"Kiməsə ağız açan vaxtım deyil, hamı xasiyyətimi yaxşı bilir"

8 Noyabr 2020 19:40 Premyerliqa 883
"Kiməsə ağız açan vaxtım deyil, hamı xasiyyətimi yaxşı bilir"

Sportinfo.az Azərbaycan millisinin sabiq futbolçusu, "Xəzər Lənkəran", "Qarabağ", "Qəbələ", "Sumqayıt"da, həmçinin Türkiyədə "Sivasspor", "Boluspor" və "Mersin İdman Yurdu" kimi komandalarda forma geyinmiş İlqar Qurbanovun müsahibəsini təqdim edir:

- 2019/2020 mövsümünün sonunda klubsuz qaldınız. Hazırda futbolla əlaqəniz var, yoxsa tamam kənarlaşmısınız?

- Açığı, müharibə və pandemiya səbəbindən hələ futbol barədə heç nə fikirləşmirəm. Cəbhədən gələn xəbərləri düşünürəm. İndi futbolu düşünmək mənasızdır. Müharibə qurtarsın, karyeramla bağlı dəqiq qərar verərəm. Bu gün üçün hər şey 50/50-dir. Karyeramı bitirə də bilərəm. Qış fasiləsini gözləyirəm.

- Yəqin ki, fərdi qaydada məşq edirsiniz...

- Bəli, həm sağlamlıq, həm də formada qalmaq üçün məşq edirəm. Yəni özümə fikir verirəm.

- Hansısa komandanın düşərgəsində daha yaxşı hazırlaşmaq üçün Premyer Liqa təmsilçilərinə müraciət etməyi düşünürsünüz?

- Özüm kiməsə ağız açmaram ki, gəlib sizinlə məşq edim. Amma təklif olsa, düşünərəm. Çünki Azərbaycan futboluna 20 ildən çoxdur xidmət edirəm. Kiməsə ağız açan vaxtım deyil. Hamı xasiyyətimi yaxşı bilir. Dəvət etsələr, gedərəm.

- 34 yaşınız var. Bu gün Azərbaycan futboluna İlqar Qurbanov lazımdır?

- Bəli, mənə həm təcrübə, həm də futbol baxımından hərtərəfli ehtiyac var. Təcrübəli futbolçu nə üçün lazımdır? Hər sahədə təcrübəli insana ehtiyac duyulur. Təəssüf ki, bizdə bu amildən istifadə etmirlər. Ona görə də futbolumuzda vəziyyət yaxşı deyil. Elə yerli futbolçular var ki, nəinki 30 yaşdan sonra, hətta 27-28 yaşında karyeralarını bitirirlər.

- Bu nə ilə bağlıdır?

- Komanda sayı azdır, ölkəyə çox sayda zəif legioner dəvət olunur. Bununla yerli futbolçuları küsdürürlər. Kimin xarakterində zəiflik varsa, istək yoxdursa, erkən yaşda futbolla vidalaşır. Əslində belə olmamalıdır. Sən 31 - 33 yaşlı zəif legionerlər gətirirsən və 27-28 yaşlı yerli oyunçu əcnəbiyə görə kənarda qalırsa, bu, biabırçılıqdır.

- Dünən "Qarabağ"ın Avropa Liqasında Türkiyə "Sivaspor"una 0:2 hesabı ilə uduzduğu oyunu izlədiniz?

- Bəli, oyuna baxdım. Sabiq komandalarım oynayırdı. Təbii ki, "Qarabağ"a azarkeşlik edirdim. Son vaxtlar komanda sıx qrafikdə oyun keçirir. Ardıcıl səfərlər, iki cəbhədə mübarizə aparmaq sanki komandanı yorur. Dünənki matçda da şanssız qollar buraxdılar. Xal götürmək olardı. Çünki "Sivasspor" oyunda elə böyük üstünlüyə malik deyildi. Amma "Qarabağ" qol yollarında bir az çətinlik çəkdi. Bəlkə də qol vursaydılar, hər şey fərqli olardı.

- Komanda oyuna faktiki olaraq hücumçusuz çıxmışdı...

- Razıyam. Lakin "Sivasspor" özü də müdafiədə yaxşı oynadı. Əslində matçdan öncə rəqibin hücum xəttinin güclü olduğunu xüsusi qeyd etmişdim. Amma meydanda tam olaraq gözlədiyim komandanı görmədim. Türkiyə çempionatını yaxından izləyirəm. "Sivasspor" əks-hücumlarda çox yaxşıdır. Dünən əsas forvardları ehtiyatda idi. İstənilən halda "Qarabağ" ən azı heç-heçə edə bilərdi. Lakin erkən buraxılan qol planları pozdu.

- Qrupda xalı olmayan yeganə komanda "Qarabağ"dır. Azərbaycan çempionunun pley-offa çıxmaq şanslarını necə qiymətləndirirsiniz?

- Düzdür, şans var, amma çox çətindir. "Sivasspor"un da işi asan olmayacaq. Püşkatmadan sonra məndən müsahibə götürmüşdülər və qrupun favoritlərinin hansı komandalar olduğunu soruşmuşdular. Hamı "Sivasspor"u şanslı saysa da, mən "Makkabi"nin adını çəkmişdim. İsrail təmsilçisi bir az tərs komandadır. "Qarabağ"ın işi çətindir. Tez-tez səfərlər olur, öz meydanında oynamır. Ümid edirəm ki, qalan oyunlarda xallar toplayıb, qrupdan çıxarlar.

- Azərbaycan Premyer Liqasında maraqlı vəziyyət yaranıb. 8 turdan sonra turnir cədvəlinə sabiq komandanız "Sumqayıt" başçılıq edir...

- "Qarabağ" son illər qış fasiləsindən sonra çempionluğa yeganə namizəd olur. Düşünürəm ki, bu dəfə də heç nə dəyişməyəcək. Fikrimcə, 2-ci yer uğrunda "Neftçi" və "Zirə" mübarizə aparacaq. "Sumqayıt" heyəti gücləndirsə, yuxarı sıralarda qala bilər. Baxın, əsas hücumçusu zədələnib, çətinlik çəkir.

- Yeri gəlmişkən, "Sumqayıt"dan niyə ayrıldınız?

- Orada bəzi şeylər oldu. Amma heç nə danışmaq istəmirəm. Hər şey keçmişdə qaldı. Çünki mənasızdır.

- Amma oxucular üçün maraqlı olardı...

- Ciddi bir şey yoxdur. Təklif, danışıq olmadı, ona görə də vidalaşdıq.

- Müsahibənin əvvəlində müharibə məsələsinə qısaca toxundunuz. İstərdik ki, bu barədə fikirlərinizi bir qədər genişləndirəsiniz. Bir futbolçu olaraq, cəbhədə yaşananlara, qələbə xəbərlərinə necə reaksiya verirsiniz?

- Sevindirici haldır ki, cəbhədən xoş xəbərlər gəlir. Allah şəhidlərimizə cənnəti nəsib etsin, ruhları şad olsun. Əsgərlərimizə güc-qüvvət arzu edirəm. İnanıram ki, yaxın günlərdə daha yaxşı xəbərlər eşidərik (report).

Digər Xəbərlər
Xəbər Lenti