Qurban Qurbanov: “İndi bunu düşünməliyik, nə desələr, əməl edəcəyik”

4 Aprel 2020 18:48 Premyerliqa 883
Qurban Qurbanov: “İndi bunu düşünməliyik, nə desələr, əməl edəcəyik”

Bu dəqiqə UEFA-nı narahat edən əsas məsələ Belarus istisna olmaqla qitənin qalan ölkələrində daxili yarışların nə vaxt bərpa olunacağıdı.

Müzakirələr davam edir, çıxış yolu axtarılır, lakin hələ də yekun nəticə hasil olmayıb.

Sportinfo.az xəbər verir ki,Avropa futbol qurumunun bir neçə gün öncə təşkil etdiyi növbəti videokonfransda müxtəlif ideyalar müzakirəyə çıxarılsa da, yekun nəticə bəlli deyil.

Vəziyyəti belə görən milli fedarasiyalar çıxış yolları axtarırlar. Məsələn, Belçikada “Brügge” çempion elan olunub, avrokuboklara qatılacaq başqa klublar da müəyyənləşib, elitadan gedəcək və bura gələcək klubları və ölkə kubokunun taleyini müəyyənləşdirmək üçün isə işçi qrup yaradılıb.

Bizdə hələ ki sakitlikdi. Premyer-liqanın 8 turu oynanılmalıdı, bu da ümumilikdə 32 oyun edir. Üstəlik kubokun yarımfinalında 4 matç və həlledici qarşılaşma. Yekunda 37 oyun alınır.

Azərbaycan futbolunun, daha doğrusu, ölkədaxili yarışların taleyinin necə olacağının bilinmədiyi indiki məqamda təqvimi daha da seyrəkləşdirmək üçün ilk baxışdan avantürist görünən, amma əslində məntiqli olan ideyamız var.

Təklif edirik ki, kubokun yarımfinalı 2 yox, 1 oyundan ibarət olsun. Komandalar öz aralarında danışmaqla həmin görüşün kimin meydanında və ya neytral meydanda keçirilməsi ilə bağlı razılığa gələ bilərlər. Təbii ki, bu ideyanı yalnız PFL gerçəkliyə çevirə bilər.

Maraqlıdı, klublar buna razıdılarmı? 2 oyunun “yoxa çıxması” müəyyən mənada çıxış yolu sayıla bilərmi? Xatırladaq ki, yarımfinalda “Qəbələ” “Zirə” ilə, “Sumqayıt” isə “Qarabağ”la qarşılaşmalıdı. Bu üzdən adı çəkilən komandaların baş məşqçiləri ilə danışdıq (Futbol+).

Ayxan Abbasov, “Sumqayıt”: “Bu dəqiqə klub olaraq bizi yalnız bir şey düşündürür – mümkün qədər bəladan uzaq durmaq və özümüzü, yaxınlarımızı, ailə üzvlərimizi qorumaq. Hazırda insan sağlamlığı önəmlidi, futbol arxa plana keçib. Ona görə də futbolla bağlı hansısa təklif irəli sürmək, hansısa təklifi dəyərləndirmək bu gün üçün aktual deyil. İnşallah, qısa zamanda karantin rejimi bitər, həyat əvvəlki axarına qayıdar, ondan sonra nəyisə müzakirə edə bilərik. Bu səbəbdən ideyanıza münasibət bildirməyim mümkün deyil”.

Zaur Həşimov, “Zirə”: “Futbol və çempionat bərpa olunarsa, bu bizim də düşündüyümüz variantlardan biridi. Yaxşı təklifdi. Təki çempionat bərpa olunsun, həyat əvvəlki axarına qayıtsın”.

Elmar Baxşıyev, “Qəbələ”: “Bildiyiniz kimi, hazırkı durumda qarşımızda duran əsas hədəf kubokda bacardıqca irəli getməkdi. Ona görə də yarımfinal görüşünü doğma azarkeşlərimizin qarşısında keçirmək istərdik. Lakin bu dəqiqə ən vacibi sağlamlıq və təhlükəsizlikdi. Bizim nəsə deməyimizlə məsələ həll olunmur. Yəqin ki bu istiqamətdə müzakirələr olacaq və yekun qərar veriləcək. Ona görə də indidən nəsə demək çətindi. Çıxılmaz vəziyyət yaransa, dediyiniz ideya uyğun ola bilər”.

Qurban Qurbanov, “Qarabağ”: “İndiki məqamda hansısa təklif üzərində dayanmağımız, nəyisə müzakirə etməyimiz doğru olmaz. Çünki heç nə bəlli deyil. İndiki anda sağlamlığımızı düşünməliyik. Futbolla və oyun sayı ilə bağlı hansı qərar qəbul olunacaqsa, hörmətlə yanaşacağıq. Bu işdə məsuliyyət AFFA ilə PFL-in üzərində olacaq. Nə desələr, əməl edəcəyik”.

Xəbər Lenti