Azərbaycan Premyer Liqasında son qiymətlər - bahalaşanlar və ucuzlaşanlar

30 Dekabr 2019 13:18 Premyerliqa 1 654
Azərbaycan Premyer Liqasında son qiymətlər - bahalaşanlar və ucuzlaşanlar

Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların yeni transfer qiymətləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "transfermarket" saytının mövsümün ilk yarısının göstəricilərinə əsasən açıqladığı siyahıda bəzi dəyişikliklər olub.

Asmir Beqoviçin gedişindən sonra çempionatımızda ən bahalı futbolçu "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydadır. Milliləşmiş braziliyalının qiyməti dəyişməz qalıb - 1,6 milyon avro. İkinci sırada Ağdam klubunun digər legioneri Abdulla Zubirdir. Yayda transfer qiyməti 1,5 milyon avro olan fransız futbolçu öz oyunu ilə dəyərini 100 min yüksəldə bilib. Aylton Silva ilə Qara Qarayevin də transfer qiyməti eyni məbləğdə artaraq, 1 milyondan 1,1 milyona çatıb. Əvəzində isə mövsümün ilk yarısını zədə səbəbindən buraxan Filip Ozobiçin qiyməti 200 min azalaraq, 1,3 milyon avro olub.

Ümumiyyətlə, sıralamada "Qarabağ"ın hegemonluğu aydın nəzərə çarpır. İlk "yeddiliy"in "köhlən atlar"a məxsus olması hər şeyi sübut edir.

"Neftçi"nin qış fasiləsinə qədər gözləniləndən zəif çıxış etməsi bəzi futbolçuların, xüsusilə legionerlərin qiymətinə mənfi təsir edib. Buna qədər transfer dəyəri 1 milyon olan Donald Gerye və Baqali Dabo kimi əcnəbilərin hazırkı qiyməti 800 min avrodur. Ancaq "ağ-qaralar"ın heyətində qiymətini qaldıranlar da var. Məsələn, Mamadu Kane 350 mindən yarım milyona, Ömər Buludov 450 mindən 600 minə, Anton Krivostyuk isə 600 mindən 750 minə çatıb.

Mövsümün sürpriz komandası "Keşlə"nin ən bahalı oyunçusu Ruslan Qurbanovdur. Qiymətini 500 min avrodan 600 minə yüksəldən millimizin keçmiş üzvü bu mənada karyerasının rekordunu qırıb.

Ciddi irəliləyişə nail olan futbolçular arasında "Sabah"dan Bəhlul Mustafazadə, "Zirə"dən Elvin Camalov və "Sumqayıt"dan Peyman Babayi də var. Onların hər üçünün qiyməti 100 min avro artaraq, 600 min olub.

"Səbail"in dünyaca məşhur futbolçusu Maykl Essyenin isə qiyməti növbəti dəfə aşağı düşüb. Yayda dəyəri 400 min avro olan qanalı ulduzun hazırkı qiyməti 250 min avrodur.

Premyer Liqada çıxış edən digər futbolçuların transfer qiymətlərinə "transfermarkt.com" saytında baxa bilərsiz.

Elnur SALAHOV

Xəbər Lenti