"Rövnəq Abdullayev Premyer Liqada bu qədər komanda olmasını istəyir"

6 Yanvar 2020 19:30 Premyerliqa 3 122
"Rövnəq Abdullayev Premyer Liqada bu qədər komanda olmasını istəyir"

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 2020-2021 mövsümündən Premyer Liqada 10 komandanın olacağı, "Kəpəz"lə "Turan Tovuz"un elitada çıxış edəcəyi ilə bağlı səsləndirdiyi fikirlərə görə tənqid olunmasına münasibət bildirib.

Qurumun rəhbəri Sportinfo.az-a açıqlamasında sözlərinin düzgün başa düşülmədiyini söyləyib. Musayev bildirib ki, bu, onun şəxsi ideyasıdır və indi də fikrində qalır:

"Mən demədim ki, hər şey məhz beə olacaq. Öz təklifimi irəli sürmüşəm. Amma əfsuslar olsun ki, onu bəzi yoldaşlar başqa cür hallandırdılar. Dediklərimə diqqətlə qulaq asaydılar, beə fikirləşməzdilər. Sözümü geri götürmürəm. Yenə öz fikrimdə qalıram. Həmişə siz jurnalistlər bizi tənbeh edirsiz ki, Bakı çempionatı keçirilir. Mən də razıyam. Düz buyurursuz, komandalar bölgələrdə nə qədər çox oynasa, oralarda da futbola maraq artar.

Tanınmış futbolçularımızın 70-80 faizi bölgələrdə doğulan uşaqlardır. Futbol bölgəsi kimi Tovuz və Gəncənin məşhur oyunçuları olub, uşaq məktəbləri var. Həmin yerlərə yaxın Şəmkir, Qazax bölgəsi var. Bu nöqteyi nəzərdən də fikirləşdim ki, həmin bölgələrin klubları Premyer Liqada mübarizə aparsa, daha yaxşı olar. Təəssüf ki, o sözümü başqa cür hallandırdılar. Yenə də öz fikrimdə qalıram.

Sözsüz, Zaqatala azarkeşləri məndən inciyə bilərdilər. Amma gəlin, yetişən futbolçuların faiz fərqinə baxaq. Görək, hansı bölgədə daha çox futbolçu yetişir, hansında futbola maraq daha böyükdür. Bunları nəzərə alıb, fikir bildirmişəm. İndi də üstündə qalıram.

Gəncə və Tovuzun klubları Premyer Liqada olmalıdır ki, komandalar Bakıdan çıxsınlar, gedib bölgələrdə oynasınlar. Oradakı gənc uşaqlar futbolu, yaxşı futbolçularımızı, məşhur məşqçilərimizi görsünlər. Bir də görürsən, rayondan hər hansı gənc gəlib həmin məşqçilərlə şəkil çəkdirir. Olmazmı ki, həmin azarkeş o məşqçiləri və futbolçuları elə öz rayonunda görsün. Bunun nəyi pisdir?".

Musayev AFFA prezidenti Rövnəq Abdullayevin Premyer Liqada klub sayının 10-a çatdırılması ilə bağlı mövqeyini də açıqlayıb: "Rövnəq müəllimin fikri budur ki, 10 komanda olmalıdır. Hansı klublar lisenziyalaşdırmadan keçə bilsə, Premyer Liqada olacaqlar".

Digər Xəbərlər
Xəbər Lenti