"Neftçi" də "Qarabağ"ın çempion olmasına razıdır?

5 İyun 2020 00:42 Premyerliqa 961
"Neftçi" də "Qarabağ"ın çempion olmasına razıdır?

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tam izolyasiya şəklində ən sərt formasının tətbiq edilməsi Azərbaycan Premyer Liqasının erkən başa çatdırılmasına səbəb ola bilər.

Sportinfo.az xəbər verir ki, ardıcıl iki həftəsonu qadağaların tətbiq olunması səbəbindən AFFA İcraiyyə Komitəsinin ləğv qərarı ilə bağlı bir araya gəlməsi istisna deyil.

Belədə qurumun turnir cədvəlində hazırkı mövqelərə uyğun medalları verib-verməyəcəyi və avrokubok iştirakçılarını necə müəyyənləşdirəcəyi maraq doğurur. Bəs indiki vəziyyət hansı komandalara sərf edir?

Turnir cədvəlinin ilk hissəsindəki “4-lük” yəqin ki, mövsümün erkən yekunlaşdırılmasından narazılıq bildirməz. Medalçılar sırasında qərarlaşan “Qarabağ”, “Neftçi” və “Keşlə”nin ardıcıllıqla bir-birindən 7 xallıq fərqinin olduğunu nəzərə alsaq, onlar müvafiq olaraq qızıl, gümüş və bürünc medallara çətin ki, “yox” desinlər.

Hər nə qədər “Neftçi” cəbhəsindən “çempionluq şansımız davam edir” açıqlamaları səslənsə də, müvafiq qərar bakılılar üçün yalnız bəhanə zəmini yaradacaq.

Çünki paytaxt klubunun idman prinsipi çərçivəsində belə, “Qarabağ”a çatması çətin görünürdü. Vild-Donald Gerye və Dabo kimi aparıcı oyunçuların gedişindən sonra komandanın hətta ikinci yerdə qalacağına da heç kim zəmanət verə bilməz.

“Keşlə”yə gəlincə, klub rəhbərliyinə mövsümün əvvəlində bürünc medal təklif olunsaydı, düşünmədən razılaşardı. Bu mənada Tərlan Əhmədovun komandası ləğv qərarı ilə heç nə itirməyəcək. Çünki bürünc medalın üstündə Avropa Liqasına vəsiqə onlar üçün bonus sayılacaq. O ki qaldı “Sumqayıt”a, çempionatın bərpası hamıdan çox onlara sərf etmir. Avrokuboka vəsiqə verən sonuncu – 4-cü yerdə qərarlaşan “kimyaçılar”ın mövsümün davam etməsi təqdirində hətta sonuncu pilləyə qədər düşməsi reallıqdan uzaq deyil. Hazırkı vəziyyətə görə, Avropa Liqasına yollanacaq Ayxan Abbasov və yetirmələri mövsümün vaxtından tez bitirilməsinə yalnız sevinə bilər.

Premyer Liqanın davam etdirilməməsi “Sumqayıt”ın nə qədər ürəyincədirsə, “Zirə” üçün bir o qədər arzuolunmazdır. Çünki “gənclik şəhəri” təmsilçisi ilə eyni sayda xal toplamasına baxmayaraq, 5-ci yerdə qərarlaşan qəsəbə klubu “Sumqayıt” kimi, Azərbaycan kubokunda da yarımfinaldadır.

Ölkə kubokundan əlini üzən “Sabah” və “Səbail” “Zirə”dən fərqli, ləğv qərarına çətin ki, səs-küy salsın. “Qəbələ” çempionatda sonuncu yerdə getməsinə baxmayaraq, “Zirə”dən sonra mövsümün bərpa olunmasını istəyəcək ikinci komandadır. Çünki “Sabah” və “Səbail”lə müqayisədə bölgə təmsilçisi Avropa Liqasına hər iki cəbhədən vəsiqə şansını qoruyur (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!