"Mənsimov dedi ki, mən bunu həzm edə bilmərəm"

27 İyul 2020 11:48 Premyerliqa 793
"Mənsimov dedi ki, mən bunu həzm edə bilmərəm"

Lənkəran şəhər stadionun direktoru Hüseyn Cəbrayıloğlu "Xəzər Lənkəran"la bağlı maraqlı bir hadisəyə aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, o, klubun prezidenti Mais Mənsimovun 2012/13 movsümündə Azərbaycan kubokunun yarimfinal mərhələsinin "Bakı" ilə cavab qarşılaşmasını stadiondan izləməməsinin səbəbini açıqlayıb:

"İlk oyun paytaxtda keçirildi və demək olar, qapıya bir düz-əməlli zərbə endirə bilmədik. Meydan sahibləri “doğma divarlar” arasında 1:0 hesabı ilə qalib gəlsələr də, ən azı 4-5 real qola Orxan Sadıqlı imkan vermədi.

Hətta İker Kasilyas kimi qapıçını kəşf edib "Real"ın əsas komandasına cəlb edən Con Toşak mətbuat konfransında bu ifadəni işlətdi: “Finala çıxmağa 1 faiz belə şansımız varsa, bu Orxanın sayəsindədi. Mən indiyədək belə gənc qolkiper görməmişəm".

Cavab oyununda "zolaqlılar”ı keçəcəyimizə Toşakdan başqa kimsə inanmırdı. Tərslikdən cavab matçında “çərçivə”ni bizi böyükhesablı məğlubiyyətdən xilas edən Orxan yox, Antonio Doblas qoruyacaqdı.

Toşak qarşılaşmadan əvvəl Orxana “Doblas sənin ilk oyunda qapını bu cür qorumağını görüb yenə də həftə ərzində səylə çalışırsa, deməli, bu gün şans onundu" deyib, qərarını əsaslandırmışdı.

Görüşdən əvvəl böyük hörmət bəslədiyim Zeynal Məmmədov da heyətlərə baxıb “belə haqsızlıq olmaz. Orxan sizi ilk oyunda xilas edib, amma qapını legionerə etibar etmisiz" söyləmişdi.

Nə isə... "Bakı" Lənkərana böyük heyətlə gəlmişdi. Hətta finala çıxıb stadionda bayram edəcəkləri təqdirdə problem olmasın deyə, bir avtobus mühafizəçi də gətirmişdilər.

Hər iki komandanın rəhbərliyi arasında xoş münasibət olsa da, 2005-ci ildən amansız rəqabət də yaranmışdı. Ona görə də klub prezidenti Mais Mənsimov matçı bazada televizordan izləməyi qərara aldı.

Səbəb olaraq "mən onların Lənkəranda qələbəni bayram etməsini həzm edə bilmərəm. Gedib bazada otaqda izləyəcəm. Kim məni soruşsa, deyin, Azərbaycanda deyil" söylədi. Kim Mais müəllimi soruşurdu, biz də eyni cavabı verirdik.

Elə oldu ki, komanda meydana çıxıb finala adlamaq üçün hər şeyi etdi və 2:0 hesabıyla qalib gəlib həlledici matça adladı. İlk oyunla müqayisədə ağlagəlməz futbol oynadıq. "Bakı" nın nə futbolçuları, nə də böyük heyətlə Lənkərana gələn nümayəndə heyəti nə baş verdiyini anlaya bildilər.

Qarşılaşmadan sonra Astara - Bakı şossesində qonaqlar bir də görüblər ki, 006 sonluğu olan avtomobil bunları keçdi. Onda biliblər ki, əslində, Mais Mənsimov Lənkəranda olub".

Xəbər Lenti