Keyfiyyətli məhsulunu təqdim edə bilməyən PFL

8 Dekabr 2022 19:20 Premyerliqa 378
Keyfiyyətli məhsulunu təqdim edə bilməyən PFL

İspaniya La Liqasının nüfuzu son illərdə xeyli aşağı düşüb.

Dağa-daşa düşməyə, mübahisə etməyə ehtiyac yoxdur, əgər “Barselona” və “Atletiko” kimi komandalar Çempionlar Liqasının qrup mərhələsini adlaya bilmirlərsə.

Amma İspaniya La Liqasının prezidenti Xavyer Tebas bu reallığı qəbul etmək istəmir.

O, az qala hər gün Avropanın ayrı-ayrı mətbuat orqanlarına açıqlama verir, İspaniya çempionatının səviyyəsini göyə qaldırır, “Mançester Siti”, PSJ kimi klubların maliyyələşməsini tənqid edir.

Tebası başa düşmək çətin deyil. Adam məhsulunun keyfiyyətinin aşağı düşdüyünü bilir, amma bununla barışmır. Və onu da bilir ki, “Mançester Siti”, PSJ kimi – “klub-dövlətlər”lə mübarizə aparmaq iqtidarında deyil. Elə ona görə də gücü onları tənqidə çatır. Bununla da, sponsorlara mesaj verir, o məhsulun ziyanlı tərəfləri haqda. Həm də öz məhsuluna – La Liqaya maraq artırmaq istəyir.

Bizim xaricə çıxarılacaq məhsulumuz yoxdur. Azərbaycan çempionatını Biləcəridən o tərəfdə “məhsul” kimi qəbul edən yoxdur. Heç bu tərəfdə də yoxdur. Olsaydı, PFL uzun illər çempionata sponsor tapmaq üçün iynə ilə yer qazmazdı.

Amma indi fürsət yaranıb. Ən azı daxili bazarda alıcı tapmaq olar. “Qarabağ”ın avrokuboklardakı uğuru Azərbaycan çempionatına daxildə diqqəti artırıb. “Sabah”ın yüksək səviyyəli oyunu da bunun üstünə əlavə maraq gətirib. Və bu iki komandanın qarşılaşması daxili bazarda brendə çevrilib.

Bəs Peşəkar Futbol Liqası bu brendin imkanlarından necə yararlanır? Axı bu brend həm də onun öz məhsuludur. Bu məhsulu təmtəraqla təqdim etmək lazımdır ki, sanballı “alıcılar” – sponsorlar da tapılsın.

Azarkeşlər bu brendin dəyərini bilirdilər. Ona görə də Masazırda keçirilən oyuna böyük maraq göstərdilər. Ancaq azarkeşlərin marağına “seyid cəddi” kimi yanaşıb arxayın olmağa gərək yox idi. PFL bu qarşılaşmadan bir həftə əvvəl bütün telekanallarda oyunla bağlı tok-şoular təşkil etməli, müzakirələr reallaşdırmalı idi. Və qarşılaşmadan da, heç olmasa 3 gün sonra nəticənin müzakirə mövzusu olması vacib idi. Başa düşürəm, bunun üçün vəsait lazımdır. Amma sən məhsulunu təqdim edib, alıcı axtarırsansa, onun reklamını mükəmməl şəkildə qurmalısan. İdman saytlarında bu oyunla bağlı analitik yazılar, açıqlamalar yer almalı, hətta sosial şəbəkədə böyük iş görülməli idi. İctimai rəyə təsiri olan jurnalistləri bu işə cəlb etmək olardı.

Əminliklə deyirəm, “Sabah”- “Qarabağ” qarşılaşmasındakı oyun keyfiyyəti “Fənərbaxça” – “Qalatasaray” derbisindən yüksək idi. Amma təqdimatları da tam fərqli. “Sabah”-“Qarabağ” “məhsulu”, demək olar ki, təqdim olunmadı. Belə olacaqsa, PFL məhsulunu sata bilməyəcək. Özü də keyfiyyətli məhsulunu. Keyfiyyətli məhsulun satılmaması isə ürək ağrıdır. Hələ gec deyil, qarşıda yenə də belə məhsuldan olacaq (aut.az).

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti