Premyer Liqada yeni mövsümə hazırlıq: “Qarabağ”la “Sabah” ümid verdi

11 Avqust 2020 21:20 Premyerliqa 1 380
Premyer Liqada yeni mövsümə hazırlıq: “Qarabağ”la “Sabah” ümid verdi

Sportinfo.az xəbər verir ki, avrokuboklara, həm də növbəti çempionata hazırlaşan Premyer Liqa təmsilçilərinin Qəbələ toplanışı başa çatdı.

Pandemiyanın yaratdığı çıxılmaz vəziyyət ucbatından ölkədən kənara çıxa bilməyən komandalar məcburiyyətdən Qəbələyə sığındılar ki, iyulun ikinci ongünlüyündə başlayan hazırlıq mərhələsini avqustun 4-5-də sonlandırmalı oldular.

Təxminən üç həftəni əhatə edən toplanışda əsas məqsəd fiziki hazırlığın qaydaya salınması idisə, yoldaşlıq görüşlərinin təşkili də önəm daşıyırdı.

Oynadılar, udanlar da oldu, uduzanlar da. Hazırlıq mərhələsini məğlubiyyətsiz başa vuran da, qələbəyə həsrət qalan da oldu. Qəbələdə ölkə futbolu tarixində bir ilkə imza atıldı.

İndiyə qədər bu hadisənin analoqu olmamışdı. Ki, hamısı bir yerə yığışıb ölkə çempionatına bənzər şəkildə bir-biri ilə qarşılaşsınlar, adı da olsun toplanış. Adını çəkmək istəmədiyim məşqçilərdən birinin dediyi kimi, kimə lazımdı belə hazırlıq…

Lazım idi, ya yox – bunu zaman göstərəcək. İndiki durumda lazım olan Qəbələdəki 3 həftəni gözdən keçirib, komandalara bir-bir nəzər salmaqdı.

Qarabağ
Qarabağ - Keşlə 3:1
Qarabağ – Sabah 1:2
Qarabağ – Neftçi 1:0
Qarabağ – Keşlə 4:0

Turistlərin ən çox sevdiyi bölgədə ən hazırlıqlı komanda idi desək, yanılmarıq. Ardıcıl 7-ci çempionluğunu iyunda bayram edən ağdamlılar vəziyyətin necəliyindən asılı olmayaraq, daim hərəkətdə olan maşın təsiri bağışladığını növbəti dəfə sübut etdi.

“Sabah”a minimalhesablı məğlubiyyəti nəzərə almasaq, qalan üç matçda qələbə qazanan “köhlən atlar” 2 oyunda “Keşlə”nin qapısına 7 top vurmağa nail oldu. Həmçinin çempionatdakı əzəli rəqib “Neftçi”ni uddular ki, hesab arasındakı fərq daha böyük ola bilərdi.

Düzdü, Qurban Qurbanov rəqib qismində ən güclüləri seçmişdi. Və elə həmin güclülər arasında yalnız “Keşlə”ylə oyunlarda 3-4 qol vurmaq, “Neftçi”ylə “Sabah”ın qapısına cəmi 1 dəfə yol tapmaq ortaya müəyyən suallar çıxarır.

Ümid edək ki, Çempionlar Liqasının startına qədər komandaya hücumçu qoşulacaq. Yoxsa ölüm-qalım mübarizəsinə təkcə Mahirlə yollanmaq xoş gələcək vəd etmir.

Çempionlar Liqasındakı mübarizənin startına qədər 10 gün vaxt var. Həmin vaxta kimi Kevin Medina, Uroş Matiç kimi yenilər komandaya 60-70 faiz uyğunlaşsa, narahatlığa ehtiyac qalmayacaq.

Neftçi
Neftçi – Sumqayıt 3:0
Neftçi – Qarabağ 0:1
Neftçi – Sabah 2:5

Füzuli Məmmədovun “söküb”, yenidən yığdığı komandada xeyli sayda yeni futbolçunun olması ilk baxışdan özünü göstərir. Xətlərarası əlaqə əvvəlkindən xeyli aşağı düşüb, yenilər onlardan nə tələb olunduğunu tam anlaya bilməyib və nəticədə “Neftçi”nin çempionatdakı nisbətən gözəgəlimli oyunu yoxa çıxıb.

Füzuli Məmmədov toplanış boyunca axtarışda idi. Müxtəlif futbolçulara şans verməklə kimin daha hazırlıqlı olduğunu bilmək istəyirdi. Yəqin özü üçün istədiyi nəticəni əldə edib.

Amma komandanın oyunu və qeydə alınan nəticələr gələcək adına həyəcan təbili çalır. “Ağ-qaralar”ın müdafiə və yarımmüdafiə xəttində ciddi problem yoxdu.

