AFFA prezidentindən bu klublara "yaşıl işıq"

3 Yanvar 2020 17:38 Premyerliqa 1 963
AFFA prezidentindən bu klublara "yaşıl işıq"

Bür müddət əvvəl İTV-də efirə gedən “Bol idman” verilişində həmkarımız Kənan Hakimovun qonağı Ramin Musayev idi.

Verilişdə əsas müzakirə mövzusu danışılmış oyunlar və çirkin əməllərə görə cəzalandırılan şəxslər olsa da, PFL prezidenti çoxlarının marağına səbəb olan məsələyə toxunmağı da özünə borc bildi.

Bildiyiniz kimi, hər kəsi narazı salan məqam Premyer-liqada cəmi 8 komandanın iştirak etməsi və onlardan 6-sının Bakı təmsilçisi olmasıdır. Ramin bəyin məsələyə münasibətini xatırladaq:

“İnşallah, növbəti çempionatda, yəqin ki, “Kəpəz” və “Turan Tovuz” komandaları Premyer-liqaya gəlməlidir.

“Niyə bu iki komanda” sualını verə bilərsiz. Sözsüz, bütün regionlarda futbolçular var. Amma ən çox futbolçu yetişən regionlardan danışanda Gəncə ilə Tovuzu elitada görməmək xoş deyil. Tənqidlər eşidirik ki, Bakı çempionatı keçirilir”.

Ramin Musayev məlum açıqlamasına “yəqin ki”ni əlavə etməklə bir növ özünü “sığortalayıb”. Lakin çempionatın təşkilinə və keçirilməsinə nəzarət edən qurumun rəhbəri “Kəpəz”lə “Turan Tovuz”un adını əminliklə çəkirsə, deməli, bildiyi nəsə var.

Heç şübhəsiz, yuxarı dairələr öz aralarında bu haqda müzakirələr aparıb, müəyyən qənaətə gəliblər. Musayev də bilərəkdən, yaxud bilməyərəkdən bunu dilə gətirdi.

Sözsüz, ölkə futbolundan danışırıqsa, Gəncə və Tovuzu unutmaq mümkün deyil. Məhz bu iki bölgədən çıxan futbolçuların sayına və hansı karyeraya sahib olduğuna xüsusi toxunmaq uzunçuluq olar.

Sportinfo.az araşdırma aparıb və məlum olub ki, əslində, “Kəpəz”lə “Turan Tovuz”un Premyer Liqaya qaytarılması fikri Ramin Musayevin özünə məxsus deyil.

Belə ki, bu məsələni AFFA prezidenti Rövnəq Abdullayev gündəmə gətirib. Federasiya prezidenti İcraiyyə Komitəsinin qapalı iclasında bu haqda xüsusi tapşırıq verib və bildirib ki, gələn mövsüm elitada iştirakçı sayını məhz adıçəkilən bölgə təmsilçilərinin hesabına artırmaq lazımdır.

Abdullayevin fikrincə, 4 mövsümdür 8 komanda ilə keçirilən Premyer Liqa belə davam edərsə, çempionatın səviyyəsi daha da aşağı düşəcək.

O, “Kəpəz”lə “Turan Tovuz”a yeni sponsorlar tapması üçün şəxsən özünün fəallıq göstərəcəyini, buna qədər isə SOCAR-ın maliyyələşmə yükünü öz üzərinə götürəcəyini söyləyib.

Xəbər Lenti