"Qarabağ"ın səhvlərinin cəmi

22 Sentyabr 2020 16:00 Premyerliqa 611
"Qarabağ"ın səhvlərinin cəmi

Milli futbol çempionatında bəlkə də çoxlarının gözlədiyi an gəlib yetişdi.

İlk 3 tur ərzində 5 xal itirən "Qarabağ" mövsümə mübarizə intriqası gətirib. Bunun ilğım, yoxsa mübarizə vahəsi olduğunu gələcək göstərəcək.

Lakin ağdamlılar əzəli rəqibi "Neftçi" ilə görüşdə qarışıqlıq mənzərəsini dərinləşdirməklə mübarizəni ikiqat kəsərli edib.

Əlbəttə, bundan sonra mövsüm ərzində ciddi rəqabətdə olacağı gözlənilən klublardan, ilk növbədə, "Neftçi"dən asılı olaraq çox şey dəyişə bilər. Amma 3 tur ərzində "Sabah"ın rəqabət həvəsi vəd etməsi mühüm yenilik kimi diqqət çəkir.

Ehtiyatlı olmağa vadar edən isə komandada sadə nizamın olmaması və oyundan oyuna formalaşmamış məzmun qıtlığının kəskin hiss olunmasıdır.

"Keşlə" ilə "Zirə" isə yeni sükançıları ilə bu rəqabətdə hələ öz yerlərini axtarırlar və sabitlik bir kənara, konkretlikdən çox uzaqdırlar.

"Sumqayıt" köklü yenilənib və hələlik erkən formalaşma tendensiyası nümayiş etdirməsinə rəğmən oturuşmuş hər hansısa elementdən, hətta heyətdən danışmaq tezdir. Hər halda bütün iştirakçılar üçün nəticələr belə düşünməyə əsas verir.

İlk üç turun prinsipial məqamı isə "Səbail"lə "Qəbələ"nin autsayderlər qrupunu təşkil edib-etməyəcəyi ilə bağlıdır. Oyun buna əsas vermir, lakin hazırlıq və onun qarşıdakı müddətdə hər hansısa səviyyəyə çatması məşqçi işindən çox asılı olacaq.

Ötən oyun günlərinə nəzər salsaq, hələlik elita təmsilçilərinin zəif cəhətlərinin bir xeyli olduğunu söyləmək mümkündür. Bu, mövsümə qeyri-sabitliklə yanaşı, daha təhlükəli olanı - qeyri-müəyyənliyi də gətirir. Azərbaycan futbolunun ənənəsinə uyğun olaraq, qarşıda hansı klubun digərinin səhvindən çox istifadə edərək daha az səhv edəcəyi deyil, hansının özünün buraxdığı səhvlər içində çabalayacağı gündəm mövzusudur.

Dediklərimizin əyani sübutu liderlərin oyunudur. Görüşün nəticəsi, əslində, "Qarabağ"ın səhvlərinin cəminin ifadəsidir. Haqq naminə "Neftçi"nin də öz şansını gözləməsini və bundan məharətlə istifadə etməsini, ələlxüsus ikinci hissədə rəqibin boşluqlarından yararlanmasını və fürsəti fövtə verməməsini qeyd etmək lazımdır.

BATI YAR

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!