Ayxan Abbasov, Aftandil Hacıyev, Rəşad Sadıqov - Şoumenlik etməyənlər

27 Sentyabr 2020 23:40 Premyerliqa 925
Ayxan Abbasov, Aftandil Hacıyev, Rəşad Sadıqov - Şoumenlik etməyənlər

Cümə günü Ayxan Abbasov, dünən Aftandil Hacıyevlə Rəşad Sadıqov… Bu gənc məşqçilər futbolu sevdirməklə məşğuldu. Şoumenlik etmirlər, publikaya işləyən açıqlama vermirlər, işləyirlər, zövq verən futbollarını nümayş etdirib rəğbət qazanırlar. Uduzanda, xal itirəndə məsuliyyəti boyunlarına götürür, səhvləri düzəltmək üçün çalışır, udanda futbolçuları önə çəkirlər.

4-cü turun daha 2 məhsuldar oyununu izlədik. Dünən “Səbail” də, “Zirə” də ilk topu buraxdıqları matçlarda əzmkar qələbəyə sevindi. Və hər iki komanda bunu sonunacan haqq etdi.

“Səbail” AFFA-nın FIFA referiliyi üçün namizəd bildiyi Elçin Məsiyevin sayəsində az qala daha bir şok yaşayacaqdı. İlk turdakı təyinatına görə aşağı qiymət alan, dünən isə dərs çıxarmadığını, sadəcə, bacarığının bundan ibarət olduğunu göstərən baş hakim meydan sahiblərinə qarşı qərəzli davrandı. “Sabah” qola çevirdiyi penaltini haqq etməmişdi, sadəcə, yekun nəticə səhv qərarı unutdurdu.

“Sabah” mövsümdə ən zəif oyununu keçirdi. Bəlkə də bunda süni qazon müəyyən rol oynadı, amma qonaqların baş məşqçisi Visente Qomes bəhanə axtarmadı. İspan mütəxəssis etiraf etdi ki, zəif oynayıblar və səbəbini araşdıracaqlar. Zatən deyiləsi başqa söz də yox idi, Aftandil Hacıyev sınıq-salxaq heyətlə mövsümdə ilk qələbəni təmin etmişdi, zəngin heyətli rəqibə göz açmğa imkan verməmişdi.

“Səbail”in oyunu zövq verdi. Təcrübəlilərlə gənclərin vəhdəti işə yaradı, oyundan qopmadılar, hesabda geri düşmələrinə baxmayaraq, qələbəyə inandılar və ilk xallar qazanıldı. İlk 3 oyunda 1:2 hesabıyla uduzan bayıllılar bu dəfə eyni nəticəyə sevindi. Rauf Əliyevin əzmkarlığı, bütün futbolçuların ağıllı oyunla ancaq hücumu düşünməsi mükafatsız qalmadı.

Bu turadək lider olan “Sabah”ın futbolçuları bəlkə də erkən arxayınlaşdı, autsayder rəqibi ciddiyə almadı. Eyni futbolçuların eyni taktika ilə bir həftə ərzində tam fərqli iki matç oynamasının başqa adı yoxdu. Təbii, rəqib fərqli idi, amma “Səbail” heyət baxımından səfərdə yendikləri “Zirə”dən güclü sayıla bilməz. Ola bilsin, Hacıyev “Sabah”ı daha yaxşı analiz etmişdi, bəlkə də bir aydı düşərgədə olmayan Hendrik Ekşteynin start heyətində görünməsi rəqibə sürpriz olmuşdu. Hər nə idisə, “Səbail”i ədalətli qələbəsi münasibəti ilə təbrik etmək lazımdı.

Günün son matçı daha maraql alındı. Qarşılaşmanı canlı izləyən biri kimi deyə bilərəm ki, “Keşlə”nin qələbəsi sürpriz olardı. Meydan sahibləri 2 dəfə hesabda önə çıxsa da, əsl futbol oynayan “Zirə” idi. Taktiki gedişlər, futbolçuların əzmkarlığı, istək, baxımlı oyun – bunun qarşılığı yalnız qələbə olmalıydı. Və “oyun varsa, nəticə də gələcək” deyimi əbəs deyilmiş.

“Qartallar”ın ən böyük eyibi çox asan qol buraxmasıdı. Bütün matçlarda toru silkələnən Rəşad Sadıqovun yetirmələri heç də hücuma aludə olmağın əziyyətini çəkmir. Sadəcə, futbolçular elə məqamda bəsit səhvlər edir ki, məəttəl qalırsan. Baş məşqçinin işi çoxdu, hələ arxa xətt qaydasına salınmalıdı. Xüsusilə oyunu başlamaqda problem yaşayan qapıçı müdafiəçiləri təzyiq altında qoyur, onları gərginləşdirir. Amma oyunun ipini əldə saxlamaq, tempi müəyyənləşdirmək baxımından “Zirə”in problemi yoxdu.

Cinah hücumlarını xüsusi ustalıqla quran, meydanın mərkəzində hər qarış uğrunda mübarizə aparan “Zirə”nin qolları da məşqçlərdə işlənmiş kombinasiyaların məhsulu idi. Klesio Bauk kimi bəstəboy oyunçu cinah ötürməsini 2 dəfə baş zərbəsiylə dəqiq tamamlayırsa, daha sonra ustalıqla penalti qazanırsa, burada monotonluqdan da danışmaq olmaz. Rəngarəng hücumlar quran komanda kollektiv olaraq daha yaxşıdı və məşqçi işini danmaq ədalətsizlik olar.

“Keşlə” bu turadək top buraxmamışdısa, daha çox bəxtə minnətdar olmalıdı. Düzdü, komanda müdafiə planında yaxşıdı, amma xüsusilə “Qəbələ” və “Qarabağ”a qarşı oyunlarda rəqiblərin insafı da onlara kömək olmuşdu. Və “bomba” birdən partladı. Daha çox qaçan, fərqli kombinasiyalar quran, oyunun səmtini tez-tez dəyişən rəqiblə qarşılaşınca sistemdəki qüsurlar özünü göstərdi.

Şəhriyar Əliyev “Sumqayıt”da yaxşı çıxış edirdi, lakin bu oyunçu dördlü müdafiədə uğurlu deyil. Keçmiş klubunda 3 mərkəz müdafiəçisindən biri kimi yaxşı görünürdü, fərqli sistemdə tez-tez səhvlərə yol verir. Dünənki məğlubiyyət tək onun günahı deyildi, bununla belə, “Keşlə” kimi legioner yığını olan komandada zəif bəndlərdəndi. “Zirə” kimi cinahlardan çarpaz ötürmələr edən komandalar üçün Şəhriyar düşmən səngərnə basdırılmış minadı, ani ehtiyatsızlıqdan partlayır.

Və bütün bu qüsurları Yunis Hüseynov görməlidi. Amma “Keşlə”nin baş məşqçisi ilk büdrəmədəcə günahı başqasıın üstünə atdı. Hakimliklə bağlı iradlarda haqlıdı – Frits Stuxlikin göndərdiyi briqada ciddi səhvlərə yol verdi, amma… Amma axı, verilməyən penaltidən yarım dəqiqə sonra “Keşlə” qol vurdu və hakimin səhvi heç nəyə təsir etmədi. Zədələndiyi üçün meydanın kənarında olan Bauka “Zirə”nin hücumu zamanı oyuna daxil olmağa icazə verilməsi də hakimlərin səhvi idi, lakin həmin səhv də nəticəyə təsir etmədi, adi yanlışlıq sayılmalıdı.

Hüseynov hakimlərlə bağlı danıışmaqla öz qüsurlarını, oyunun gedişinə təsir edə bilmədiyini gizlədir, buna cəhd edir. Buraxılan ilk 2 qol biri-birinin oxşarıdısa, deməli, komandanın sırf bu baxımdan hazırlığı yerində deyil və müdafiəçilərdən çox məşqçi səhvidi. Hesabda 2 dəfə öndə olduğun halda xalsız qalmağın da başqa adı yoxdu. Yunis bəyin tənqid etdiyi həmin oyunçular dünənədək qapısını toxunulmaz saxlayanlar idi. Bəhanə, bəraət cəhdi eybəcər göründü. Məşqlərdə daha ciddi olmaq lazımdı. Klubun rəhbəri Zaur Axundovun xasiyyəti bəllidi, səbri 2-3 məğlubiyyətə çatacaq.

Abbasov, Hacıyev, Sadıqov – hamısı eyni məktəbin nümayəndəsidi, Qurban Qurbanovun xeyir-duasını eşidiblər, onun yanında doğru seçim edib, düzgün tərbiyə alıblar. Və Azərbaycan futbolunda tarix yazmış Qurbanovun yetirmələri indi onun özünə əlcək atacaq qədər böyüyüblər. Məşqçilik məktəbimizin sabahından arxayın olmağa dəyər. Onlara dəstək verək, bəlkə xarabalıqda çabalayan futbolumuzu niyyəti təmiz, xislətsiz, ümid verən bu gənclər xilas etdi (futbolinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!