Musayevdən klublara SƏRT tənqid - "Hətta körpə uşaqlardan da çempionluq istəyirlər"

7 Yanvar 2020 14:00 Premyerliqa 1 027
Musayevdən klublara SƏRT tənqid -

"Mövsümün ikinci yarısından maraqlı və gərgin oyunlar gözləyirəm. İntriqanın son turlara qədər davam edib-etməyəcəyini indidən deyə bilmərəm. Qış mövsümündəki keçidlərdən çox şey asılı olacaq. Görək, komandalar hansı transferləri edəcəklər. Bundan sonra nəsə deyə bilərəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. Qurumun rəhbəri bir müddət öncə mətbuata açıqlamasında bildirmişdi ki, İcraiyyə Komitəsinin iclasında legioner limitinin ləğvi ilə bağlı məsələ qaldıracaq. Əvvəlki fikrində qaldığını söyləyən Musayev yerli futbolçuların yetişməsi üçün bu addımın zəruri olduğunu vurğulayıb. O, klubları, onların rəhbərliyini də sərt tənqid edib:

"Bu, mənim şəxsi fikrimdir. Razı olmaya da bilərlər. Amma mən öz fikrimdə qalıram. Bəzi futbolçular sözlərimə görə məndən inciyir. Amma belə deyil. Nəticə olmayanda heç kim onları tənbeh etmir. Hamı futbol sahəsində çalışanları tənqid edir ki, hara baxırlar, niyə düz işləmirlər.

Azərkeşin istəyi komandanın çox qol vurması, qələbə qazanmasıdır. Gəlin, baxaq, bu gün hansı hücumçular arasında rəqabət var. Hansı futbolçular arasında milliyə düşmək uğrunda mübarizə gedir? Belədə biz baş məşqçidən nə gözləyir, nə istəyirik? Niyə AFFA və ya PFL rəhbərliyini tənqid edirik? Niyə klubları ayağa qaldırmırıq? Demirik ki, ay klub rəhbərləri, hara baxırsız? Hamınızın bir əqidəniz var: çempion olmaq! Halbuki oyunçu yetişdirmək lazımdır. Çempionat keçirilir ki, milliyə futbolçular hazırlansın, yetişdirilsin. Amma bu gün klublarımızın 95 faizində yalnız bir göstəriş verilir: nəyin bahasına olur-olsun, çempion olmalısan! Bu, düzgün deyil. Hətta körpə uşaqların oynadığı komandadan da çempionluq tələb edirlər. Onlardan baxımlı oyun istəmək lazımdır.

Bütün bunları nəzərə alıb deyirəm ki, limit ləğv olunmalıdır. Yerli oyunçularda arxayınlıq var. Məsələn, 1998-1999 təvəllüdlü futbolçu digərlərindən bir qədər fərqlənirsə, bilir ki, oynayacaq. Siz də qınayırsız ki, filan məşqçi niyə filan futbolçunu oynatmır, niyə ardıcıl məğlub olur. Məşqçi nə etsin? Oyunçu yoxdur axı. Çünki aşağıdan gəlmir. Vaxtilə "Bakı", "İnter" (indiki "Keşlə") klubları vardı. Sağ olsun "Qəbələ" klubu, 5-10 faiz oyunçu yetişdirir. Bu gün əvvəlki illərdəki qədər oyunçu yetişirmi? Hər şeyi pula bağlayırıq. Klublarda pul var. Uşaq futboluna diqqət ayrılmalıdır.

Evə gəlirik, ailədə anaya, həyat yoldaşımıza və ya bacıya deyirik ki, mənə xəngəl bişir. Evdə də un yoxdur. Un alıb gətirməmisən, deyirsən, xəngəl bişir. Necə bişirsinlər? Un olmalıdır. Baş məşqçi nə etsin? Yaxşı futbolçu var, milliyə çağırmadı?".

PFL prezidenti İcraiyyə Komitəsində bununla bağlı qərar qəbul olunacağını bildirib: "Bu nə AFFA rəhbərliyinin, nə də kimlərinsə fikridir. Bununla bağlı İcraiyyə Komitəsi qarşıdakı iclasda qərar verməlidir. Görək, necə olur. Mən öz təklifimi verməliyəm, verəcəm də. Kim qəbul edər-etməz, zaman gələr, buna görə cavab verər".

Digər Xəbərlər
Xəbər Lenti