Samir Abasov niyə "Sumqayıt"ı "quyu"nun dibindən çıxara bilmir?

4 Dekabr 2022 11:40 Premyerliqa 843
Samir Abasov niyə "Sumqayıt"ı "quyu"nun dibindən çıxara bilmir?

Azərbaycan Premyer Liqasında 16-cı tur öz axarı ilə davam edir.

Bu gün daha iki qarşılaşma baş tutacaq. Günün birinci oyunu Gəncədə start götürəcək.

Yerli komanda “Sumqayıt”ı qəbul edəcək. “Kəpəz” Tərlan Əhmədovun gəlişindən sonra bir xeyli müsbət istiqamətə dəyişə bilib.

Komandanın aktivində olan 10 xal da məhz onun gəlişindən sonra əldə edilib. Amma qərb təmsilçisini turnir cədvəlinin zirzəmisindən çıxarmaq hələ də mümkün olmayıb.

Belə ki, komanda sıralamada yalnız “Sumqayıt”ı qabaqlayaraq 9-cu pillədə qərarlaşıb. Amma 7-ci pilləyə kimi yüksəlmək an məsələsidir. Çünki aradakı iki rəqibdən “Səbail”lə xallar eynidirsə, “Şamaxı” cəmi iki xallıq uzaqlıqdadır.

Əslində təqvim Gəncə təmsilçisi üçün son turlar çox münasibdir. Bir qədər cəsarətli ola bilsəydilər indi xal xanası daha zəngin ola bilərdi.

Ötən tur Şamaxıda qələbəni əldən verən (1:1) Əhmədovun yetirmələri ondan əvvəlki turda da doğma meydanda əzəli rəqib “Turan Tovuz”la bərabərliyə (0:0) razılaşmalı olmuşdu.

Bu gün ötən turdakı səhvləri etməmək üçün sonuncu pillədəki “Sumqayıt” doğma divarlar arasında məğlub edilməlidir.

Qış fasiləsi ərəfəsində “kimyaçılar”a məğlubiyyət sonuncu pillə üçün işıq yandırmış olacaq. Sonrakı turlar isə komandanı daha iddialı rəqiblərlə duellərin gözləməsi təhlükənin miqyasını daha da böyütmüş olur.

Qonaqların vəziyyəti isə daha acınacaqlıdır. Samir Abasovun gəlişi də ciddi mənada nələrisə dəyişməyib.

Düzdür, artıq qol vurmaq problemi arxada qalıb, indi də rahat buraxılan qollar yeni dərd olub.

“Neftçi”, “Qəbələ” kimi güclü rəqiblərlə oyunda ümid verən Abasovun yetirmələri, nədənsə “Turan Tovuz”, “Şamaxı” kimi “dişə batan” rəqiblər önündə çarəsiz qalır. Səfər görüşləri ilə bağlı mənzərə isə daha acınacaqlıdır.

Təsəvvür edin, “Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə 3-cü turda “Zirə” səfərindən xalla qayıdıb – 0:0.

Bu gün əldə ediləcək 3 xal bu kimi tilsimlərin qırılması demək olacaq. Ən əsası isə turnir cədvəlində əsas rəqiblərin daha da uzaqlaşmasına mane olacaq. Əks halda, Abasova heç qışdan sonra yığacağı öz komandası ilə də bu işin altından çıxmaq real görünmür..

Göründüyü kimi, məğlubiyyət tərəflərin planlarına daxil ola bilməz, bərabərlik isə arzulanan deyil. Qələbə üçün isə 90 dəqiqə döyüşmək şərt olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!