"Qarabağ" və "Neftçi" üçün yeni gəlir mənbəyi tapıldı

7 İyun 2020 13:20 Premyerliqa 2 378
"Qarabağ" və "Neftçi" üçün yeni gəlir mənbəyi tapıldı

Bilindiyi kimi, bugünlərdə Türkdilli ölkələrin komandaları arasında yeni futbol turnirinin yaradılması variantı ortaya atılıb.

Sportinfo.az xəbər verir ki, bu təkliflə Türkiyə Futbol Federasiyasının (TFF) xarici əlaqələr komitəsinin üzvü Gürkan Teoman çıxış edib.

Türk birliyi mövzusunda araşdırmaları ilə diqqət çəkən Teoman türkdilli ölkələrin klublarının “Turan kuboku” adı altında birləşməsini təklif edib. Onun fikrincə, belə bir turnirin təşkili həm klubların beynəlxalq təcrübəsini, həm də maddi gəlirlərini artıracaq:

“Bunun ölkələr arasındakı münasibətə də müsbət təsiri olacaq. Həmçinin klublar əməkdaşlıqlarını gücləndirər, öz aralarında fikir mübadiləsi aparılar, həkimlər hər hansı bir zədə zamanı məsləhətləşmələr edər, hətta futbolçu transferləri də asanlaşar”.

Federasiya rəsmisi hesab edir ki, “Turan kuboku” klublara teleyayım və reklam gəlirləri qazandıracaq.

Ölkə birinciliklərinin təqviminə təsir etməyəcək bir proqram hazırlamağın tərəfdarı olan Gürkan Teoman eyni zamanda komandaların türkdilli vətəndaşlığı olan futbolçularının bu yarışda legioner sayılmamasını təklif edib: “Bunun sayəsində bu ölkələrin klubları öz aralarında rahatlıqla transferlər edə biləcəklər”.

Teoman turnirin yaradılması yönündə artıq ilk addımın atıldığını, bununla bağlı heyət formalaşdığını da sözlərinə əlavə edib. Əgər adıçəkilən turnir yaradılarsa, Türkiyə, Azərbaycan, Kipr, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər bir neçə türkdilli xalqların komandalarının iştirakı planlaşdırılır.

Təşkilatçılar yarışda 11 türk dövlətinin komandalarının qatılmasını nəzərdə tutublar. Onlar arasında Azərbaycan təmsilçiləri də olacaq. Hətta ilk turnirdə ölkəmizi iki komandanın təmsil edəcəyinə işarə vurulub.

Türkiyəli həmkarlarımız "Qarabağ" və "Neftçi"nin "Turan Kuboku"na qatılmasının planlaşdırıldığını vurğulayıblar: "Bu kubok klublara yeni gəlir mənbəyi olacaq. Eyni zamanda, baş məşqçilər arasında fikir mübadilələrinin aparılmasına və inkişafa yol açacaq.

Avrokuboklarda iştirak edən "Qarabağ", "Neftçi", "Şaxtyor" (Karaqandi), "Aktobe" kimi klubların qatılacağı turnirdə komandalar maliyyə gəlirlərini də artıracaqlar".

Hazırlıqlar yekunlaşdıqdan sonra turnirin təqdimatının olması planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"