Sadəcə, vəziyyəti yaxşılaşdırmaq üçün zamana ehtiyac var. Amma hücum xətti mütləq gücləndirilməlidi. Təkcə Mirabdulla ilə “düşmənin qabağına” çıxmaq olmaz!
Bakılılar sumqayıtlıların qapısına 3 dəfə yol tapmaqla azarkeşləri sevindirmişdisə, növbəti matçlardakı rəqiblər güclülər olunca, real mənzərə ortaya çıxdı.

Füzuli Məmmədov “Qarabağ” və “Sabah”la oyunlardakı nöqsanları görməli, həllinə çalışmalıdı. Xüsusən Laval, Buqrin, Tallison, Rener, Cabir kimi yenilərin mühitə uyğunlaşmasına nail olmaq vacibdi.

Keşlə
Keşlə - Qarabağ 1:3
Keşlə - Zirə 1:0
Keşlə - Səbail 2:0
Keşlə - Qarabağ 0:4

Mövsüm başa çatan kimi ötən mövsüm “bürünc” qazananların əksəriyyəti ilə yolları ayıran “qırmızılar” yenilənmək yolunu tutub və bu proses ayın sonuna qədər davam edəcək. Təbii, bu gün oturuşmuş heyətdən söhbət gedə bilməz. Bunun üçün zaman lazımdı.

“Keşlə”nin Qəbələdəki görüşlərindən heç birini izləmək imkanımız olmadığından, oyun planına görə hansısa fikir yürütmək absurd olar. Lakin eşitdiklərimiz və 4 oyunun yekun nəticəsi müəyyən qənaətə gəlməyə imkan verir.

Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektivin bugünkü gücü “Zirə”ylə “Səbail”i yenməyə imkan versə də, Avroliqada nisbətən güclü komandanın qarşısına çıxmaq üçün yetərli deyil. “Qarabağ” 2 oyunda bakılıların qapısına 7 top vurursa, əlavə şərhə ehtiyac yoxdu.

Xüsusən müdafiə xəttindəki boşluqlar özünü göstərir. Azər Salahlı ilə Şəhriyar Əliyevin Slavik Alxasovla Franko Floresin boşluğunu lazımınca dolduracağı inandırıcı görünmür.

Avrokuboklarda mübarizə aparacaq təmsilçimizin 4 Azərbaycan komandası ilə görüşlərdə cəmi 4 dəfə fərqlənməsi də düşündürücü məqamdı. Qısası, Avroliqada “Keşlə”nin qarşısına “Qarabağ”a yaxın səviyyədə rəqib çıxsa, vay bizimkilərin halına.

Sumqayıt
Sumqayıt – Neftçi 0:3
Sumqayıt – Sabah 0:1
Sumqayıt – Qəbələ 1:2

Açığı, “kimyaçılar”dan bəhs etməyə, nəsə yazmağa adamın ürəyi ağrıyır. Bir var, komanda öz səhvindən “dağıla” və ya baş məşqçinin fantaziyalarının qurbanı ola, bir də var, çətin duruma düşəsən, həlledici mərhələdə hamı səni atıb qaçsın.

Ötən mövsüm komandanı çiyinlərində daşıyan Peyman Babayi, Aleksey İsayev, Əmir Ağayev, Mehdi Şərifi kimi aparıcı futbolçular kollektivi tərk edəndən sonra hələ ki onların yerinə ortabab azərbaycanlılar cəlb olunub.

Və belə olan halda “Sumqayıt”dan nəsə gözləmək artıqdı. Ayxan Abbasov bu gün Rüfət və Səbuhi Abdullazadələrin, Süleyman Əhmədovun, Xəyal Nəcəfovun ümidinə qalıbsa, nə Avroliqada, nə də çempionatda ciddi hədəflər uğrunda mübarizə apara bilər.

Mübariz komanda yaratmaq olar, amma mübarizə ilə hədəfə çatmaq çətindi. Bugünkü “Sumqayıt”ın oyununda mübarizə göz oxşayır. Di gəl, keyfiyyət adına heç nə yoxdu.

“Kimyaçılar” Qəbələdə keçirdiyi 3 oyunun hamısını məğlub başa vurdu, özünə tay “Qəbələ”yə boyun əydi və ən diqqətçəkəni, bu oyunlarda cəmi 1 qol vurdu. Vəziyyət gözlədiyimizdən də ağırdı.

