"NEFTÇİ":"Bu futbolçularla danışıqlar davam etdirilir"

26 İyun 2020 00:42 Premyerliqa 1 099
"NEFTÇİ":"Bu futbolçularla danışıqlar davam etdirilir"

Sportinfo.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin sonuncu videokonfransından sonra premyer-liqanın taleyinə aydınlıq gəldi. Və bununla da bütün dedi-qodulara, ehtimal nəzəriyyəsinə son qoyuldu.

Çempionat qaldığı yerdə, yəni 20-ci turda başa çatdırıldı, medalçılar turnir cədvəlindəki sıralamaya əsasən müəyyənləşdi. Avrokuboklara vəsiqənin sahibləri də həmçinin.

Narazılıqların olması təbiidi. Xüsusən də qarşısında avrokubok hədəfi duranların. Amma indiki halda bildiyimiz bir şey var, o da kimin nə deməsindən asılı olmayaraq, komandaların növbəti birinciliyə hazırlaşması. Kim razıdı, kim narazı – fərq etmir, qərar verilibsə, hamı hörmət etməlidi.

Keçmiş keçmişdə qaldı. Bu gün üçün aktual suallar gələcəklə bağlıdı. Komandaların hazırlıq planları, transfer çalışmaları və s. Odu ki, klubların mətbuat katibləri ilə söhbətdə iki suala aydınlıq gətirməyə çalışdıq (Futbol+).

1. Avrokubok və növbəti mövsümlə bağlı planlarınız necədi (hazırlığa başlama vaxtı, toplanışın məkanı, yoldaşlıq görüşlərinin keçirilmə yeri)?

2. Müqavilə müddəti bitən futbolçularla bağlı rəhbərliyin qərarı nədi?

Nurlan İbrahimov, “Qarabağ”
1. Bildiyiniz kimi, qərar dünən (srağagün) verildi. Halbuki dünənə qədər çempionatın keçirilib-keçirilməyəcəyi dəqiq bilinmirdi. Bu gün üçün dəqiq bilinən odu ki, növbəti mövsümə hazırlıq istənilən halda ölkə daxilində keçiriləcək. Ölkəni tərk etmək mümkün deyil, həm də vaxtımız azdı. Hazırda klub rəhbərliyinin çalışdığı əcnəbi futbolçuların bir neçə günlük də olsa, vətənlərinə yollanıb geri qayıtmasıdı. Bu yöndə işlər görülür. Lakin indiki məqamda hazırlıq mərhələsinin başlaması ilə bağlı dəqiq tarix söyləyə bilməyəcəm. Çünki məşqçilər heyəti plan qurur, götür-qoy edir. Hər şey dəqiqləşəndən sonra ətraflı məlumat verə bilərəm.
2. Bu yöndə klubdaxili müzakirələr və danışıqlar getdiyindən dəqiq söz demək çətindi. Bir neçə günə bilinəcək.

Rüstəm Allahverdiyev, “Neftçi”
1. Ümumi mənzərədən xəbərdarsız. Məşqlərə başlamışdıq, çempionata hazırlaşırdıq və belə bir qərar qəbul olundu. İndi isə iyunun 21-dən iyulun 5-nə qədər karantin rejimi tətbiq olunub. Yəni istəsək belə, hazırlığa başlamaq mümkün deyil. Ona görə də bu məsələ ilə bağlı durğunluq var. Baş məşqçinin bu proseslərə uyğun proqramını gözləyirik. Yalnız həmin proqramla tanış olandan sonra ictimaiyyətə məlumat verilə bilər.
2. Müqavilə müddəti bitən futbolçularla danışıqlar davam etdirilir. Bu, bir günün işi deyil, bir neçə gün davam edə bilər. Ona görə də bir qədər səbirli olmalıyıq. Anlaşma müddəti yenilənən, yaxud klubdan ayrılan futbolçu olan kimi sayt vasitəsi ilə dərhal məlumat veriləcək.

Murad Axundov, “Keşlə”
1. Bu gün axşam (dünən) klubdaxili iclasımız olacaq. Dediyiniz məsələlər - hazırlıq planı, təlim-məşq toplanışı, transferlər – orda müzakirə olunacaq. Bu gün üçün bildiyim bir şey var ki, o da komandanın istirahətə buraxılmasıdı. Avroliqaya hazırlıq bir də iyulun əvvəlində start götürəcək. Onsuz da həmin vaxta qədər ölkədə karantin rejimi tətbiq olunacaq, məşq və oyunlara icazə verilmir.
2. Transfer məsələsi də iclasda müzakirə olunacaq və qəbul olunacaq qərarlarla bağlı ictimaiyyətə məlumat veriləcək.

