə liderlər qrupunda qərarlaşmayıb.

Düzdür, onların üst pillələrdə yer almaları oyundan öncə bizdə hansısa narahatlıq yaratmamışdı. Çünki rəqibin kimliyindən asılı olmayaraq, meydana verilən tapşırıqları yerinə yetirmək üçün çıxırıq.

Hədəfimiz isə, rəqibin kimliyindən asılı olmayaraq, 3 xal qazanmaqdır. Komandamız liqanın yeni üzvü olsa da, çıxışımızı bu şəkildə davam etdirsək, həm rəqiblərimizə hər zaman başağrı olacağıq, həm də xal ehtiyatımızı artıracağıq”.

Tural Bayramlı XVII turda “Sabah”la keçiriləcək qarşılaşmaya da toxunub. Yarımmüdafiəçi qələbə qazanmaq istədiklərini vurğulayıb:

“Rəqibimiz son turlarda uğurlu nəticələr qazanır. Ümumiyyətlə, bu komanda mövsümün əvvəlindən medallara iddialı hesab olunur.

Premyer Liqanın güclü klublarından biridir. Biz də bu görüşə yaxşı hazırlaşırıq.

Hava yağışlı keçsə də, məşqlərimizi axsatmamağa çalışırıq. Gərgin və maraqlı oyun olacaq. Yaxşı nəticə qazanmaq üçün mübarizəmizi davam etdirəcəyik”.

“Araz-Naxçıvan” – “Sabah” oyunu dekabrın 15-də “Dalğa Arena”da keçiriləcək. Bölgə təmsilçisi hazırda 23 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti