Ən çoxu "Qarabağ" və "Neftçi"də, bir az da "Sabah"la "Zirə"də…

4 Noyabr 2019 22:40 Premyerliqa 1 329
Ən çoxu "Qarabağ" və "Neftçi"də, bir az da "Sabah"la "Zirə"də…

Qapıçı: Asmir Beqoviç (Qarabağ)

"Neftçi" ilə Preymer Liqanın X tur qarşılaşmasında 3 gözəl seyvlə "Qarabağ"ın qapısının toxunulmazlığını qoruyan bosniyalı qapıçı növbəti dəfə ustalığını göstərdi. Turun ən yaxşı qapıçısı adına “Zirə”nin xal qazanmasında böyük pay sahibi olan Orxan Sadıqlı da iddia edə bilərdi. Amma üstünlüyü “quru oyun” keçirən Asmir Beqoviçə verirəm.

Müdafiəçilər: Aylton (Qarabağ), Anton Krivotsyuk (Neftçi), Bədavi Hüseynov (Qarabağ), Məhəmməd Mirzəbəyov (Sabah)

Azərbaycan derbisinin qolsuz tamamlanması hər iki komandanın müdafiəyə meylli futbolçularının yaddaqalan oyun keçirməsinə dəlalət edir. “Qarabağ”lılardan ilk saniyələrdəki inamsız epizoddan sonra səhvsiz oynayan Bədavi ilə son 8 gündə üçüncü matçına çıxan və 90 dəqiqə yorulmadan sol cinahda hegemonluq edən Aylton, “Neftçi”də isə təcrübəli həmkarları - Kirill Petrovla Vojislav Stankoviçin fonunda daha etibarlı görünən Anton Krivotsyuk qeyd olunmalıdır.

Yarımmüdafiəçilər: Mamadu Kane (Neftçi), Riçard Almeyda (Qarabağ), Cavid İmamverdiyev (Sabah)

Derbi mövzusunu davam etdirərkən, “Qarabağ”ın hücum planında öyrəşdiyimiz qədər effektli olmamasının daha bir səbəbini əlavə etməliyik - Mamadu Kane.

Böyük həcmdə dağıdıcı iş görən qvineyalı yarımmüdafiəçi “Neftçi”nin ən güclü bəndi adına layiq idi. Məhz afrikalının orta sahədə işguzarlığı ilk yarını yaxşı keçirən Riçard Almeydanın yorulmasına gətirib çıxardı.

Bununla belə, Riçard da “turun komandası”nda yerini haqq edib. Cavid İmamverdiyev Qəbələdə komandasının bərabərlik topunun müəllifi olmaqla yanaşı, 2-ci qolun vurulduğu hücumu da başlamışdı.

Doğrusu, onun komanda yoldaşı - baxımlı qola imza atmış Henrix Ekşteyin də heyətə düşməyə layiq idi. Amma bu dəfə üstünlüyü yerli oyunçuya verməli oldum. Hətta İmamverdiyevin olması da “turun komandası”nın limit tələblərinə uyğun edə bilmir...

Hucumçular: Riçard Qadze (Zirə), Stiven Monroz (Neftçi), Baqali Dabo (Neftçi)
Qol vura bilməsələr də, Stiven Monrozla Baqali Dabo 90 dəqiqə “Qarabağ”ı gərginlikdə saxlamaqla, yüksək qiymətə layiq görülməlidilər. Cümə günü Ağdam klubunun qapısında Beqoviç olmasaydı, yaqin ki, Dabo və Monrozdan ən azı biri meydanı qolsuz tərk etməyəcəkdi.

"Zirə" - "Sumqayıt" qarşılaşmasında isə oyunboyu demək olar topsuz qalmasına baxmayaraq, meydanı qolsuz tərk etməyən Riçard Qadze oldu.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti