Azərbaycan futbolunu xilas etmək üçün QAPALI TOPLANTI

5 İyun 2020 09:28 Premyerliqa 949
Azərbaycan futbolunu xilas etmək üçün QAPALI TOPLANTI

Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki qərarı ölkə çempionatının qalan 8 turunun keçirilmə ehtimalını azaldıb.

Çünki iyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək xüsusi karantin rejiminin tam izolyasiya şəklində ən sərt forması tətbiq ediləcək. Həftəsonu qadağalarının iyunun 13-15-də də tətbiq olunması nəzərdə tutulur.

Bu isə üç aya yaxındır məşq etməyən komandaların iyunun 21-də bərpa olunması nəzərdə tutulan çempionatın qalan matçlarına hazırlaşmaq şanslarını minimuma endirir.

AFFA İcraiyyə Komitəsinin martın 13-də dayandırılan Premyer Liqanın iyunun 21-də bərpa olunmasını qərara almasına və klubların məşqlərə başlamasına baxmayaraq, artıq məsələyə yenidən baxılması zərurəti yaranıb.

Federasiya yaranmış vəziyyətin ciddiyətini anlamağa başlayıb. Sportinfo.az-ın məlumatına görə, Operativ Qərargahın dünən qərarı açıqlamasından sonra AFFA və Peşəkar Futbol Liqasının rəsmiləri bir araya gəlib.

Gündəmdən doğan məsələlər yenidən masaya yatırılıb. Koronavirus pandemiyası səbəbindən dayandırılan Premyer Liqanın bərpa olunması qərarı yenidən gözdən keçirilib.

Premyer Liqaya XX turdan sonra ara verilib. AFFA və PFL rəsmiləri təqvimin növbəti dəfə dəyişdirilməsinı müzakirə edib, ancaq variantların heç biri üzərində dayanılmayıb. Çünki təqvim sıxdır.

Üstəlik, sərt redjimli karantinin iyunun sonunadək davam etməsi istisna deyil. Odur ki, matçların sonrakı tarixlərə təxirə salınması isə mümkünsüz görünür.

Digər tərəfdən, UEFA tövsiyə edir ki, avqustun 3-nə qədər bütün daxili yarışlar yekunlaşdırılmalıdır. Hazırkı duruma əsasən, Premyer Liqanın bərpa olunmayacağını və vaxtından əvvəl başa çatdırılacağını gözləməyə dəyər.

Güman ki, mükafatçıların elan edilib-edilməyəcəyinə və avrokubok iştirakçılarının turnir cədvəlinə uyğun müəyyənləşdirilib-müəyyənləşdirilməyəcəyinə AFFA İcraiyyə Komitəsi (İK) qərar verəcək İK-nin isə gələn həftə videkonfrans keçirməsi planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”