Bir dənə "Qarabağ"dır, o da "harada qırılar-qırılar" üzərindədir

28 Avqust 2020 16:56 Premyerliqa 1 408
Bir dənə "Qarabağ"dır, o da "harada qırılar-qırılar" üzərindədir

Dünənki fiaskonun tək bir səbəbi var:

Premyer-Liqanın ötən mövsümünün başa çatdırılmaması!

Başqa səbəb axtarmaq lazım deyil. Ay, "Qırtımov penalı vura bilmədi", "filankəs penala səbəb oldu", "o birisi boş qapıya düşə bilmədi"...

Son 6 ayda cəmi bir rəsmi oyuna çıxan komandaların onsuz da aşağı olan səviyyəli futbolçularından bundan artığını gözləmək, səbəbləri də sadəcə belə xırda məqamlarda görmək minimum diletantlıqdı.

Biz Fransa deyilik, çempionatdakı komandaların səviyyəsi və ümumi yarış intensivliyi yüksək səviyyədə olsun və lap fasilə verilərsə belə müəyyən uğurlar qazanmağa imkan versin, bunun üçün lazımi ehtiyatı olsun.

Azərbaycanın PSJ və "Lion" səviyyəsində klubunun olması üçün ölkəni kökündən çıxarıb Avropada hardasa Avstriya tərəfə basdırmaq, bundan sonra təxminən 20-30 il gözləmək, ardınca gedişata baxıb əlavə 50 il də gözləmək lazımdı. Bəlkə bundan sonra alına.

Avropada hamı ideal deyil, hamı mələk deyil, amma orda stadionun boş olduğunu və sənin səsini hamının eşidəcəyini bilə-bilə klub prezidenti tribunadan öz oyunçusuna "Е... твою мать" deməz və bunu bir idarəetmə və ruhlandırma üsulu kimi anlamaz.

Ona görə də o komanda Avropada özündən bir baş zəif rəqibinə elə öz evindəcə uduzmaz. Bu, sadəcə kiçik bir detaldı. Məhz belə detallardan Avropa yığılır, ya da yığılmır.

Azərbaycan Premyer-Liqasının əldəqayırma olmasını dünyanın hər yerində bizdən də yaxşı bilirlər. Hamı bilir ki, bizim çempionatdakı klubların bu günü və sabahı sözün əsl mənasında sapdan asılıdı.

Sponsora bir şey olsa, "nastroeniya"sı dəyişsə, ya da məsələn, təzə cariyəsi peyda olsa, ilk olaraq futbol klubuna olan dəstəyini çəkib türklər demiş, keyfinə baxacaq.

Biz də burda ciddi-ciddi müzakirələr aparacaq, bir-birimizin ətini yeyəcəyik. Ki, bəs niyə belə oldu? Niyə olacaq, bir klubun bir cariyə qədər hörməti, səmərəsi, zövqü olmadığına görə.

Azərbaycanda adamlar var ki, Avropada ildə-ayda bir dəfə gedib minəcəyi atının saxlanması üçün xərclədiyi pula Premyer-Liqadakı klub avrokuboklara oynayar. Hətta lap dərinə getsək, o atın yeməyinə gedən pulla istənilən məhəllə komandasını I Divizionda çempion da eləmək olar.

Amerikanı da kəşf ediblər, yoxsa deyərdim ki, bununla guya Amerika kəşf etmiş oluram. Belədi ki, onsuz da hamınız hər şeyi mən də yaxşı bilirsiz. Bir at, bir cariyə qədər də deyilik. Hələ at üstündə cariyə söhbətinə heç girmirəm.

Azərbaycan Premyer-Liqasının heç bir klubu, bir daha təkrar edirəm HEÇ BİR KLUBU 5 aylıq fasilədən heç olmasa yarı güclə çıxmaq iqtidarında deyil.

Buna onların heç birinin kompleks şəkildə nə infrastrukturu, nə məşqçi-mütəxəssis heyəti, nə oyunçu kontingenti, nə də camiəsi yetməz. Bir dənə "Qarabağ"dı, o da bir istisna kimi "harda qırılar-qırılar" üzərindədi.

"Neftçi" haqda isə heç danışmasaq yaxşıdı. Belə baxanda heç danışacaq söz də yoxdu. Azərbaycan çempionatında 5 ay fasilə vermiş komandanın toparlanması və öz əvvəlki onsuz da o qədər də yüksək olmayan formasına qayıtması, fiziki, atletik, psixoloji, mental, oyun boşluqlarını doldurması, bərpa etməsi üçün azı daha 5-8 ay vaxt lazımdı.

Bizim dünya səviyyəli bilici-mütəxəssislərimizin toplandığı İcraiyyə Komitəsi isə bunları bilə-bilə çempionatı dayandırmaq qərarı verdi. Əladı da. Bax, elə indi, bu cümlələri yazdığım yerdə fasilə verdim... və ayağa qalxaraq bu qərara "hə" deyən hər bir İK-çını alqışladım.

Belə özü də hərarətlə alqışladım ha, ürəkdən. Sağ olun, təşəkkür edirəm. Ki, heç bir işə yaramadığınızı bir daha sübut etdiz. Özünüzü əziyyətə salmaq, bir az əlavə pul xərcləməmək, istidə ölkə futbolu və onun gələcəyi naminə özünüzə bir az əlavə əziyyət verməmək üçün qəbul etdiyiniz qərarların nəticəsini görün və xoşallanın.

Bilirəm, çoxunuzun heç vecinə də deyil, amma heç olmasa mən deyim, eşidin, sonra deyilməsin ki, demədin.

Ta heç nə...

Kənan Məstəliyev

Digər Xəbərlər
Xəbər Lenti