Zirə
Zirə - Keşlə 0:1
Zirə - Qəbələ 0:0

Qəsəbə təmsilçisi bu gün hamı üçün “sirli qutu”du. Hətta klub rəhbərliyi və klubda çalışanlar üçün də. Rəşad Sadıqovun gəlişindən sonra heyətinə görə 70-80 faiz yenilənən komandanın növbəti mövsümdə fərqli görünəcəyinə şübhə etməyə dəyməz. Yaxşı olacaq, yoxsa pis – iddia etmək çətin olsa da, Sadıqovun məşqçilik bacarığı real mənzərəni ortaya qoyacaq.

Təpədən-dırnağa yenilənən komandanın Qəbələdəki sınaq matçlarında xarüqələr yaradacağı inandırıcı deyildi. Ona görə də qələbəyə həsrət qalmaları, 2 oyunda rəqib qapısına 1 qol da vura bilməmələri anlaşılandı. Bu üzdən “qartallar”dan uzun-uzadı bəhs etməyin adı yoxdu.

Baş məşqçidən tutmuş qapıçıya qədər hamı yenidisə, mövsümün startını və gedişatını gözləməliyik. Bölgədəki toplanış ciddi oyunöncəsi bir neçə dəqiqəlik məşq idi.

Sabah
Sabah – Qarabağ 2:1
Sabah – Sumqayıt 1:0
Sabah – Neftçi 5:2

Toplanışın ən diqqətçəkən, bir az da pafos qatıb desək, ən səs-küylü komandası oldu. “Tələbələr” də heyətinə yeni futbolçular qatıb. Bir neçə futbolçu zədədən qayıdıb. Ən vacib məqam: baş məşqçi Visente Qomes Azərbaycana yeni gəlib.

Bu qədər dəyişikliklərdən sonra “Sabah”ın yoldaşlıq görüşlərində uğurlu təsir bağışlayacağı heç kimin ağlına gəlməzdi. “Tələbələr”in “Qarabağ”la “Neftçi”ni məğlub edəcəyini oyundan əvvəl Qomesin özünə də desəydin, bəlkə də inanmazdı.

Rəqiblər ortabablar, ya da turnir cədvəlinin sonunda qərarlaşanlar olsaydı, nəticələrdən doğan ümid aldadıcı ola bilər. Lakin söhbət ötən mövsümün qızıl və gümüş mükafatçıları üzərində zəfərdən gedirsə, deməli, “Sabah”dan yaxşı mənada nəsə gözləməyə dəyər.

Hə, onu da qeyd edək ki, paytaxt təmsilçisi Qəbələdəki yoldaşlıq görüşlərində maksimum nəticə göstərən yeganə komanda kimi yadda qaldı.

Qəbələ
Qəbələ - Zirə 0:0
Qəbələ - Səbail 1:2
Qəbələ - Sumqayıt 2:1

Çempionatın bölgəni təmsil edən yeganə komandasının özünə tay rəqiblərlə qarşılaşmalarda çatışmazlıqları tam üzə çıxaracağına ümid etməyə dəyməzdi. Odu ki, bir-birinə yaxın nəticələr qeydə alındı.

Hazırlıq boyunca qeyri-müəyyənlik içində olan, belə deyək, gözünü AFFA-dan ayrılacaq maliyyə yardımına dikən, son anda şad xəbər alan “qırmızı-qaralar” legionerlərlə bağlı qərarı son 3-5 gündə verməyə başladı.

Odu ki, hazırlıq mərhələsində “Qəbələ”nin tam nəyə qadir olduğunu görmək çətin idi. Ötən il ölkə kubokunu başı üzərinə qaldıran qəbələlilərin növbəti birincilikdə avrokubok iddiaçısı olacağı şirin yuxu olar. Hər halda, heyət və sınaq matçlarındakı nəticələr belə düşünməyə əsas verir.

Səbail
Səbail – Keşlə 0:2
Səbail – Qəbələ 2:1

“Sumqayıt”ın günündədilər, bilmirsən nə yazasan, nədən danışasan. Ötən il komandada “dişə vurulası” 3-5 futbolçu var idi, onlar da zamanla düşərgəni tərk etdilər. Nə Ağabala Ramazanov qalıb, nə Yevgeni Koçuk, nə Şəhriyar Rəhimov, nə də Fəhmin Muradbəyli.

Odur ki, bayıllıların hazırlıq mərhələsində xüsusi mənada nə iləsə seçiləcəyini gözləməyə dəyməzdi. Sadəcə, başqalarından geri qalmamaq üçün Qəbələyə getdilər, hamıdan az – 2 oyun keçirib, Bakıya qayıtdılar.

Baş məşqçi Aftandil Hacıyev əsas məqsədin gənclərə şans verib, onları üzə çıxarmaq olduğunu deyirsə, məsələ məlumdu. Çox güman, növbəti çempionatda da sonuncu olmamaq üçün tər tökəcəklər (Futbol+).

Xəbər Lenti