Rəşad Məmmədov, “Sumqayıt”
1. Bu məsələdə bir qədər qeyri-müəyyənlik var. Klub rəhbərliyi ilə məşqçilər heyəti bütün planları müzakirə etməli, ondan sonra qərar verilməlidi. Məşqçilər heyəti deyirəm, amma baş məşqçimiz Ayxan Abbasovla müqavilə müddəti başa çatıb. İlk növbədə Ayxan bəylə yeni anlaşma imzalanmalıdı. Belə deyim, hər şeyə sıfırdan başlamalıyıq. Baş məşqçi ilə yeni müqavilə bağlanmalıdı ki, gələcək planlar haqda nəsə demək mümkün olsun.
2. Transfer çalışmaları da baş məşqçi ilə yeni müqavilənin imzalanmasından asılıdı. Çünki qərar verən şəxs odu. Bu prosesin bir-iki gün çəkəcəyinə inanmıram. Dediyim kimi, görüləcək işlərimiz var. Ona görə də bizə azı bir həftə vaxt lazımdı. Avroliqada iştirak etməyimiz işləri artırıb.

Elmar Abdullazadə, “Zirə”
1. Avrokuboklarda iştirak etməyəcəyik deyə, bu dəqiqə bizim üçün mühüm olan növbəti mövsümün başlama vaxtıdı. Yəni zamanı bilməliyik ki, planlar ona görə qurulsun. Bu gün bütün istiqamətlərdə qeyri-müəyyənlik var. Həm çempionatın başlama vaxtı, həm uçuşların bərpası və s. Ona görə də nəsə söyləmək çətindi. Xaricə yollanmaq variantı inandırıcı görünmür. Çünki ölkə xaricinə üz tutmağımız mümkün olsa belə, qayıdanda karantinə alınmaq ehtimalı var. Çox güman, yaxın günlərdə hansısa məlumat olar.
2. Çox güman, baş məşqçinin planında gedəcək və gələcək futbolçuların adları var. Lakin çempionatın ləğvi ilə bağlı qərar dünən verlib deyə, belə tez adların açıqlanması mümkün deyil. Bunun üçün baş məşqçi rəhbərliklə görüşməli, fikrini bildirməlidi. Məncə, yaxın 3-4 gün ərzində bir cavab olar.

Elnur Həmidov, “Sabah”
1. Bu gün növbəti mövsümlə bağlı açıqlama vermək mümkün deyil. Çünki məlum qərar dünən açıqlanıb. Halbuki çempionatın davam edəcəyini gözləyirdik. Odu ki, bu qərardan sonra baş məşqçi ilə klub rəhbərliyi danışmalı, nələrsə müzakirə olunmalıdı. Konkret qərarlar qəbul olunandan sonra nəsə deyə bilərik.
2. “Sabah”la müqavilə müddəti başa çatan futbolçularla danışıqlar davam edir. Bəziləri ilə yollar ayrılacaq, bəziləri ilə davam edəcəyik. Artıq yollarımızı ayırdığımız iki futbolçunun adı məlumdu (başqa yazıda oxu – H.). Ola bilsin, başqa adlar da oldu.

Törə Əhmədova, “Səbail”
1. Bəli, hazırlığa başlanılmışdı. Bildiyiniz kimi, “Zirə” və “Qarabağ”la yoxlama oyunumuz da oldu. Dünənə qədər məşqlərimizi edirdik. Dünən məşqdən sonra futbolçulara 3 günlük istirahət verilib. Bu 3 gün ərzində məşqçilər korpusu ilə klubdaxili iclasımız olacaq. Hazırlıq planı haqda danışıqlar olmalıdı. Lakin gələn mövsüm üçün təqvim olmadığından, 1-ci turun nə vaxt başlayacağını hələlik bilmədiyimiz üçün bu plan haqqında danışmağımız hələ tezdi. Ona görə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara əsasən iyunun 21-dən iyulun 5-dək sərt karantin rejiminə keçilir. Futbolçulara istirahət veriləcək. Bildiyiniz kimi, açıq havada məşq etmək də qadağan olunub.
2. Müqavilə məsələsinə və hansı futbolçuların qalib-qalmayacağına gəlincə, bu, hələ məlum deyil. Hansısa yenilik olan kimi ictimaiyyətə məlumat veriləcək.

Anar Hacıyev, “Qəbələ”
1. İcraiyyə Komitəsinin iclasındakı məlum qərardan sonra növbəti mövsümlə bağlı yenilik yoxdu. Bunun üçün klub rəhbərliyi ilə baş məşqçi söhbət etməli, qərar verilməlidi. Ona görə də toplanışla bağlı nəsə deyə bilmərəm. Çox güman, yaxın günlərdə hansısa məlumat veriləcək. Bu gün qeyri-müəyyənlikdi. İlk növbədə çempionatın başlama tarixi müəyyənləşməlidi. Avrokuboklarda iştirak etmədiyimizə görə gözləmə vaxtımız var.
2. Eyni sözlər futbolçularla danışıqlara da aiddi. Rəhbərliklə baş məşqçinin görüşündən sonra bilinəcək. Hələ ki gedənlərlər bağlı konkret ad çəkmək mümkün deyil.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!