AFFA-nın iranlı futbolçulara MİLYONLUQ GİZLİ SEVGİSİ

23 Yanvar 2020 15:00 Premyerliqa 1 328
AFFA-nın iranlı futbolçulara MİLYONLUQ GİZLİ SEVGİSİ

Son vaxtlar Azərbaycan klubları heyətə iranlı futbolçuları cəlb edirlər.

Bu tendensiya “Sumqayıt”la sürətləndi, daha sonra “Neftçi” (Saman Nəriman Cahan) və “Səbail” (Peyman Keşavarz) də İrandan futbolçu gətirdi.

İranda 30 milyona yaxın azərbaycanlı yaşayır. Onların arasında istedadlı futbolçular da yetərincədir. AFFA İrandan azərbaycanlı futbolçuları gətirməklə gələcəyi düşünür.

Əldə etdiyimiz məlumata görə, iranlı futbolçular bir müddətdən sonra milliləşdiriləcək və yığma komandaya cəlb olunacaqlar.

İranlı futbolçuların AFFA-nın nəzarətində olan klublara - “Sumqayıt”, “Neftçi” və “Səbail”ə transfer olunması da bunun göstəricisidir.

Amma bu işdə daha bir maraqlı məqam var. Məlumdur ki, İrandakı azərbaycanlılar Azərbaycan yığmasının şərəfini qorumaqdan həmişə çəkiniblər.

Amma nə baş verirsə, bu dəfə onlar böyük həvəslə Azərbaycana üz tuturlar. Hətta “Neftçi”yə transfer olunan Saman Nariman Cahan bildirib ki, Azərbaycana gəlmək üçün “Maşınsazi”yə öz cibindən xeyli vəsait ödəyib.

Bax, “xoruzun quyruğu” burda görünür. Saman Azərbaycana gəlmək üçün bu qədər vəsaiti niyə ödəsin ki? Deməli, burda daha çox məbləğ vəd olunub.

Məlumata görə, AFFA rəhbərliyi futbolçulara heç bir təhlükənin olmayacağı ilə bağlı vəd verib. Üstəlik, onlar milliləşdirilib yığmaya cəlb olunduqdan sonra Bakının mərkəzində mənzillə də təmin olunacaqlar. Yığmanın formasını geyinən hər bir iranlı futbolçu 1 milyon manat mükafat da alacaq.

AFFA rəhbərliyi futbolçulara bildirib ki, ailələri İranda təzyiqlə üzləşəcəkləri təqdirdə, onların da Azərbaycana gəlməsinə yardımçı olacaq.

Hazırda daha bir neçə İran azərbaycanlısı ilə danışıqlar aparılır. Danışıqlar nəticə versə, bir müddətdən sonra Azərbaycan çempionatında iranlı futbolçuların sayı bir neçə dəfə arta bilər.

AFFA rəhbərliyi Almaniya, Rusiya və Türkiyənin aşağı dəstələrindən cəlb edilən futbolçularla nəticə qazanmağın mümkünsüz olduğunu bildikdən sonra cənuba tərəf üz çevirib.

Onların bu planının nəticə verib-verməyəcəyini deyə bilmərik. Amma onu dəqiq bilirik ki, bu AFFA rəhbərliyi Azərbaycanda futbolçu yetişdirmək niyyətində deyil.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti