İki komandanın Premyer Liqaya buraxılmaq məsələsinə baxılır

23 May 11:34 Premyerliqa 553
İki komandanın Premyer Liqaya buraxılmaq məsələsinə baxılır

"COVID-19" pandemiyası lisenziyalaşdırma prosesinə ciddi təsir göstərməyib".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev deyib.

Federasiya rəsmisi bildirib ki, yeganə dəyişiklik tarixlərlə bağlıdır: "Məsələn, burada prosesin tamamlanması və UEFA-ya yekun qərarların verilməsi tarixinin uzadılmasını qeyd edə bilərəm. Son tarix 2020-ci il 31 maydan 2020-ci il 30 iyunadək uzadılıb".

Hacıyevin sözlərinə görə, klubların UEFA və Premyer Liqa lisenziyaları ilə bağlı məsələsi hazırda qiymətləndirmə fazasındadır: "Lisenziyalaşdırma Qrupunda daxil olmuş sənədlərə baxılır və onlar müvafiq qaydada Lisenziyalaşdırma Komissiyasına təqdimat üçün hazırlanır.

Komissiyanın iclasının iyunun ilk 15 günlüyündə keçirilməsi planlaşdırılır. Amma yığıncağın dəqiq tarixi pandemiya ilə bağlı mövcud duruma uyğun təyin olunacaq".

Lisenziyalaşdırma Qrupunun rəhbəri növbəti mövsümdən Premyer Liqada çıxış edəcəyi gözlənilən I Divizion təmsilçiləri "Kəpəz" və "Turan Tovuz"dan Komissiyaya müxtəlif lazımi sənədlərin daxil olduğunu bildirib.

Lakin onun sözlərinə görə, hər iki klubun sənədləri qiymətləndirmə fazasındadır və dəyərləndirilən sənədlər müvafiq qaydada Lisenziyalaşdırma Komissiyasına təqdim olunacaq.

Onların elitada iştirakının mümkünlüyünə gəlincə, AFFA rəsmisi bildirib ki, hazırda bu sualı cavablandırmaq üçün çətindir: "Çünki ilk növbədə sənədlər qiymətləndirilir. İstənilən klub lisenziya meyarlarına cavab verməlidir. Ondan sonra isə məsələ AFFA İcraiyyə Komitəsində müzakirə oluna bilər".

Hacıyev deyib ki, lisenziya üçün müraciət edən aşağı dəstə klublarının sənədlərində maliyyə meyarları ilə bağlı müxtəlif çatışmazlıqlar mövcuddur:

"Sənədlərlə tanış olduqca, bu məsələlər üzə çıxır. Ad açıqlaya bilmərəm. Çünki məxfi məlumatdır. Amma həmin klublarla danışıb bu barədə məlumat vermişik. Son tarixə qədər həmin çatışmazlıqlar aradan qaldırılmalıdır. Bundan sonra yekun sənədləri Komissiyaya təqdim edirik".

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 00:42 Qurbanovdan 2-ci... FOTO
4 İyul 21:00 Azərbaycana vaxt verdi