Mənsimovun milyonu, Kadinin “Qarabağ”a verdiyi qazanc və başqaları…

20 Yanvar 2023 14:40 Premyerliqa 2 359
Mənsimovun milyonu, Kadinin “Qarabağ”a verdiyi qazanc və başqaları…

Kadi Borgesin “Krasnodar”a transferi “Qarabağ”a 5 milyon avro qazandırsa da, komandanın əksər azarkeşləri hələ də bu gedişlə barışa bilmir.

“Qarabağ”da cəmi 18 ay oynamasına baxmayaraq Kadi həm oyunu, həm də azarkeşlərlə münasibətə görə fanatların sevimlisinə çevrildi, onların qələbində özünə yer tapdı.

Azərbaycan futbolundan çox legionerlər gəlib-keçib. Onların yalnız az qismi həm azarkeşlərin sevimlisinə çevrilib, həm də stabil oyunu ilə komandaya fayda verib.

1992-ci ildən bu yana Azərbaycan premyer liqasından gəlib-keçmiş, publikanın sevimlisi olmuş, gedişi komandası üçün ciddi itki sayılan və fanatların hələ də unutmadığı legionerlərin “Top 10-luğ”unu təqdim edirik.

BADRİ KVARATSXELİYA -“Kəpəz” (1997-98), “Şəmkir” (1998-2005)
Azərbaycan çempionatına gəlmiş ilk səviyyəli legioner. İndi “Napoli”də qolları sıralayan Xviça Kvaratsxeliyanın atası. 1997-ci ildə Azərbaycan çempionatının səviyyəsi o qədər aşağı idi ki, Mehman Allahverdiyevin “Kəpəz”ə gətirdiyi 32 yaşlı Badri elə ilk mövsümdə 22 oyuna 20 qol vuraraq diqqət çədi. Növbəti il Kvaratsxeliya artıq “Şəmkir”də idi. Klubun rəhmətlik prezidenti Şahbaz Süleymanov hamıya qarşı səxavətli idi, Badriyə isə hamıdan da çox. Gürcü futbolçu da aldığığı pulun qarşılığını artıqlamasıyla verirdi. “Şəmkir”də 6 mövsüm oynayan Badri 110 oyuna 51 qol vurdu. “Kəpəz”lə 1, “Şəmkir”lə 2 dəfə çempion oldu. 2000-ci ilin iyulunda Çempionlar Liqasının ilkin təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika Stadionunda Latviya çempionu “Skonto”ya vurduğu qollar isə yaddaşlara əbədi yazılıb. Kvarasxeliyanın həmin matçda vurduğu 3 qol “Şəmkir”i Çempionlar Liqsında 2-ci mərhələyə çıxardı. Azərbaycan futbolu tarixində ilk dəfə məhz onda Çempionlar Liqasında mərhələ adladıq. 20 ildən artıq vaxt keçib, “stajlı” şəmkirli azarkeşlər hələ də Badrini hörmətlə xatırlayır. Yeri gəlmişkən, indi Avropa futbolunun gənc ulduzuna çevrilən oğlu Xviça Kvaratsxeliya atası “Şəmkir”də oynadığı dövrdə - 2001-ci ildə dünyaya gəlib. Demək olar ki, Azərbaycanın çörəyi ilə böyüyüb.

OKTAY DERELİOĞLU - “Xəzər Lənkəran” (2004-05)
Unudulmaz “Xəzər Lənəkəran” və onun ilk legionerlərindən Oqtay Derelioğlu. Yaxınlarda “Sportinfo”ya müsahibəsində Oqtay etiraf etmişdi ki, 2004-cü ildə Mübariz Məsimovun 1 miyon dolları qarşılığında “Xəzər Lənkəran”a keçməyə razılıq vermişdi. Bu hələ də rekorddur - Azərbaycan futbolu tarixində 1 il üçün futbolçuya verilən ən yüksək məbləğ olartaq qalır. “Beşiktaş”ın əfsanələrindən sayılan Oqtay 2004\2005 mövsümündə 21 oyuna 17 qol vuraraq bombardirlər yarışında 3-cü oldu. “Xəzər” isə Gəncədə keçirlən “Qızıl oyun”da “Neftçi”yə uduzaraq gümüş medal qazandı. Bundan sonra Derelioğlu Türkiyəyə dönsə də, həm oyunu, həm də insanlığı ilə lənkəranlı fanatların sevimlisi olaraq qaldı. 16 avqust 2008-ci ild karyerasına son qoyarkən vida matçı məhz sevimli komandası “Beşiktaş”la “Xəzər-Lənkəran” arasında İstanbulda keçirlidi.

GEORGİ ADAMİYA - “Neftçi” (2004-2008), “Bakı” (2008-10), “Qarabağ” (2010-12)
Azərbaycanda 3 klubda - “Neftçi”, “Bakı” və “Qarabağ”da oynayıb. Amma “Neftçi”də parladığından, ən yaddaqalan oyunları burada olduğundan “ağ-qaralar”ın azarkeşlərinin ona xüsusi rəğbəti olub. Adamiya Bakı publikasına çox tez öyrəşdi. Həssas məqamlarda bəzən biz azərbaycanlılardan seçilmirdi də. 2005-ci ilin yanvarında Moskavada keçirilən “Birik Kuboku” turniində Ermənistan çempionu “Pünik”in qapısına vurduğu qol yaddaşlardadır. Həmin oyundan sonra düşən davada fəal iştirakçılardan biri də məhz Adamiya idi. Həmin il “Neftçi”ylə “Birlik Kuboku”nun gümüş, növbəti il isə kubokun özünü qazanan Adamiya ilk Azərbaycan çempioıluğunu və gümüş medalları da “ağ-qaralar”la əldə edib.

FLAVİNYO – “Neftçi” (2010-15)

“Neftçi”nin az qala hər uğursuz oyunundan sonra azarkeşlər onu xatırlayır. Flavinyonu Braziliyadan Neftçinin o vaxtkı vitse-prezidenti Tahir Süleymanovla seleksiyaçı məşqçisi Bəxtiyar Musayev tapıb gətirmişdi. Doşab almışdılar. bal çıxmışdı. 5 il ərzində “Neftçi”nin 3 Azərbaycan çempiopnluğu, 2 ölkə kuboku qazanmasında, Avroliqada qrupa düşməsində Flavinyonun müstəsna xidməti oldu. Onun kimi legioner Neftçiyə ötən müddətdə hələki gəlməyib. 8 ildir Bakıdan gedib, adı ”Neftçisevərlər”in dilindən düşmür.

SAŞA STAMENKOVİÇ – “Neftçi” (2011-15), “Sabah” (2018-21)
“Srvena Zvezda”nın yetirməsi olan serb qapıçı ölkəsində ağ-qara rənglərə nifrət edirdi. Çünki bu “Srvena Zvezda”nın əzəli və əbədi rəqibi “Partizan”ın rəngləri idi. Azərbaycanda isə o ağ-qaraya könül verdi. Publikanın sevimlisi olduğundan ara- sıra səhvlərə yol verəndə belə, “Neftçi” fanatları ona dəstək olurdu. “Partizan”la Avroliqa oyunlarında indi “Fulhem”də çıxış edən Aleksandr Mitroviçlə qalmaqalında azarkeşlər az qala ona görə meydana axışacaqdı. “Neftçi”nin “qızıl dövr”ünün oyunçularındna olan Saşa sonradan Azərbaycana qayıdıb, “Sabah”da 3 mövsüm forma geyinsə də, təbii ki, yeni yaranan, çox az sayda azarkeə malik Sabah onun üçün “Neftçi” olmadı..

ANSİ AQOLLİ - “Qarabağ” (2010-19)
İndiyədək heç bir komandamızda 9 il fasiləsiz oynayan legioner olmayıb – albaniyalı Ansi Aqollidən başqa. Komanda üçün meydanda canını qoyan, azarkeşlə hesablaşan, hörmət edən futbolçu idi Ansi. Ağdam klubunda oynadığından yerli müraciət formasını da götürmüşdü – arada dostlarına “qaqa” deyə müraciət edirdi. Albaniya millsisnin də üzvü olan Aqolli 2015-ci ildə komandasının İrəvanda Ermənistanla matçından əvvəl stadionda çəkdirdiyi Azərbaycana dəstək videosu ilə da ürəklərə yol tapmışdı. 4 il əvvəl okeanın o tayına yollanıb, həyatını Amerika ilə bağlasa da, yenə “Qarabağı” daim diqqətində saxlayır, azarkeş və komanda üzvləriylə mütəmadi əlaqə saxlayır.

REYNALDO – “Qarabağ” (2013-16)
Heç nədən qol yaratmağı bacaran əla hücumçu idi. 2013-16-cı illər arasında “Qarabağ” formasında 89 oyuna 47 qol vuran Reynaldo indiyədək klub tarixinin ən çox qol vuran legioner oyunçusudur. O dövrdə bəlkə də onun qədər azarkeşlərə forma paylayan, foto çəkdirən, avtoqtraf verən “Qarabağ”lı futbolçu yox idi. Özünün etirafına görə gecə həyatını və alkoqolu çox sevib. Bildiyimizin əksinə, bu, onun yaxşı oynamasına təkan verib. Müsahibələrində deyirdi ki, 2-ci dəfə “Qarabağ”a qayıdanda artıq spirtli içmirdim, amma oyunum da alınmırdı. 2016-cı ildə “Qarabağ”dan “Adanaspor”a keçidini “həyatının səhvi” adlandırıb Reynaldo. 2019-un qışında “Qarabağ”a dönsə də, bu, artıq əvvəlki Reynaldo deyildi. Azarkeşlər üçün isə o 2013-2016-cı illərdə publikanı coşduran Reynaldo olaraq qalır. Və hər dəfə səviyyləli hücumçu mövzusu düşəndə mütəq Reynaldo xatırlanır.

DODO – “Qəbələ” (2011-16)
Reynaldo kimi “Qəbələ”nin braziliyalısı Dodo da əyləncənin, içki məclislərinin həvəskarı idi. Buna görə məşqçilər - Syomin, Muntyanu və Qriqorçukla problemi də olmuşdu. Amma oyununa da söz ola bilməzdi. “Qəbələ”də oynadığı 5 mövsümdə vurduğu həlledici qollarla, fanatlarla münasibətinə görə həmişəlik hörmət qazanaraq getdi Luis Hilario. “Panatinakos”un qapısına Afinada vurduğu 2 qol “Qəbələ”ni tariıx uğura - ilk dəfə olaraq Avroliqada qrupa daşıdı. Gedişindən sonra yerini dolduracaq oyunçu olmadı. Yaxınlarda yenidən “Qəbələ”yə dönmək istədiyini media vasitəsilə bir neçə dəfə dilə gətirmişdi. “Qəbələ”də pulsuz oynamağa belə hazıram” desə də, əvvəlki formaslndan çox uzaq olan Dodoya komanda ehtiyac duymadı.

VİKTOR MENDİ – “Qəbələ” (2011-15)
Fotoları indi də Qəbələ şəhər stadionunda ofisin divarları bəzəyir. Yannik Kamananla əla dueti vardı. İndi də qəbələli fanatlar o hücum tandeminin xiffətini çəkir. Yannik tez getdi. Mendinin adı isə düz 4 il əksər oyunlarda Qəbələ dağlarında əks səda verdi. Mendi 2015-də Qəbələdən ayrılsa da, 116 matçda vurduğu 33 qolla klubun tarixində ən məhsuldar futbolçudur.

DMİTRİ BEZOTOSNI - “QƏBƏLƏ” - (2015-19)
Ukraynalı qapıçı bir qədər adamayovuşmaz, soyuq xarakterli olduğundan azarkeşlərlə münasibəti Dodo və ya Mendi qədər deyildi. Amma oyunu ilə yaxşı qapıçının komandanın yarısı olduğunu sübut edirdi.. “Qəbələ”nin 2 il ardlcıl Avroliqada qrupa düşməsində ən çox rolu olan futbolçulardan biri də məhz Bezotosnu idi. Kimsə razılaşmaya bilər, mənə görə Azərbaycan çempionatları tarixində ən yaxşı legioner qapıçı məhz odessalı Bezotosnudur. 4 il ərzində onun etdiyi səhvlər Şehiçdən də az idi, Stamenkoviçdən də.

Bu bizim versiyaya görə Azərbaycan çempionatının ən çox sevilən, komandaya fayda verən legionerlərinin “Top 10"luğu idi.

Bunlardan başqa, Yakuba Bamba, Asen Nikolov, Draqan Ceran, Jaba, Julius Vobay, Kanales, Şehiç kimi legionerlər də Azərbaycanda azarkeş sevgisi qazanaraq gedib.

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı