Cənablar “okey” düyməsini basmalıdır – Bu şəhərin Premyer Liqaya qayıtması üçün

7 Dekabr 2022 22:20 Premyerliqa 706
Cənablar “okey” düyməsini basmalıdır – Bu şəhərin Premyer Liqaya qayıtması üçün

Növbəti mövsümdə Premyer Liqada 12 komandanın mübarizə aparacağı böyük ölçüdə dəqiqləşib.

Hər halda AFFA-dan verilən siqnallar və bəzi bölgələrdəki hərəkətlilik bu cür düşünməyə əsas verir.

Əsas namizədlərdən birincisi Naxçıvandır. Böyük futbolun Şirvanla Mingəçevirə qayıdacağı haqda da xəbərlər dolaşır.

Bu yerdə pauza vermək, düşünmək və hərəkət istiqamətini dəyişmək olduqca vacibdir. Uzağa getmədən Şamaxı ilə Qəbələyə boylanmaq kifayət edir.

Adları çəkilən bölgələrin komandaları elitada mübarizə aparır. Lakin nə Şamaxıda, nə də Qəbələdə futbola xüsusi sevgi var.

Ev oyunlarındakı görürük. Yerli camaat stadiona gəlib komandanı dəstəkləməkdə həvəsli deyil. 100-200 nəfərlik futbol “xəstələr”idir ki, isti-soyuq, yay-qış bilmədən tribunalardakı yerini tuturlar.

Qalan qisim rəqiblərin adına görə və tanınmış futbolçuları yaxından görmək üçün stadionun yolunu tutur.

Məsələn, “Qarabağ” Şamaxıya, yaxud Qəbələyə səfər edəndə tribunalar oyunun startına yarım saat qalmış dolur. Amma “Sumqayıt”, yaxud “Səbail” gedəndə, maraq göstərən olmur.

Bu, yerli camaatın yerli komandaya sevgi bəsləməməsinin əyani sübutudur. Ümumiyyətlə, klub-komanda yaradanda doğru ünvan vacib şərtdir.

Bu gün böyük futbolu haqq edən şəhərlərdən birincisi Lənkəran, ikincisi Zaqataladır. Hansısa Lənkəran təmsilçisinin yaxın gələcəkdə Premyer Liqada iştirakı inandırıcı görünmür.

İşin içində dolaşan siyasi çalarlar və bilmədiyimiz digər məqamlar lənkəranl camiəsini böyük futbola həsrət qoyub. Vəziyyət düzəlsə bəlkə...

Zaqatalada futbolçular var. Stadion və baza da həmçinin. Di gəl, komanda Birinci Divizionda mübarizə aparır. Lap dəqiq desək, gün keçirir.

Ölkənin şimal qərbində futbola nə cür sevgi olduğunu futbol ictimaiyyəti yaxın keçmişdə “Simurq”un timsalında görüb. Şəhərdəki Olimpiya Kompleksinin stadionu qonaq komandalar üçün cəhənnəmə çevrilirdi. Zaqataladan xalla qayıtmaq bayram hesab olunurdu.

Bir tərəfdən “Daşqın”ın əsasını qoyduğu futbol sevgisi, digər tərəfdən Qurban Qurbanov və Mahir Emreli kimi tanınmışların sözügedən bölgəni təmsil etməsi insanlarda ölkə futboluna ciddi maraq və həvəs yaradıb.

Son 10-15 ildə Zaqataladan çıxan futbolçuların adlarına da nəzər sala bilərik.

İlkin Qırtımov, Murad Musayev, Vüqar Mustafayev, Aydın Bayramov, Emil Səfərrov, Ramil Əhmədov... “Araz Naxçıvan”la “Qəbələ-2”dəkiləri də nəzərə alsaq, sayları 10-dan çoxdur ki, az deyil.

Yəni bu futbolçuları bir yerə yığıb əlavə 4-5 legioner də cəlb etməklə Premyer Liqa üçün kifayət qədər samballı komanda yaratmaq olar. Yetər ki, cənablar “okey” düyməsinə bərk bassın.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"