“Neftçi”nin ölmüş ruhunu tapacağına inanırsız?

6 Fevral 2020 17:28 Premyerliqa 1 262
“Neftçi”nin ölmüş ruhunu tapacağına inanırsız?

Azərbaycan Premyer Liqasında 16-cı tura fevralın 7-də start veriləcək. Turunun qarşılaşmaları 2 gün ərzində keçiriləcək.

“Sabah”ın uğur qazanması üçün nə dəyişməlidir?

İlk oyun günündə meydana əvvəlcə “Sabah”la “Qəbələ” çıxacaq. Belə görünür ki, “Sabah” qış fasiləsində elə “qış yuxusu”na gedib. Fasilədən sonra “Zirə” ilə keçirilən ilk qarşılaşmada “tələbələr”in inkişaf etmədikləri bəlli oldu. Elə həmin “Sabah”dır, fasilədən əvvəlki komanda. Görfünür, “Sabah” rəhbərliyi bu dəfə də baş məşqçi seçimində yanılıb. Ümumiyyətlə, onların bu dəfə dəvət etdikləri məşqçinin futbol, yoxsa xokkey, ya da həndbol mütəxəssisi olduğu haqda müzakirə aparmaq lazımdır. Düzdür, bunu müəyyənləşdirmək o qədər də asan olmayacaq. Amma onu asanlıqla müəyyənləşdirmək olar ki, cari mövsüm üçün “Sabah”ın heç bir iddiası qalmayıb. İndi növbəti mövsüm haqda fikirləşmək lazımdır. Yox, uğur qazanmaq üçün yox. Sadəcə, növbəti mövsümdə neçə məşqçi dəyişmək, onları hardan dəvət etmək planları haqda. Belə görünür ki, “Sabah”ın uğur qazanması üçün baş məşqçi dəyişiklikləri əhəmiyyətsizdir. Bunun üçün nə dəyişməlidir? Nə yox, “kim dəyişməlidir” sualı verilməlidir. Kimlərin dəyişməli olduğunu bilmirsiniz? Day onda Azərbaycan çempionatına niyə baxırsınız ki...

Statistika nə deyir?

“Sabah”ın meydanındakı hər oyunda 1 qol vurulub. Son 4 qarşılaşmada qonaq tərəf xal qazanıb.

“Sabah” - “Qəbələ” - 6 oyun, 2 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət, top fərqi 4-5.

Ağası gülüm olanın...

Günün digər qarşılaşmasında “Keşlə” “Səbail”i qəbul edəcək. Yəqin ki, çoxlarınız “Keşlə”nin asanlıqla qalib gələcəyini düşünür. Yox, biz belə düşünmürük. Heç “Səbail”in də imkanlarını şişirtmirik. Sadəcə, əvvəllər xatırlatdığımız bi məqamı yenə də yada salırıq: Azərbaycan çempionatında “Qarabağ”ı çıxmaq şərtilə digərləri eyni səviyyədədir. Ona görə də, “Keşlə”nin “Səbail”ə asanlıqla qalib gələcəyini proqnozlaşdırmırıq. Bərabər qüvvəli komandalardır. Amma Rövnəq müəllimin oğlunun “oyuncağı”nda məvaciblər vaxtlı-vaxtında verilmədiyi üçün komanda daxilində əhval-ruhiyyə yerində deyil. Amma AFFA-da vəzifə bölgüsü “uğurla” həyat keçirildiyi üçün güman olunur ki, “Səbail”də də məvaciblər gecikməyəcək. Zarafat deyil, bu komandanın İcraiyyə Komitəsində təmsilçisi də var artıq. Özü də Rauf Əliyev. Ağası gülüm olanın...

Statistika nə deyir?

Son 4 qarşılaşmada meydan sahibi olan tərəf qələbə qazanmayıb. “Səbail” son üç səfərdə qalib gəlib.

“Keşlə” - “Səbail” - 10 oyun, 3 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət, top fərqi 10-12.

Sizi əmin edirik...

İkinci oyun günüdə ilk qarşılaşma Sumqayıtda keçiriləcək. “Sumqayıt” “Zirə”ni qəbul edəcək. Fasilədən sonrakı ilk tur göstərdi ki, qış fasiləsində “yuxuya getməyən” komandalar elə “Sumqayıt”la “Zirə” olub. “Neftçi” ilə qarşılaşmada “Sumqayıt”ın qələbəsini hakimlər oğurladısa, “Zirə” keyfiyyətli oyunla “Sabah”ı kötəklədi. Ona görə də, 16-cı turun ən maraqlı qarşılaşması kimi məhz bu oyunu səciyyələndirmək olar. Hər kimi komandanın avrokuboklara vəsiqə uğrunda mübarizə aparması, bu oyuna əlavə rəng qatacaq. Sizi əmin edirik, bu qarşılaşmada olacaq rəqabət günün digər oyununda olmayacaq.

Statistika nə deyir?

“Sumqayıt” 5 oyundur qələbə qazanmır. Bu 5 matçdan paytaxt təmsilçisi qolsuz ayrılmayıb.

“Sumqayıt” - “Zirə” - 18 oyun, 4 qələbə, 4 heç-heçə, 10 məğlubiyyət, top fərqi 15-25.

Onda Azərbaycan çempionatına niyə baxırsız ki?

Günün digər oyununda isə “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Siz Allah, buraxın “Azərbaycan derbisi” kimi bambılı bənzətmələri. Bu oyunda derbi ab-havası olmayacaq. Nə meydanda, nə də tribunada. Yox, “Qarabağ”ın rəqibini asanlıqla məğlub edəcəyini gözləmirəm. Çünki fasilədən sonra keçirilən ilk turda - “Səbail”lə oyunda “Qarabağ”da oyun keyfiyyətinin istənilən səviyyədə olmadığı aşkar sezilirdi. “Köhlən atlar”ın oyun keyfiyyətinin qısa müddətdə yüksələcəyi də inandırıcı deyil. “Neftçi”dən isə danışmağa dəyməz. “Sumqayıt”la oyun göstərdi ki, bu komanda ruhunu tamamilə itirib. “Neftçi”nin ruhunu tapacağına inanırsınız? Biz inanmırıq. Bütün bu amilləri nəzərə alaraq, bu qarşılaşmadan yüksək keyfiyyət də gözləmirik.

Statistika nə deyir?

“Qarabağ” dörd oyundur uduzmur. “Neftçi” son iki görüşdə qol vurmayıb.

“Qarabağ” - “Neftçi” – 78 oyun, 29 qələbə, 29 heç-heçə, 20 məğlubiyyət, top fərqi 84-71.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti