Hansı Premyer Liqa klubu futbolçuların maaşını kəsəcək?

30 Mart 2020 19:02 Premyerliqa 771
Hansı Premyer Liqa klubu futbolçuların maaşını kəsəcək?

Sportinfo.az xəbər verir ki, koronavirus pandemiyası bütün başqa sahələr kimi, futbolu da dondurub.

İndi hamı tətildədi. Klub və komanda üzvləri, məşqçi və futbolçular da evdən bayıra çıxmamaq tapşırığına əməl etməklə özlərini epidemiyadan qoruyurlar.

Belə məqamda əsas sual klub rəhbərlərinin qarşısında dayanır: vəziyyət bu cür davam etsə, maaş məsələsi necə tənzimlənəcək? Pullar müqavilədə nəzərdə tutulan şəkildə hesaba köçürüləcək, yoxsa hansısa faiz çıxılacaq?

Düzdü, hər bir məşqçinin, futbolçunun, hətta sıravi işçinin belə klubla sənəd üzərindəki anlaşması var. Orda isə “koronavirusa görə çempionat dayansa, maaşlar tam ödəniləcək, yaxud ödənilməyəcək” deyə bənd yoxdu. Yəni müqavilədəki boşluq klub başbilənlərinin əl-qolunu bağlayıb. Adamların azı iyunun sonuna kimi anlaşması varsa, rəhbərlər pulu verməlidilər.

Bu məsələdə yeganə çıxış yolu məşqçi və futbolçuların insafındadı. Yəni 1-2 ay komanda üçün heç nə etməyən, gününü evində, ailəsinin yanında keçirənlər klubun durumunu nəzərə alıb güzəştə gedə bilərlər. Məsələn, maaşın 50 faizinin verilməsinə razı olmaları mümkündü. Və ya 70, yaxud 80 faizinə. Qısası, ümid onların insafına qalıb.

Son günlər bu mövzu Aropada ciddi müzakirələrə səbəb olub. Klub rəhbərləri yetərincə yüksək ödənişli futbolçuların maaşının bir hissəsini ödəməmək üçün onlarla danışıq aparır. Dediyimiz kimi, son söz məşqçi və futbolçuların olacaq. Yox, qərarı UEFA versə, bu başqa məsələ.

Görəsən, bizdə vəziyyət necədi? Klublar mart və aprel ayının maaşları barədə nə düşünür? Bu məqsədlə premyer-liqa təmsilçilərinin mətbuat katibləri ilə əlaqə saxladıq (Futbol+).

Nurlan İbrahimov, “Qarabağ”: “Hazırda klub və komanda olaraq məlum hadisə ilə bağlı istirahətdəyik. Aprelin 6-da bir araya gələcəyik. Yəqin ki, dediyiniz mövzuya da həmin vaxt baxılacaq. Martdakı ödənişlər tam ödənilib, sonrakı aylara görə nəzərdə tutulan əməkhaqqılara baxılacaq”.

Rüstəm Allahverdiyev, “Neftçi”: “Yaxın günlərdə martın maaşları köçürüləcək. Yəqin ki tam ödəniləcək. Aprelin və növbəti ayların məvaciblərinin hansı şərtlə və necə veriləcəyi haqda indidən nəsə demək çətindi. Çempionatın nə vaxt bərpa olacağını biləndən sonra nəsə demək mümkündü”.

Murad Axundov, “Keşlə”: “Bizdə vəziyyət elədi ki, futbolçuların, məşqçilərin, inzibati və texniki heyətin maaşların çempionatın davam edib-etməməsindən asılı olmayaraq tam ödənilir. Və bu cür də davam edəcək. Çünki klub və komandanın hər biri ilə illik müqavilə bağlanılıb. Həmin müqaviləyə uyğun olaraq məvaciblər veriləcək. Pandemiyanın yayılması və təhlükə saçması nə futbolçuların günahıdı, nə də klubda çalışanların. Ona görə də rəsmi sənədlərdə göstərilən rəqəmlərə uyğun olaraq maaşlar veriləcək”.

Rəşad Məmmədov, “Sumqayıt”: “Bu məsələ ilə bağlı dəfələrlə klub rəhbərliyindən məlumat almışam. Onu deyə bilərəm ki, bu dəqiqə maaşlarla bağlı yekun qərar qəbul olunmayıb. Hazırda hər kəs koronaviruslu günlərdən sağ-salamat çıxmağı düşünür, arzulayır. Bu çətin günləri başa vurandan sonra məvacib məsələsinə baxılacaq. Yəqin ki, qısa zamanda hansısa məlumat olacaq”.

Elmar Abdullazadə, “Zirə”: “Dediyiniz mövzu ilə bağlı müzakirə olmayıb. Hələ ki maaşlarla bağlı nəsə deyilmir. Çox güman, yaxın günlərdə hansısa yenilik olacaq. Aprelin ilk günlərində martın əməkhaqqısı veriləcək, onda dəqiq nəsə bilinəcək”.

Elnur Həmidov, “Sabah”: “Bizdə hələ ki bu məsələ müzakirə olunmayıb. Martın məvacibləri Novruz bayramından öncə ödənilib. Aprelin maaşına isə hələ vaxt var. Ona görə də bu gün üçün aktual mövzu sayılmır. O vaxta qədər yəqin ki hansısa bilgi olar”.

Törə Əhmədova, “Səbail”: “Qısa zamanda mart ayının maaşları tam ödəniləcək. Lakin apreldə vəziyyət necə olacaq, məvaciblər necə veriləcək – bu haqda indidən nəsə demək çətindi. Çünki hələ martın son günləridi. Bu mövzuda hansısa yenilik olsa, sizə də xəbər verəcəyik”.

Anar Hacıyev, “Qəbələ”: “Dəqiq qərar yoxdu. Hələ ki gözləmə mövqeyindəyik. Çempionatın bərpasına ilə bağlı məlumat olandan sonra hansısa qərar qəbul ediləcək”.

Hə, sonda onu da qeyd edək ki, “Neftçi”, “Səbail”, “Zirə” və “Qəbələ”nin üzvləri martda iki oyuna çıxdıqları halda, “Qarabağ”, “ Keşlə“, “Sumqayıt” və “Sabah”ın futbolçuları yalnız 20-ci turda top dalınca qaçıblar.

Martın 13-də isə PFL prezidenti Ramin Musayev premyer-liqanın “dondurulması” ilə bağlı əmr verdi. Bu da o deməkdi ki, komanda üzvləri martın yarısını dincəliblər.

Xəbər Lenti